Kaspi Liseyi Bilik Günü bayramını qeyd edib
Tədbirdə liseyin şagird və valideynləri, məktəbin müəllimləri, ictimaiyyət nümayəndələri, həmçinin Kaspi Təhsil Şirkətinin rəhbərliyi iştirak edib.
Sentyabrın 15-i ölkəmizdə “Bilik günü” kimi qeyd olunur. 2004-cü il avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə fərman imzalayıb. “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” fərmana əsasən 15 sentyabr “Bilik günü” elan edilir.
Kaspi Ağ Şəhər liseyində Bilik Günü münasibətilə keçirilən tədbirdə liseyin şagird və valideynləri, məktəbin müəllimləri, ictimaiyyət nümayəndələri, həmçinin Kaspi Təhsil Şirkətinin rəhbərliyi iştirak edib.
Öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın Dövlət Himni səslənib.
Keçən tədris ilinin yüksək nəticələri
Liseyin direktoru Həsən Həsənov şagird və valideynləri təbrik edərək “Kaspi liseyində əslində hər il Bilik Bayramı kimi qeyd olunur”- deyə bildirib: “Keçən tədris ilinin nailiyyətləri ilə yeni tədris ilini başlamaq biz tədris işçiləri üçün çox xoşdur. Hər il olduğu kimi 11-ci sinif şagirdlərimiz 100 faiz nəticə göstərərək dünyanın müxtəlif ölkələrinin ali məktəblərinə daxil olublar. Keçən tədris ilində Lisey şagirdləri ənənəsini qoruyaraq müxtəlif yerli və beynəlxalq bilik yarışlarında medal və sertifikatlar əldə etdilər. Şagirdlərimiz 69-a yaxın medal və sertifikat qazandılar. Bu, məni həm bir müəllim, həm də valideyn olaraq çox sevindirir. Məzunumuz İbrahim İbrahimlinin beynəlxalq və yerli olimpiadalarda, daha sonra Respublika Fənn Olimpiadasında Fizika fənni üzrə “Birincilərin birincisi” seçilməsi bizim üçün böyük qürurdur. İbrahimin dünyanın nüfuzlu “İmperial College London” universitetinə daxil olması bizi çox qürurlandırır. 1-ci sinifdən 11-ci sinifədək bütün şagirdlərimizin nailiyyətləri bizi sevindirir. Əminəm ki, gələn tədris ili başlayanda da yeni nailiyyətləri sizinlə bölüşəcəyik”.
Millətin gələcəyini inkişaf etdirən bir nəsil
Kaspi Təhsil Şirkətinin İdarə heyətinin sədri Sona Vəliyeva Bilik Günü münasibətilə şagird və valideynləri, həmçinin məktəbin kollektivini təbrik etdi: “Bu tədris ili üçün açdığımız 3 liseylə birlikdə artıq 7 liseydə fəaliyyət göstəririk. Ağ Şəhər liseyi bizim həm müəllim kollektivinin böyüklüyü, həm də şagird sayına görə ən böyük liseyimizdir. Təhsil işi bütün dövlətlər üçün prioritetdir. Ulu Öndər deyirdi ki, təhsili gözəl olan xalqın dövlətinin gələcəyinə nail olmaq olar. Biz bu gün millətin gələcəyini inkişaf etdirən bir nəsil yetişdirdiyimiz üçün qürur duyuruq”. Təsisçi qeyd edib ki, məktəb təkcə təhsil vermir: “Hər bir cəmiyyətin, hər bir dövlətin arzuladığı vətəndaşı yetişdirir. Kaspi liseylərinin təlim-tərbiyəsinin arxasında azərbaycançılıq durur. Şagirdlərimiz vətəninə, xalqına gərəkli övlad kimi böyüyür, ailə dəyərlərini qorumağı bacarırlar. Biz dünya təhsilinin mütərəqqi metodlarını təhsilə gətiririksə, təlim-tərbiyədə milli olmağa çalışırıq. Bu keyfiyyətləri özündə ehtiva edən gənclik dünyanın ən aparıcı dövlətlərinin gəncləri ilə rəqabət etməyə qadirdir. Hamınızı yeni tədris ili münasibəti ilə təbrik edirəm!”
Tədbirdən sonra zəng səsi bütün şagirdləri sinif otaqlarına səsləyib.
Bilik bayramınız mübarək, əziz şagirdlər və təhsil işçiləri!
Kaspi.edu.az