2025-2026-cı tədris ilinə start verildi
Sentyabrın 15-də təqribən 2,2 milyon təhsilalan təhsilin müxtəlif pillələri üzrə yeni tədris ilinə başlayır.
Kaspi.edu.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 2025-2026-cı tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1,6 milyon şagirdin təhsil alacağı gözlənilir. Onlardan 130 mindən çoxu birinci sinif, təqribən 160 mini IX sinif, 117 mini isə XI sinifdə təhsil alacaq.
Yeni tədris ilində məktəbəhazırlıq qruplarında isə 90 minə yaxın uşağın təhsilə cəlb olunacağı gözlənilir.
Bu tədris ilində məktəbəqədər təhsilin 226 min uşağı əhatə edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, 2025-2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin II–XI siniflərində ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunacaq.
Məqsəd şagirdlərdə Azərbaycan Respublikasının Konstitusiyasına, dövlət suverenliyinə və ərazi bütövlüyünə hörmət hissinin gücləndirilməsi, Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda xalqımızın qət etdiyi tarixi yol haqqında şagirdlərin biliklərinin artırılmasıdır. Eyni zamanda, dövlət rəmzlərinə, azərbaycançılıq ideologiyasına və milli-mənəvi dəyərlərə sadiqliyin möhkəmləndirilməsi də əsas məqsədlər sırasındadır.
Kaspi liseyləri də ölkə təhsilinə töhfə verməklə milli, azərbaycançılıq ruhunda, mütərəqqi biliklərə sahib şagirdlər yetişdirməklə fəaliyyətini uğurla davam etdirir.
Hər kəsə yeni tədris ilində uğurlar arzulayırıq!
Kaspi.edu.az