XƏBƏRLƏR

Kaspi Abituriyent Məktəbinin Açılış Günü keçirildi

Ölkəmizin təhsil mühitində yeni bir səhifə

Kaspi Liseyinin yeni layihəsi olan Kaspi Abituriyent Məktəbinin Əhmədli Tədris Korpusu istifadəyə verildi. 1 sentyabrda baş tutan Açılış Günü və ilk dərs günü tədbirində Kaspi Təhsil Şirkətinin rəhbərliyi, müəllimlər, valideynlər, şagirdlər və qonaqlar iştirak edərək, yeni tədris korpusunun imkanları ilə tanış oldular.

Kaspi ailəsinə xoş gəlmisiniz!

Mərasimdə çıxış edən Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva “Kaspi ailəsinə xoş gəlmisiniz!”- deyə qonaqları və şagirdləri  salamladı: “Bu məktəbdə böyük və peşəkar bir müəllim kollektivi çalışır. Bizim fəaliyyətimiz təkcə tədrislə bağlı deyil. Biz ilk növbədə hər bir ailənin arzuladığı övladı, hər bir cəmiyyətin arzuladığı soydaşı, hər bir ölkənin arzuladığı vətəndaşı yetişdirməyə çalışırıq. Ölkə rəhbəri İlham Əliyev məktəblərin açılışında, gənclərlə görüşündə “Bizim yetişən nəsil milli dəyərlərə sahib, vətənpərvər, mənəvi cəhətdən zəngin, öz adət-ənənəsini bilən, ailə dəyərlərinə sahib çıxan gənclər olmalıdır”-deyə  tövsiyələrini verir”. S.Vəliyeva bildirdi ki, bu yeni tipli məktəb şagirdlərimiz qarşısında daha böyük imkanlar açacaq: “Abituriyent hazırlığı həyata keçirən, təmayüllü bir məktəbdə şagirdlərin tədrisi elə həyata keçiriləcək ki, onların öz sağlamlıqları ilə, idmanla məşğul olmağa, emosional zəkalarını artırmağa, sosial bacarıqlarını daha da inkişaf etdirməyə vaxtlarını bölüşdürə biləcəklər. Bu o deməkdir ki, şagirdlərin səhhəti, sağlamlığı bizim üçün daha vacibdir”. S.Vəliyeva tədbirdə iştirak edən valideyn və şagirdlərə səsləndi: “Əziz valideynlər və şagirdlər, inanıram ki, bu məktəb sizin üçün daha önəmli səhifələr açacaq. Əmin olun ki, bizim savadlı, bacarıqlı, müasir çağırışlara hazır olan müəllim kollektivimiz var. Hamınıza uğurlar arzulayıram!”

İlk nümunə

Kaspi Təhsil Şirkətinin baş icraçı direktoru Elşən Əliyev “Biz 2015-ci ildə Kaspi Abituriyent kurslarının timsalında bu məktəbi yaratdıq”- deyə bildirdi: “Bu kurslar 700 bal toplayan abituriyentlər yetişdirib. Bu kursları daha da inkişaf etdirmək, şagirdlərin dərs şəraitini, müəllimlərin işini daha da asanlaşdırmaq üçün bu addımı atdıq. Bu məktəb bizim ilk nümunəmizdir. Hamını təbrik edirəm! İnanırıq ki, siz bizim uğurlara ən böyük töhfə verəcəksiniz!”

İxtisas qrupları üzrə təmayüllü məktəb

Kaspi Abituriyent Xidmətinin rəhbəri Rəsul Ağayev çıxış edərək qeyd etdi ki, Kaspi Abituriyent Xidməti 2008-ci ildən fəaliyyət göstərir: “Artıq 17 ildir ki, məktəb fəaliyyətini yüksək nəticələrlə davam etdirir”. R.Ağayev açılışı keçirilən Kaspi Abituriyent Məktəbinin 8-ci, 9-cu, 10-cu və 11-ci sinif şagirdləri üçün ixtisas qrupları üzrə təmayüllü məktəb olduğunu bildirdi: “Bu məktəbdə şagirdlər Buraxılış və Blok imtahanlarına hazırlaşır və eyni zamanda, tədris ilinin sonunda tam orta təhsil haqqında rəsmi dövlət sənədi - Attestat əldə edirlər. Kaspi Abituriyent Məktəbində hər bir şagird sistemli hazırlıq, peşəkar müəllim dəstəyi və müasir təhsil mühiti ilə imtahanlara daha effektiv, nəticəyönümlü və inamlı hazırlaşır”.

R.Ağayev şagirdləri dərslərinə məsuliyyətlə yanaşmağa və uğurlu nəticələr əldə etməyə səslədi: “Keçən tədris ilində ilk məzunlarımızı buraxdıq və onlar ilk nəticələrini göstərdilər. Bu tədris ilində sizdən də o nəticələri gözləyəcəyik. İstərdik ki, əsasını qoyduğumuz təmayüllü məktəbə sizin də adınız yazılsın. Hər uğurlu işin önündə oxumaq, nizam-intizam və davamlılıq var, bunun ardınca nəticə gələcək. Hər birinizə uğurlar arzu edirəm! Valideynlərə təşəkkür edirəm ki, bizə etimad göstərib, bizi seçiblər!”

Kaspi Abituriyent Məktəbinə fəaliyyətində uğurlar arzulayırıq!

Məktəblərimiz:

 1 saylı Əhmədli Tədris Korpusu:
Ünvan: Seyid Mirhəsən Ağa 1. (Təbrik Şadlıq evinin yaxınlığı, 3№-li Şahmat Məktəbinin yanı)
 Əlaqə nömrəsi: (012)370 74 05; (070)370 74 05
 2 saylı Gəncə Tədris Korpusu
Ünvan: Azərbaycan bayrağı küçəsi 124 (GDU 2-ci korpusun yanı)
Əlaqə: (070) 276 01 81

Kaspi.edu.az

01.09.2025