XƏBƏRLƏR

Xocalı soyqırımı – qan yaddaşımız

Azərbaycan xalqı və dövlətimiz Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Xocalıda baş vermiş soyqırım 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biridir. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.

Kaspi.edu.az xəbər verir ki, 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayıb. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də burada məskunlaşıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum edib. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunub, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılıb, az bir vaxt ərzində şəhərdə yanğın baş verib, şəhər tamamilə alova bürünüb. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olublar.

Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilib. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan olunub. Soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşüb, girov götürülüb. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv olub…

Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil.

Ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman verib. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib.

25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Ulu Öndər Heydər Əliyev tərəfindən Fərman verilib. Azərbaycan parlamenti 2017-ci il fevralın 24-də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral tarixli qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsini bir daha təsdiq edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir. 2017-ci ildə Xocalı soyqırımının 25-ci ildönümü də Bakıda növbəti ümumxalq yürüşü ilə yad edilib. Yürüşdə “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı - XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!” və s. çağırışlar və şüarlar nümayiş etdirilib.

Azərbaycan xalqı və dövlətimiz Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

Kaspi Təhsil Şirkətinin müəssisələrində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir, tariximizi daha yaxşı bilməkdən ötrü şagirdlərə faciə haqqında ətraflı məlumat verilir.

Kaspi.edu.az 

 

26.02.2026