Ana dilimizi sevək və qoruyaq!
Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib.
Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın milli-mənəvi dəyərlərinin, milli kimliyinin və dövlətçilik ənənələrinin əsas sütunlarından biri olan ana dilimizin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Kaspi.edu.az xəbər verir ki, bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Azərbaycan dilinin qorunmasında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub. Hələ 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib.
Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Dahi rəhbərin dil siyasəti onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. Ulu Öndər həmişə böyük fəxrlə “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”- deyirdi.
Ana dilimizi qorumaq üçün mühüm addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Prezident İlham Əliyevin ayrı-ayrı dövrlərdə Azərbaycan dili ilə bağlı verdiyi sərəncamlar Azərbaycan dilinin dövlət dili kimi formalaşması və inkişafına xüsusi təkan verib.
dilimiz təkcə ünsiyyət vasitəsi deyil, həm də milli kimliyimizin, tariximizin, dövlətçiliyimizin və mənəvi birliyimizin rəmzidir. Müqəddəs Ana dilimizi sevmək, onu qorumaq və zənginləşdirmək hər bir azərbaycanlının müqəddəs vətəndaşlıq borcudur.
Kaspi Təhsil Şirkətinin müəssisələrində dilimizin tədrisi ilə yanaşı Ana dilimizin qorunması, inkişafı istiqamətində mütəmadi tədbirlər keçirilir, şagirdlərə dilimizə böyük sevgi və hörmət aşılanır.
Kaspi.edu.az