XƏBƏRLƏR

II ixtisas qrup üzrə seçim zamanı valideyn və abituriyentlərə tövsiyələr

İxtisas seçimi olduqca ciddi və məsuliyyətli bir mərhələdir.

II yazı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanları yekunlaşıb, abituriyentlərin imtahan nəticələri bəlli olub. DİM tərəfindən verilən məlumata əsasən ixtisas seçimi bütün ix­ti­sas qrupları üzrə 2025-ci il avqustun 11-dən 19-dək in­ter­­net vasitəsilə aparılacaqdır.

DİM valideyn və abituriyentlər üçün ixtisas seçimi zamanı faydalı olacaq statistik məlumat kitabçaları, ötən ilki keçid balları üzrə xüsusi buraxılış və jurnallar nəşr etmişdir. Bütün bunlardan istifadə edərək, Kaspi Təhsil Şirkətinin ekspertləri ixtisas qrupları üzrə cari vəziyyəti analiz edib, ötən ilki məlumatlarla müqayisə aparıb, valideyn və abituriyentlərin seçim zamanı diqqət yetirməli olduqları vacib məqamları müəyyənləşdirib. İxtisas seçimi olduqca ciddi və məsuliyyətli bir mərhələdir. Burada diqqətli və ehtiyatlı davranmaq, seçim etmək lazımdır.

Kaspi Abituriyent Xidmətinin rəhbəri Rəsul Ağayev kaspi.edu.az-a ixtisas seçimi ilə bağlı vacib məqamlardan danışdı:

II ixtisas qrup üzrə abituriyentlərin imtahan nəticələrinin analizi və müqayisəsi-ni izah edir:

Respublika ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 11615 nəfər, rus bölməsi üzrə tələbə qəbulu planı 590 nəfər, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2730 nəfər, ümumilikdə tələbə qəbulu planı 14935 nəfər təşkil edir, o cümlədən dövlət sifarişi isə 4145 nəfərdir.

İmtahan nəticələrinə əsasən ümumi balı 200-dən və imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan 7367 abituriyent - Azərbaycan bölməsi üzrə 6752 nəfər və rus bölməsi üzrə 615 nəfər; ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan 12702 abituriyent - Azərbaycan bölməsi üzrə 11577 nəfər və rus bölməsi üzrə 1125 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıb.

Aşağıdakı məqamlara diqqət yetirin:

1) Ötən il – 2024-cü il ilə müqayisədə Respublika ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 280 nəfər artırılmış, rus bölməsi üzrə isə 15 nəfər artırılmış, hər iki bölmənin birgə müsabiqəsi üzrə 90 nəfər artırılmışdır, cəmi tələbə qəbulu planı 385 nəfər artırılmışdır.

2) Ötən il – 2024-cü il ilə müqayisədə Dövlət Sifarişi üzrə tələbə qəbulu planı isə 245 nəfər azaldılmışdır.

II ixtisas qrup üzrə seçim zamanı valideyn və abituriyentlərə tövsiyələr:

1) Respublika ali təhsil müəssisələrinin II ixtisas qrupuna ümumilikdə tələbə qəbulu planı 14935 nəfər olduğu halda, müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı cəmi 7367 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 12702 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər təşkil edir. Bu da o deməkdir ki, bütün abituriyentlərin “tələbə” adını qazanmaq şansı var, ümumilikdə abituriyentlərin sayı plan yerlərinin sayından 7568 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 2233 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər azdır. Əlbəttə abituriyentlər seçimlərini doğru şəkildə etməlidirlər.

2) Dövlət sifarişi üzrə tələbə qəbulu planı 4145 nəfər təşkil edir. Bu da o deməkdir ki, 330-340 baldan yuxarı nəticə göstərən abituriyentlər ixtisas seçimində Dövlət Sifarişini qeyd edə biləcəklər, çünki ümumilikdə 4441 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 4458 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) abituriyent 330 baldan yuxarı nəticə göstərmişdir. Əlbəttə balı daha yüksək olan abituriyentlər seçim zamanı 15 mümkün yerdən daha çoxuna Dövlət Sifarişi qeyd edə bilər, lakin balı nisbətən aşağı olan abituriyentlər isə diqqətli davranmalıdırlar, onlar seçim zamanı ödənişli əsaslara daha üstünlük verməlidir.

3) 330 baldan aşağı nəticə göstərən abituriyentlər ödənişli əsasları seçə bilər.

4) Bal aralıqlarına diqqət yetirsək görəcəyik ki, Azərbaycan bölməsi üzrə abituriyentlərin sayı ötən il – 2024-cü il ilə müqayisədə 600-700 bal aralıqlarında azalıb, lakin 200-599 bal aralıqlarında isə xeyli artıb. Eyni zamanda, Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı da ötən il – 2024-cü il ilə müqayisədə 280 nəfər artıb. Bu da abituriyentlərin xeyrinə olan bir amildir.  Bu isə o deməkdir ki, Azərbaycan bölməsi üzrə seçim zamanı ötən ilki keçid ballarında – 600+ ballarda 30-40 bal enmə, lakin orta və aşağı keçid ballarında isə 20-30 bal yüksəlmə olacaq. Ona görə də seçim zamanı bu il qəbul imtahanında 500-550 baldan yuxarı nəticə göstərən abituriyentlər öz ballarından 40-50 bal yuxarı yerləri yaza bilər. Lakin bu il qəbul imtahanında 450-500 baldan aşağı nəticə göstərən abituriyentlərə öz ballarından 20-30 bal yuxarı yerləri yazmaları tövsiyə olunur və seçimdə çox diqqətli olmalıdırlar.

5) Bal aralıqlarına diqqət yetirsək görəcəyik ki, rus bölməsi üzrə abituriyentlərin sayı ötən il – 2024-cü il ilə müqayisədə 400-700 bal aralıqlarında azalıb, lakin 200-399 bal aralıqlarında isə artıb. Eyni zamanda, rus bölməsi üzrə tələbə qəbulu planı da ötən il – 2024-cü il ilə müqayisədə 15 nəfər artıb. Bu da abituriyentlərin xeyrinə olan bir amildir. Bu isə o deməkdir ki, rus bölməsi üzrə seçim zamanı ötən ilki keçid ballarında – 400+ ballarda 20-30 bal enmə, lakin orta və aşağı keçid ballarında isə 20-30 bal yüksəlmə olacaq. Ona görə də seçim zamanı bu il qəbul imtahanında 350-400 baldan yuxarı nəticə göstərən abituriyentlər öz ballarından 40-50 bal yuxarı yerləri yaza bilər. Lakin bu il qəbul imtahanında 250-300 baldan aşağı nəticə göstərən abituriyentlərə öz ballarından 20-30 bal yuxarı yerləri yazmaları tövsiyə olunur və seçimdə çox diqqətli olmalıdırlar.

6) Azərbaycan bölməsində ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan abituriyentlərin sayı 300-399 bal aralıqlarında azalıb, 150-299 bal aralıqlarında isə artıb. Bu isə o deməkdir ki, həmin aşağı nəticə göstərən abituriyentlər ixtisas seçimi zamanı öz ballarından 20-30 bal yuxarı yerləri yaza bilər, seçimdə çox diqqətli olmalıdırlar və daha çox ödənişli ixtisaslar seçmək zəruridir.

7) Rus bölmələrində ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan abituriyentlərin sayı 200-399 bal aralıqlarında saylarında azalıb, abituriyentlərin sayı 150-199 bal aralıqlarında isə artıb. Ona görə də həmin nisbətən aşağı nəticə göstərən abituriyentlər ixtisas seçimi zamanı öz ballarından 20-30 bal yuxarı yerləri yaza bilər, seçimdə çox diqqətli olmalıdır və daha çox ödənişli ixtisaslar seçmək zəruridir.

Kaspi.edu.az

 

 

 

12.08.2025