Milli birlik və vətənpərvərliyin simvolu
20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.
Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.
.jpg)
Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa qarşı zidd aksiya adlandırıb. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə Ulu Öndərin bu cür bəyanatla çıxış etməsi bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlər atırlar.
Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır.
Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərinin xatirəsini daim uca tutur. Ulu Öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərimizin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur.
20 Yanvar şəhidlərin ailələrinə qayğı daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm işlər görüb.
Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri aparılıb. Bundan başqa, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksi inşa olunub.
Ölkəmizin bütün təhsil müəssisələrində, o cümlədən Kaspi Təhsil müəssisələrində 20 Yanvara həsr olunan dərslər və xatirə tədbirləri keçirilir.
Allah bütün şhidlərimizə rəhmət eləsin!
Kaspiedu.az