"Bir Ürək – Min Ümid" adlı xeyriyyə tədbiri keçirilib
Yarmarkadan əldə edilən gəlir YAŞAT Fonduna ianə olunub.
Kaspi Ağ Şəhər liseyinin İbtidai korpusunda “Bir Ürək – Min Ümid” adlı xeyriyyə tədbiri təşkil olunub. 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış mərasimində Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva çıxış edərək Zəfər Gününün Azərbaycan xalqının tarixindəki mühüm rilundan, milli birlik və həmrəyliyin əhəmiyyətindən bəhs edib.

Daha sonra liseyin rəhbəri Həsən Həsənov çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Direktor bu kimi xeyriyyə təşəbbüslərinin şagirdlərdə sosial məsuliyyət, mərhəmət, paylaşmaq və həmrəylik kimi dəyərlərin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

Tədbirin əsas hissəsini təşkil edən “Bir Ürək - Min Ümid” adlı xeyriyyə yarmarkasında şagirdlərin və valideynlərin hazırladığı əl işləri, hədiyyələr, məktəb ləvazimatları və müxtəlif şirniyyatlar satışa çıxarılıb. Yarmarka lisey icmasının birgə təşəbbüsü və fəal iştirakı ilə həyata keçirilib.

Tədbirin xüsusi əhəmiyyətini artıran məqamlardan biri yarmarkadan əldə ediləcək gəlirin YAŞAT Fonduna ianə olunmasıdır. Bu təşəbbüs vasitəsilə şagirdlər şəhid ailələrinə və şəhid övladlarına dəstəklərini ifadə edərək Zəfər Gününün mənəvi dəyərlərini xeyirxah əməllərlə yaşadıqlarını nümayiş etdiriblər.

Tədbirdə YAŞAT Fondunun nümayəndəsi Aqşin Balahəsənli də iştirak edib və çıxışında təşəbbüsün sosial əhəmiyyətini qeyd edib.

“Bir Ürək - Min Ümid” xeyriyyə tədbiri Zəfər Gününün yaratdığı qürur və birlik ruhunu xeyirxahlıq ideyası ilə birləşdirərək şagirdlərə paylaşmağın, yardımlaşmanın və sosial məsuliyyətin vacibliyini aşılayan əlamətdar təşəbbüs kimi yadda qalıb.




.jpg)

Tədbir şagirdlərin təqdimatında milli musiqi və rəqs nömrələri ilə davam edib. Milli rəqslər və “Xarıbülbül” xor kollektivinin ifası iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Kaspiliseyi.az