IV ixtisas qrup üzrə tövsiyələr
Valideyn və abituriyentlərin seçim zamanı diqqət yetirməli olduqları vacib məqamlar
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanları yekunlaşıb, abituriyentlərin imtahan nəticələri bəlli olub. DİM tərəfindən verilən məlumata görə, ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025-ci il avqustun 11-dən 19-dək internet vasitəsilə aparılacaqdır. DİM valideyn və abituriyentlər üçün ixtisas seçimi zamanı faydalı olacaq statistik məlumat kitabçaları, ötən ilki keçid balları üzrə xüsusi buraxılış və jurnallar nəşr etmişdir. Bütün bunlardan istifadə edərək, Kaspi Təhsil Şirkətinin ekspertləri ixtisas qrupları üzrə cari vəziyyəti analiz edib, ötən ilki məlumatlarla müqayisə aparıb, valideyn və abituriyentlərin seçim zamanı diqqət yetirməli olduqları vacib məqamları müəyyənləşdirib. İxtisas seçimi olduqca ciddi və məsuliyyətli bir mərhələdir. Burada diqqətli və ehtiyatlı davranmaq, seçim etmək lazımdır.
Kaspi Abituriyent Xidmətinin rəhbəri Rəsul Ağayev kaspi.edu.az-a ixtisas seçimi ilə bağlı vacib məqamlardan danışdı:
IV ixtisas qrup üzrə abituriyentlərin imtahan nəticələrinin analizi və müqayisəsi
Respublika ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 3617 nəfər, rus bölməsi üzrə tələbə qəbulu planı 360 nəfər, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 755 nəfər, ümumilikdə tələbə qəbulu planı 4732 nəfər təşkil edir, o cümlədən dövlət sifarişi isə 3578 nəfərdir.
İmtahan nəticələrinə əsasən ümumi balı 200-dən və imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan 4550 abituriyent - Azərbaycan bölməsi üzrə 3879 nəfər və rus bölməsi üzrə 671 nəfər; ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan 5420 abituriyent - Azərbaycan bölməsi üzrə 4566 nəfər və rus bölməsi üzrə 854 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıb.
Aşağıdakı məqamlara diqqət yetirin:
1) Ötən il – 2024-cü il ilə müqayisədə Respublika ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 97 nəfər artırılmış, rus bölməsi üzrə isə 30 nəfər artırılmış, hər iki bölmənin birgə müsabiqəsi üzrə isə 5 nəfər artırılmışdır, cəmi tələbə qəbulu planı 132 nəfər artırılmışdır.
2) Ötən il – 2024-cü il ilə müqayisədə Dövlət Sifarişi üzrə tələbə qəbulu planı isə 443 nəfər artırılmışdır.
IV ixtisas qrup üzrə seçim zamanı valideyn və abituriyentlərə tövsiyələr
1) Respublika ali təhsil müəssisələrinin IV ixtisas qrupuna ümumilikdə tələbə qəbulu planı 4732 nəfər olduğu halda, müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı cəmi 4550 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 5420 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər təşkil edir. Bu da o deməkdir ki, Müsabiqənin 1-ci şərti üzrə bütün abituriyentlərin "tələbə" adını qazanmaq şansı var, ümumilikdə abituriyentlərin sayı plan yerlərinin sayından 182 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) azdır. Lakin Müsabiqənin 2-ci şərti üzrə abituriyentlər ixtisas seçimində diqqətli olmalıdırlar, çünki abituriyentlərin sayı plan yerlərinin sayından 688 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər çoxdur. Əlbəttə bu abituriyentlər seçimlərini doğru şəkildə etməlidirlər.
2) Dövlət sifarişi üzrə tələbə qəbulu planı 3578 nəfər təşkil edir. Bu da o deməkdir ki, 370-380 baldan yuxarı nəticə göstərən abituriyentlər ixtisas seçimində Dövlət Sifarişini qeyd edə biləcəklər, çünki ümumilikdə 3607 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 3608 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) abituriyent 370 baldan yuxarı nəticə göstərmişdir. Əlbəttə balı daha yüksək olan abituriyentlər seçim zamanı 15 mümkün yerdən daha çoxuna Dövlət Sifarişi qeyd edə bilər, lakin balı nisbətən aşağı olan abituriyentlər isə diqqətli davranmalıdırlar, onlar seçim zamanı ödənişli əsaslara daha üstünlük verməlidir.
3) 370-380 baldan aşağı nəticə göstərən abituriyentlər ödənişli əsasları seçə bilər.
4) Bal aralıqlarına diqqət yetirsək görəcəyik ki, ötən il – 2024-cü il ilə müqayisədə Azərbaycan bölməsi üzrə 300-700 bal aralıqlarında abituriyentlərin sayı xeyli artıb, xüsusilə 550-700 bal aralıqlarında artım çoxdur, lakin 200-299 bal aralıqlarında isə cüzi azalma var. Bu da o deməkdir ki, yüksək keçid balları dəyişəcəkdir və artacaq; ona görə də seçim zamanı diqqətli olmaq lazımdır. Eyni zamanda, Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı da ötən il – 2024-cü il ilə müqayisədə 97 nəfər artıb. Bu da abituriyentlərin xeyrinə olan bir amildir. Ona görə də seçim zamanı abituriyentlər öz ballarından 5-10 bal yüksək yerləri yaza bilər, lakin daha çox öz ballarına yaxın və daha aşağı balları yazmalıdırlar və seçimdə çox diqqətli olmalıdır.
5) Bal aralıqlarına diqqət yetirsək görəcəyik ki, ötən il – 2024-cü il ilə müqayisədə rus bölməsi üzrə də bütün bal aralıqlarında abituriyentlərin sayında xeyli artım var. Eyni zamanda, rus bölməsi üzrə tələbə qəbulu planı da ötən il – 2023-cü il ilə müqayisədə 30 nəfər artıb. Bu da abituriyentlərin xeyrinə olan bir amildir. Ona görə də seçim zamanı abituriyentlər öz ballarından 5-10 bal yüksək yerləri yaza bilər, lakin daha çox öz ballarına yaxın və daha aşağı balları yazmalıdırlar və seçimdə çox diqqətli olmalıdır
6) Ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan abituriyentlərin sayı ötən il – 2024-cü il ilə müqayisədə, istər Azərbaycan, istərsə də rus bölməsi üzrə bir qədər azalma var. Lakin daha yüksək bal toplayan abituriyentlərin sayı çox olduğu üçün və onlar da bu kateqoriyaya aid abituriyentlər üçün ciddi rəqabət yaratdıqları üçün abituriyentlər seçim zamanı olduqca diqqətli olmaq lazımdır və daha çox ödənişli ixtisaslar seçmək zəruridir. Xüsusilə 260 baldan aşağı nəticə göstərən abituriiyentlər seçimləri zamanı çox diqqətli olmalıdırlar. Belə ki, onların ali təhsil müəssisələrinə qəbul ola bilməmək kimi ehtimalı çox yüksəkdir. Çünki IV ixtisas qrupu üzrə ümumi qəbul planı 4732 nəfər olduğu halda, 4795 nəfər abituriyent 260 baldan yuxarı nəticə göstərmişdir.
Kaspi.edu.az