Üçrəngli bayrağımız - qürurumuz və müstəqilliyimizin rəmzi
Prezident İlham Əliyevin bayrağımız haqqında söylədiyi “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir” fikirləri hər bir azərbaycanlının duyğularını ifadə edir.
Dövlət bayrağı hər bir xalqın tarixini, milli dəyərlərini və azadlıq uğrunda apardığı mübarizəni özündə əks etdirən müqəddəs rəmzdir. Azərbaycan bayrağı da xalqımızın müstəqilliyinin, milli birliyinin və dövlətçilik ənənələrinin təcəssümüdür. Üçrəngli bayrağımıza baxdıqda hər birimizin qəlbində Vətən sevgisi, qürur və fərəh hissi yaranır. Bu bayraq xalqımızın keçmişini, bu gününü və gələcəyə olan ümidlərini birləşdirir.

Azərbaycanın üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən qəbul edilib. Mavi, qırmızı və yaşıl rənglərdən, aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq müstəqil Azərbaycan dövlətinin rəmzinə çevrilib. Lakin 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi ilə bayrağımız dövlət səviyyəsində dalğalanmaq hüququnu itirib. Buna baxmayaraq, xalqımızın azadlıq arzusu və müstəqillik ideyası heç vaxt sönməyib.
Uzun illərdən sonra üçrəngli bayrağımız yenidən yüksəklərə qaldırıldı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayraq dövlət bayrağı kimi qəbul edildi. Bu hadisə Azərbaycanın müstəqilliyə doğru atdığı mühüm addımlardan biri oldu. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiq etdi. Beləliklə, xalqımızın azadlıq və istiqlal arzusu yenidən öz rəmzinə qovuşdu.
Bayrağımızın tarixində mühüm hadisələrdən biri də 9 noyabrın Dövlət Bayrağı Günü kimi qeyd edilməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla bu əlamətdar gün təsis edildi. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılışı keçirildi. Bu möhtəşəm məkan dövlətimizin gücünü, xalqımızın bayrağına olan sevgisini və milli qürurunu ifadə edən rəmzlərdən birinə çevrildi.
Azərbaycan bayrağı ölkəmizin beynəlxalq aləmdə tanınmasının və müstəqil dövlət kimi təmsil olunmasının da göstəricisidir. Bayrağımız beynəlxalq təşkilatların qarşısında, xarici ölkələrdəki səfirliklərimizdə və müxtəlif beynəlxalq tədbirlərdə dalğalanaraq Azərbaycanın adını və nüfuzunu təmsil edir. Onun hər dəfə yüksəklərə qaldırılması xalqımız üçün böyük sevinc və qürur mənbəyidir.
2020-ci ildə baş verən Vətən müharibəsi üçrəngli bayrağımızın tarixində xüsusi yer tutur. Sentyabrın 27-də başlayan döyüşlər zamanı Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə apardı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbələr xalqımızın birliyini, ordumuzun gücünü və Vətənə bağlılığını bütün dünyaya nümayiş etdirdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Suqovuşan, Hadrut və digər ərazilərdə bayrağımızın dalğalanması hər bir azərbaycanlının qəlbində unudulmaz hisslər yaratdı.
2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi isə xalqımızın tarixində ən qürurlu hadisələrdən biri oldu. Qarabağın incisi sayılan Şuşada Azərbaycan bayrağının ucaldılması böyük tarixi və mənəvi əhəmiyyət daşıyırdı. Xudafərin körpüsü üzərində üçrəngli bayrağımızın dalğalanması da xalqımızın tarixi köklərinə, milli birliyinə və əzminə işarə idi. Bu hadisələr bir daha sübut etdi ki, Vətən sevgisi, birlik və qətiyyət qarşıya qoyulan ən çətin məqsədlərə belə çatmağa imkan verir.
Prezident İlham Əliyevin bayrağımız haqqında söylədiyi “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir” fikirləri hər bir azərbaycanlının duyğularını ifadə edir. Həqiqətən də, bayraq sadəcə parça deyil. O, şəhidlərimizin qanı ilə yazılmış qəhrəmanlıq tarixinin, xalqımızın azadlıq iradəsinin və müstəqilliyimizin rəmzidir. Bayrağımıza göstərilən hörmət, əslində, Vətənimizə, dövlətimizə və milli dəyərlərimizə göstərilən hörmətdir.
Kaspi Təhsil Şirkəti xalqımızı Dövlət bayraöı Günü münasibətiilə təbrik edir.
Üçrəngli bayrağımız daim sülhün, inkişafın, azadlığın və qələbənin rəmzi olaraq göylərdə dalğalansın!
Kaspi.edu.az