XƏBƏRLƏR

Liseyin şagirdləri Data Science və süni intellekt sahələri ilə tanış olublar

Şagirdlərə rəqəmsal texnologiyaların yalnız texniki istiqamət olmadığı, eyni zamanda təhsil, elm, biznes və digər peşə sahələrinin inkişafında mühüm rol oynadığı izah edilib.

Kaspi Ağ Şəhər liseyi ilə Data Science Academy arasında imzalanmış əməkdaşlıq memorandumunun davamı olaraq liseyin şagirdləri ilə görüş keçirilib.

Görüşün əsas məqsədi şagirdlərin müasir rəqəmsal dünyanın sürətlə inkişaf edən istiqamətləri barədə məlumatlılığını artırmaq, onları Data Science, data analitikası, süni intellekt (AI), maşın öyrənməsi və digər innovativ texnologiyalarla tanış etmək olub.

Görüş zamanı məlumatların emalı və təhlilinin, süni intellekt əsaslı texnologiyaların və maşın öyrənməsi alqoritmlərinin müxtəlif sahələrdə tətbiq imkanlarından bəhs edilib. Şagirdlərə rəqəmsal texnologiyaların yalnız texniki istiqamət olmadığı, eyni zamanda təhsil, elm, biznes və digər peşə sahələrinin inkişafında mühüm rol oynadığı izah edilib.

Əməkdaşlığın əsas istiqamətlərindən biri Kaspi Ağ Şəhər liseyinin şagird və müəllimlərinin müasir texnologiyalarla bağlı bilik və praktiki bacarıqlarının inkişaf etdirilməsi, rəqəmsal düşünmə və analitik yanaşma qabiliyyətlərinin gücləndirilməsi, eləcə də innovativ təhsil mühitinin formalaşdırılmasıdır. Bu çərçivədə gələcək mərhələlərdə müxtəlif təlimlərin, seminarların, praktiki məşğələlərin və layihələrin keçirilməsi, həmçinin real məlumatlar üzərində işləmək imkanlarının yaradılması nəzərdə tutulur.

Görüşün interaktiv hissəsində şagirdlər onları maraqlandıran sualları ünvanlayıb, Data Science və süni intellekt sahəsində gələcək təhsil və karyera imkanları, bu istiqamətlər üzrə inkişaf üçün zəruri bacarıqlar və müasir texnologiyaların tətbiq sahələri barədə ətraflı məlumat əldə ediblər. Müzakirələr şagirdlərin mövzuya marağının artmasına və rəqəmsal texnologiyalarla bağlı öyrənmə motivasiyasının gücləndirilməsinə şərait yaradıb.

Kaspi Ağ Şəhər Liseyi və Data Science Academy arasında qurulan əməkdaşlıq şagirdlərin müasir texnoloji trendləri yaxından izləməsinə, nəzəri bilikləri praktiki fəaliyyətlə əlaqələndirməsinə və gələcəkdə əmək bazarında tələb olunan bacarıqları formalaşdırmasına geniş imkanlar yaradır.

Kaspi.edu.az 

 

02.10.2026