Xeyirxah əməllər bayramı
Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır
20 Mart -mübarək Ramazan bayramıdır. Bu il bayramın Novruz bayramı ilə eyni gündə qeyd edilməsi xalqımız tərəfindən ikiqat sevinclə qarşılanır.
Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir, əxlaqi saflığın, xeyirxah əməllərin təntənəsini nümayiş etdirir.
Dövlətimizin başçısı İlham Əliyev hər il mübarək Ramazan ayı ilə bağlı Azərbaycan xalqına təbrik ünvanlayır. Prezident bildirir ki, ölkəmizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən Ramazan ayında dövlətimizin rifahı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad olunur: “İnanıram ki, insanların qəlbini və ruhunu ilahi hikmətlərlə nurlandıran mübarək Ramazan günlərində dua və diləkləriniz, saf niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir”- deyə dövlətimizin başçısı qeyd edir.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü yolunda canından keçmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsini bu müqəddəs bayram günündə ehtiramla yad edirik!
Kaspi Təhsil Şirkəti mübarək Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir, mərhəmət və şəfqət rəmzi olan bu bayramda tutulan orucların, edilən dua və niyyətlərin qəbul olunmasını diləyir!
Ramazan bayramınız mübarək!
Kaspi.edu.az