SASMO qaliblərinin mükafatlandırılması keçirilib
Yüksək nəticə göstərərək qalib olan şagirdlər nailiyyətlərinə görə təltif olunublar.
Kaspi Ağ Şəhər liseyində SASMO (Singapore & Asian Schools Math Olympiad) beynəlxalq riyaziyyat olimpiadasında iştirak edən və yüksək nəticələr əldə edən şagirdlərin mükafatlandırılmasına həsr olunmuş görüş keçirilib.
Görüş zamanı SASMO olimpiadasında iştirak edən şagirdlərin əldə etdikləri nəticələr diqqətə çatdırılıb. Yüksək nəticə göstərərək qalib olan şagirdlər nailiyyətlərinə görə təltif olunublar.

Tədbirdə bildirilib ki, beynəlxalq səviyyəli intellektual yarışlarda iştirak şagirdlərin riyazi təfəkkürünün və analitik düşünmə bacarıqlarının inkişafında mühüm rol oynayır. Belə yarışlar, həmçinin şagirdlərin problem həll etmə bacarıqlarını təkmilləşdirməsinə, bilik və bacarıqlarını real rəqabət mühitində sınamasına və akademik potensiallarını nümayiş etdirməsinə imkan yaradır.

Qeyd olunub ki, olimpiadalarda iştirak şagirdlərin yalnız fənn üzrə biliklərinin yoxlanılması baxımından deyil, onların qarşıya qoyulan məsələlərə fərqli yanaşma, məntiqi düşünmə və düzgün qərar qəbul etmə bacarıqlarının formalaşdırılması baxımından da əhəmiyyətlidir.
Kaspi Ağ Şəhər liseyində şagirdlərin yerli və beynəlxalq olimpiadalarda iştirakının dəstəkləndiyi, onların bilik və bacarıqlarını müxtəlif müsabiqələrdə sınamalarına şərait yaradıldığı bildirilib. Bu istiqamətdə keçirilən tədbirlərin şagirdlərin akademik inkişafına və gələcək nailiyyətlərinə töhfə verdiyi vurğulanıb.

Sonda SASMO olimpiadasının qalibləri əldə etdikləri yüksək nəticələrə görə təbrik olunub və onlara qarşıdakı akademik fəaliyyətlərində yeni uğurlar arzulanıb.
Kaspi.edu.az