I ixtisas qrup üzrə seçim zamanı valideyn və abituriyentlərə tövsiyələr
Abituriyentlər ixtisas seçimində diqqətli olmalıdırlar
I yazı
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanları yekunlaşıb, abituriyentlərin imtahan nəticələri bəlli olub. DİM-in verdiyi məlumata görə, ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025-ci il avqustun 11-dən 19-dək internet vasitəsilə aparılacaq. DİM valideyn və abituriyentlər üçün ixtisas seçimi zamanı faydalı olacaq statistik məlumat kitabçaları, ötən ilki keçid balları üzrə xüsusi buraxılış və jurnallar nəşr edib. Bütün bunlardan istifadə edərək, Kaspi Təhsil Şirkətinin ekspertləri ixtisas qrupları üzrə cari vəziyyəti analiz edib, ötənilki məlumatlarla müqayisə aparıb, valideyn və abituriyentlərin seçim zamanı diqqət yetirməli olduqları vacib məqamları müəyyənləşdirib. İxtisas seçimi olduqca ciddi və məsuliyyətli bir mərhələdir.
Kaspi Abituriyent Xidmətinin rəhbəri Rəsul Ağayev kaspi.edu.az-a açıqlamasında “Bu mərhələdə diqqətli və ehtiyatlı davranmaq, doğru seçim etmək lazımdır”- deyə ixtisas seçimi ilə bağlı vacib məqamları diqqətə çatdırıb:
I ixtisas qrup üzrə abituriyentlərin imtahan nəticələrinin analizi və müqayisəsi
Respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna Riyaziyyat-Kimya (RK) altqrupu üzrə Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 9845 nəfər, rus bölməsi üzrə tələbə qəbulu planı 510 nəfər, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2600 nəfər, ümumilikdə tələbə qəbulu planı 12955 nəfər təşkil edir, o cümlədən dövlət sifarişi isə 9199 nəfərdir.
Respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna Riyaziyyat-İnformatika (Rİ) altqrupu üzrə Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 4460 nəfər, rus bölməsi üzrə tələbə qəbulu planı 350 nəfər, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2620 nəfər, ümumilikdə tələbə qəbulu planı 7430 nəfər təşkil edir, o cümlədən dövlət sifarişi isə 6000 nəfərdir.
Respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna ÜMUMİLİKDƏ Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 14305 nəfər, rus bölməsi üzrə tələbə qəbulu planı 860 nəfər, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 5220 nəfər, ümumilikdə tələbə qəbulu planı 20385 nəfər təşkil edir, o cümlədən dövlət sifarişi isə 15199 nəfərdir.
İmtahan nəticələrinə əsasən Riyaziyyat-Kimya (RK) altqrupu üzrə balı 200-dən və imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan 6863 abituriyent - Azərbaycan bölməsi üzrə 6233 nəfər və rus bölməsi üzrə 630 nəfər; ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan 11819 abituriyent - Azərbaycan bölməsi üzrə 10705 nəfər və rus bölməsi üzrə 1114 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıb.
İmtahan nəticələrinə əsasən ümumi Riyaziyyat-İnformatika (Rİ) altqrupu üzrə balı 200-dən və imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan 6848 abituriyent - Azərbaycan bölməsi üzrə 6138 nəfər və rus bölməsi üzrə 710 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıb.
Aşağıdakı məqamlara diqqət yetirin:
1) Ötən il – 2024-cü il ilə müqayisədə Respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna Riyaziyyat-Kimya (RK) altqrupu üzrə Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 795 nəfər artırılmış, rus bölməsi üzrə 35 nəfər artırılmış, hər iki bölmənin birgə müsabiqəsi isə üzrə 890 nəfər azaldılmış, cəmi tələbə qəbulu planı 60 nəfər azaldılmışdır.
2) Ötən il – 2024-cü ilə müqayisədə Respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna Riyaziyyat-İnformatika (Rİ) altqrupu üzrə Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 195 nəfər artırılmış, rus bölməsi üzrə 40 nəfər artırılmış, hər iki bölmənin birgə müsabiqəsi üzrə 220 nəfər artırılmış, cəmi tələbə qəbulu planı 455 nəfər artırılmışdır.
3) Ötən il – 2024-cü il ilə müqayisədə Respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna ÜMUMİLİKDƏ (RK+Rİ altqrupuları üzrə birlikdə) Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 990 nəfər artırılmış, rus bölməsi üzrə 75 nəfər artırılmış, hər iki bölmənin birgə müsabiqəsi üzrə 670 nəfər azaldılmış, cəmi tələbə qəbulu planı 395 nəfər artırılmışdır.
4) Ötən il – 2024-cü il ilə müqayisədə Dövlət Sifarişi üzrə tələbə qəbulu planı Riyaziyyat-Kimya (RK) altqrupu üzrə 192 nəfər artırılmış, Riyaziyyat-İnformatika (Rİ) altqrupu üzrə 600 nəfər artırılmış; və ümumilikdə 792 nəfər artırılmışdır.
I ixtisas qrup üzrə seçim zamanı valideyn və abituriyentlərə tövsiyələr:
1) Respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna Riyaziyyat-Kimya (RK) altqrupu üzrə tələbə qəbulu planı 12955 nəfər olduğu halda, müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı 6863 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 11819 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər təşkil edir. Bu da o deməkdir ki, Müsabiqənin 1-ci şərti üzrə bütün abituriyentlərin “tələbə” adını qazanmaq şansı var, çünki abituriyentlərin sayı plan yerlərinin sayından 6092 nəfər azdır. Eləcə də Müsabiqənin 2-ci şərti üzrə bütün abituriyentlərin “tələbə” adını qazanmaq şansı var, çünki abituriyentlərin sayı plan yerlərinin sayından 1136 nəfər azdır.
Respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna Riyaziyyat-İnformatika (Rİ) altqrupu üzrə tələbə qəbulu planı 7430 nəfər olduğu halda, müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı 6848 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) nəfər təşkil edir. Bu da o deməkdir ki, bütün abituriyentlərin “tələbə” adını qazanmaq şansı var, çünki abituriyentlərin sayı plan yerlərinin sayından 582 nəfər azdır.
2) Dövlət sifarişi üzrə tələbə qəbulu planı Riyaziyyat-Kimya (RK) altqrupu üzrə 9199 nəfər təşkil edir. Bu da o deməkdir ki, 210-220 baldan yuxarı nəticə göstərən abituriyentlər ixtisas seçimində Dövlət Sifarişini qeyd edə biləcəklər, çünki ümumilikdə 6863 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) 200 baldan yuxarı / 9489 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) abituriyent 210 baldan yuxarı nəticə göstərmişdir.
Dövlət sifarişi üzrə tələbə qəbulu planı Riyaziyyat-İnformatika (Rİ) altqrupu üzrə 6000 nəfər təşkil edir. Bu da o deməkdir ki, 300-310 baldan yuxarı nəticə göstərən abituriyentlər ixtisas seçimində Dövlət Sifarişini qeyd edə biləcəklər, çünki ümumilikdə 6089 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) 300 baldan yuxarı nəticə göstərmişdir.
Əlbəttə, balı daha yüksək olan abituriyentlər seçim zamanı 15 mümkün yerdən daha çoxuna Dövlət sifarişi qeyd edə bilər, lakin balı nisbətən aşağı olan abituriyentlər isə diqqətli davranmalıdırlar, onlar seçim zamanı ödənişli əsaslara daha üstünlük verməlidir.
3) Riyaziyyat-Kimya (RK) altqrupu üzrə 210-220 baldan aşağı nəticə göstərən abituriyentlər, Riyaziyyat-İnformatika (Rİ) altqrupu üzrə 300-310 baldan aşağı nəticə göstərən abituriyentlər ödənişli əsasları seçə bilər.
4) Bal aralıqlarına diqqət yetirsək görəcəyik ki, ötən il – 2024-cü il ilə müqayisədə Riyaziyyat-Kimya (RK) altqrupunda:
- Azərbaycan bölməsi üzrə abituriyentlərin sayı 450-700 bal aralıqlarında xeyli sayda azalıb, 300-449 bal aralıqlarında isə artıb və 200-299 bal aralıqlarında da xeyli sayda azalıb. Eyni zamanda, Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı da ötən il – 2024-cü il ilə müqayisədə 795 nəfər artıb. Bu da abituriyentlərin xeyrinə olan bir amildir. Bu isə o deməkdir ki, Azərbaycan bölməsi üzrə seçim zamanı ötən ilki keçid ballarında – 450+ ballarda 40-50 bal enmə baş verəcək, ötən ilki orta və aşağı keçid ballarında isə əksinə 30-40 bal yüksəlmə olacaq. Ona görə də seçim zamanı bu il qəbul imtahanında 350-400 baldan yuxarı nəticə göstərən abituriyentlər öz ballarından 40-50 bal yuxarı yerləri yaza bilər, lakin bu il qəbul imtahanında 250-300 baldan aşağı nəticə göstərən abituriyentlər öz ballarından 20-30 bal aşağı yerləri yazmaları tövsiyə olunur və seçimdə çox diqqətli olmalıdır.
- Rus bölməsi üzrə abituriyentlərin sayı demək olar ki, bütün bal aralıqlarında azalıb. Eyni zamanda, rus bölməsi üzrə tələbə qəbulu planı da ötən il – 2024-cü il ilə müqayisədə 35 nəfər artıb. Bu da abituriyentlərin xeyrinə olan bir amildir. Bu isə o deməkdir ki, rus bölməsi üzrə seçim zamanı ötənilki keçid ballarında artım baş verməyəcəkdir, əksinə seçim zamanı ötənilki keçid ballarında 20-30 bal enmə baş verəcək. Ona görə də seçim zamanı bütün abituriyentlər öz ballarından 30-40 bal yüksək yerləri yaza bilər və seçimdə diqqətli olmalıdır.
- Azərbaycan bölməsində ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan abituriyentlərin sayı 250-399 bal aralıqlarında artıb, 150-249 bal aralıqlarında isə azalıb. Bu isə o deməkdir ki, həmin nisbətən aşağı nəticə göstərən abituriyentlərin ixtisas seçimi zamanı olduqca diqqətli olmaq lazımdır və daha çox ödənişli ixtisaslar seçmək zəruridir.
- Rus bölmələrində ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan abituriyentlərin bütün bal aralıqlarında saylarında isə əksinə xeyli azalma var. Ona görə də həmin nisbətən aşağı nəticə göstərən abituriyentlər ixtisas seçimi zamanı öz ballarından 20-30 bal yuxarı yerləri yaza bilər, seçimdə çox diqqətli olmalıdır və daha çox ödənişli ixtisaslar seçmək zəruridir.
5) Bal aralıqlarına diqqət yetirsək görəcəyik ki, ötən il – 2024-cü il ilə müqayisədə Riyaziyyat-İnformatika (Rİ) altqrupunda:
- Azərbaycan bölməsi üzrə abituriyentlərin sayı 600-700 bal aralıqlarında azalıb, 250-599 bal aralıqlarında isə artıb, xüsusilə 250-399 bal aralıqlarında ciddi artım var. Eyni zamanda, Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı da ötən il – 2024-cü il ilə müqayisədə 195 nəfər artıb. Bu da abituriyentlərin xeyrinə olan bir amildir. Bu isə o deməkdir ki, Azərbaycan bölməsi üzrə seçim zamanı ötənilki keçid ballarında – 600+ ballarda 10-20 bal enmə baş verəcək, lakin ötənilki orta və aşağı keçid ballarında isə əksinə, 30-40 bal yüksəlmə olacaq. Ona görə də seçim zamanı bu il qəbul imtahanında 500-550 baldan yuxarı nəticə göstərən abituriyentlər öz ballarından 30-40 bal yuxarı yerləri yaza bilər. Lakin bu il qəbul imtahanında 450-500 baldan aşağı nəticə göstərən abituriyentlərə öz ballarından 20-30 bal aşağı yerləri yazmaları tövsiyə olunur və seçimdə çox diqqətli olmalıdırlar.
- Rus bölməsi üzrə abituriyentlərin sayı 350-700 bal aralıqlarında əsasən azalıb, 200-349 bal aralıqlarında isə nisbətən artıb. Eyni zamanda, rus bölməsi üzrə tələbə qəbulu planı da ötən il – 2024-cü il illə müqayisədə 35 nəfər artıb. Bu da abituriyentlərin xeyrinə olan bir amildir. Bu isə o deməkdir ki, rus bölməsi üzrə seçim zamanı ötənilki keçid ballarında ciddi bir artım baş verməyəcəkdir, əksinə seçim zamanı ötənilki keçid ballarında – 350+ ballarda 20-30 bal enmə baş verəcək. Ona görə də seçim zamanı bu il qəbul imtahanında 300-350 baldan yuxarı nəticə göstərən abituriyentlər ötənilki keçid ballarından 20-30-40 bal yüksək yerləri yaza bilər. Lakin bu il qəbul imtahanında 250-300 baldan aşağı nəticə göstərən abituriyentlərə isə ötənilki keçid ballarından 20-30 bal aşağı yerləri yazmaları tövsiyə olunur və seçimdə diqqətli olmalıdırlar.
- Kaspi.edu.az