XƏBƏRLƏR

Qarabağ Universitetinə səfər

Bu universitet Azərbaycanın gələcəyə baxışının, dövlət iradəsinin və milli inkişaf düşüncəsinin canlı təzahürüdür.

24 aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə yaradılmış “T-NETWORK”ün - təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə  ölkənin 60-dan çox təhsil işçisi, təhsil idarəçisi, müəllim və ictimaiyyət nümayəndəsi
Qarabağ Universitetinə səfər edib.

Kaspi.edu.az xəbər verir ki, Kaspi Təhsil Şirkətinin nümayəndələri də qonaqlar arasında olub. 
Kaspi Abituriyent Məktəbinin rəhbəri Rəsul Ağayev səfər təəssüratlarını bölüşür:

Burada gələcək qurulur

-Bu səfər günü mənim üçün həm peşəkar, həm vətəndaş, həm də mənəvi baxımdan dərin iz buraxan xüsusi bir gün oldu. Səfər çərçivəsində ölkənin 60-dan çox təhsil işçisi, təhsil idarəçisi, müəllim və ictimaiyyət nümayəndəsi ilə birlikdə Qarabağ Universitetinin fəaliyyəti, inkişaf istiqamətləri, akademik mühiti və tələbə həyatı ilə yaxından tanış olmaq imkanı qazandıq.

Qarabağ Universitetinin rektoru, dəyərli müəllim Şahin Bayramov universiteti bizə addım-addım tanıtdı. “Biznes və İqtisadiyyat” fakültəsinin akt zalında keçirilən rəsmi görüşdə universitetin rəhbərliyi və fakültə dekanları tərəfindən ali məktəbin formalaşma prosesi, mövcud fakültələr, tələbə və müəllim heyəti, görülən işlər, əldə olunan nəticələr və qarşıdakı hədəflərlə bağlı əhatəli təqdimat verildi, səsləndirilən suallar açıq və səmimi şəkildə cavablandırıldı.
Daha sonra universitetin "Tibb və Sağlamlıq Elmləri" fakültəsində və universitet klinikasında olduq. Burada qurulan infrastruktur, yaradılan imkanlar, tədris və praktiki hazırlıq mühiti Qarabağda ali təhsilin yalnız bərpası deyil, eyni zamanda yeni keyfiyyət mərhələsinə keçidi barədə çox güclü təsəvvür formalaşdırdı.

Səfər zamanı universitetin tələbə yataqxanasına da baş çəkdik. Tələbələr üçün yaradılmış şərait, nizam-intizam, yaşayış mühiti və ümumi təşkilati yanaşma bir daha göstərdi ki, burada gələcək qurulur, tələbə həyatı formalaşdırılır, yeni akademik mədəniyyət yetişir.
Qarabağ Universitetində qarşılaşdığım mənzərə mənə bir həqiqəti daha aydın göstərdi: Qarabağın gələcəyi burada yetişən tələbələrlə, burada çalışan müəllimlərlə, burada formalaşan akademik mühitlə, burada qurulan düşüncə və dəyərlərlə, burada inkişaf edən elm, peşəkarlıq, vətəndaşlıq şüuru və məsuliyyət mədəniyyəti ilə müəyyən olunacaq. Çünki dayanıqlı inkişafın əsasında güclü insan kapitalı, sağlam intellektual mühit və strateji düşüncə dayanır.

Qarabağ Universitetində gördüklərim mənə bir daha xatırlatdı ki, torpağı azad etmək olduqca böyük qəhrəmanlıqdır, azad torpaqda elm, təhsil, mədəniyyət və gələcək qurmaq isə böyük tarixi məsuliyyətdir. Qarabağ Universiteti bu mənada azad torpaqda yüksələn elm iradəsidir. Bu universitet Zəfərin təhsil dilində davamıdır. Bu universitet Azərbaycanın gələcəyə baxışının, dövlət iradəsinin və milli inkişaf düşüncəsinin canlı təzahürüdür.
Kaspi Təhsil Şirkətinin nümayəndəsi olaraq mən inanıram ki, hər bir təhsil müəssisəsi, hər bir məktəb, hər bir müəllim və hər bir təhsil təşkilatı bu böyük milli quruculuq prosesində öz payını verməlidir. Bizim işimiz düşünən, sual verən, araşdıran, məsuliyyət daşıyan, vətənini sevən və gələcəyin çağırışlarına hazır olan gənclər yetişdirməkdir. Şəhidlərimiz bizə azad torpaq əmanət etdilər. Qazilərimiz bu torpağın azadlığı üçün canlarını ortaya qoydular. Bizim borcumuz isə bu əmanəti güclü təhsillə, savadlı gəncliklə, məsuliyyətli vətəndaşlıqla və davamlı inkişafla qorumaqdır.

“T-NETWORK”-ə bu dəyərli təşəbbüs və yüksək səviyyəli təşkilatçılıq üçün təşəkkür edirəm! 
Qarabağ Universitetinin rəhbərliyinə, xüsusilə də rektor Şahin Bayramova və bütün əməkdaşlarına səmimi qəbul, açıq təqdimat və dəyərli paylaşım üçün minnətdarlığımı bildirirəm! 
İşlərində və fəaliyyətlərində davamlı uğurlar arzulayıram!

Bu gün bir daha əmin oldum: “Zəfər tarix yazdı. Təhsil isə Qarabağın gələcəyini yazır.”

27.04.2026