XƏBƏRLƏR

Kaspi Liseyi artıq Sumqayıtda da fəaliyyət göstərir

Özünəinamlı, bacarıqlı, müasir bilik və dəyərlərlə silahlanmış, gələcəyə hazır gənclik yetişdirmək

Bu tədris ilindən etibarən Kaspi Liseyi Sumqayıt şəhərində də fəaliyyətə başlayır. Yeni filialda ilk mərhələdə qəbul yalnız 1-ci siniflər üzrə Azərbaycan və rus bölmələri üzrə aparılacaq.

Kaspi Liseyi Sumqayıt filialının açılış mərasimi Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhunu anmaqla başladı. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Təkamülün nəticəsi

Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva yeni liseyin fəaliyyətə başlaması münasibətilə  şagird və valideynləri təbrik etdi: “Bu ildən etibarən Kaspi Liseyi öz dəaliyyətini Sumqayıt şəhərində də həyata keçirməyə başlayır. Sumqayıt filialı Azərbaycan və rus bölmələri üzrə bu gün ilk birincilərini qarşılamağın sevincini yaşayır. Bu münasibətlə balaca fidanlarımızı, onların dəyərli valideynlərini və bütövlükdə Kaspi ailəsini ürəkdən təbrik edirik!” Təsisçi millətimizin təhsilinə yüksək dəyər verən Ulu Öndərin “Təhsil bir millətin gələcəyidir. Təhsil təkamüllə inkişaf edir” fikirlərini xatırladı: “Biz də bu gün təkamüllə inkişaf edirik. Bu gün liseydə 1-ci sinif fəaliyyətə başlayır. Biz bütün məktəblərimizi belə açmışıq: əvvəlcə 1, daha sonra 4-5 sinif olub. Bu gün 5  birinci siniflə fəaliyyət göstərən məktəblərimiz var. Bu gün bu liseydə bir Azərbaycan, bir rus dilində olan sinfimiz həmin təkamülün nəticəsidir. Biz özgüvənli, bacarıqlı, müasir biliklərə yiyələnən, milli- mənəvi dəyərlərə sahib, ailə dəyərlərini qoruyan, dövlətin arzulayacağı vətəndaş yetişdirməyə çalışırıq. Biz dəyərlərə bağlı bir gənclik yetişdirməliyik. Dövlətimizin başçısı İlham Əliyev gənclərimizin təhsil və təlimlə yanaşı, milli dəyərlərə malik, azərbaycançılıq ruhunda yetişmələrini tövsiyə edir”. S.Vəliyeva bildirdi ki, hazırda liseyin məktəbəqədər hazırlığında şagirdlərin olması onu deməyə əsas verir ki, gələn tədris ilində 1-cilərin sayı daha çox olacaq: “Əziz valideynlər, biz sizinlə çoxlu tədbirlərdə görüşəcəyik. Mən bu körpə fidanlara digər şagirdlərimizin qazandığı uğurların davamçısı olmalarını arzulayıram. İnanıram ki, bu uşaqlar beynəlxalq bilik yarışlarında ölkəmizi layiqincə təmsil edəcək, ölkəyə medallarla dönəcəklər. Bu, həm bir valideyn kimi sizin, həm də bir məktəb kimi bizim qürurumuz olacaq. İnanıram ki, bu uğurun şahidi olacağıq!”

Sumqayıtın təhsilinə töhfə

Kaspi Təhsil Şirkətinin baş icraçı direktoru, Elşən Əliyev “Kaspi Liseyinin əsas missiyası - özünəinamlı, bacarıqlı, müasir bilik və dəyərlərlə silahlanmış, gələcəyə hazır liderlər yetişdirməkdir”-deyə qeyd etdi: “Biz 2025-ci ildə Kaspi İbtidai Məktəbini təsis etdik. Bu, məsuliyyətli işdir. Sumqayıt təhsil şəhəridir. İnanırıq ki, Kaspi məktəbi bu şəhərin təhsilinə öz layiqli töhfəsini verəcək. Kaspi brendi bu şəhərdə daha yaxşı inkişaf edəcək. İnanırıq ki, növbəti görüşlərimizdə bu liseyin nailiyyətlərindən bəhs edəcəyik”.

Kaspi Liseyi Sumqayıt filialının rəhbəri Vasif Əliyev yeni tədris ilindən böyük uğurlar və nailiyyətlər gözlədiklərini bildirdi: “Valideynlərlə birlikdə əl-ələ verib uğurlar qazanacağıq”.

Tədbirdə lentkəsmə mərasimi keçirildi. İlk zəng 1-ciləri sinfə səslədi.

Qeyd edək ki, 10 ildən çoxdur təhsil sahəsində uğurla fəaliyyət göstərən Kaspi Liseyləri hazırda Bakı şəhərində 3 lisey və 4 korpus ilə fəaliyyət göstərir. 2014-cü ildən bu günədək onlarla gəncin gələcəyinə işıq tutan liseydə tədris Azərbaycan, rus və ingilis dillərində, həm milli, həm də beynəlxalq kurikulumlar əsasında təşkil olunur.

Kaspi Təhsil Şirkəti Kaspi Liseyinin Sumqayıt filialının rəsmi açılışı münasibətilə liseyin kollektivini, bütün valideyn və şagirdləri təbrik edir!

Kaspi.edu.az

 

 

12.09.2025