XƏBƏRLƏR

"Genius" Olimpiadasından Qızıl medal!

Liseyimizin şagirdləri “Genius Olympiad 2025”-də “Robotics” kateqoriyası üzrə Qızıl, “Art” kateqoriyası üzrə isə Həvəsləndirici diploma layiq görülüblər.

Amerika Birləşmiş Ştatlarının Nyu-York ştatında Roçester Texnologiyalar İnstitutunun ev sahibliyi ilə keçirilən “Genius” Olimpiadası başa çatıb. Qürur doğuran haldır ki, “Genius” Olimpiadasında iştirak edən Kaspi Liseyinin şagirdləri yenə də ölkəmizi uğurla təmsil ediblər.

Kaspi Liseylərinin STEAM və İKT departamentinin rəhbəri Kamran Əsgərovun kaspi.edu.az-a verdiyi məlumata görə “Genius Olympiad” 2025-də bu il 69 ölkə və 34 ştatdan 1000-dən artıq şagird iştirak edib: “Kaspi Liseyi olaraq bu yarisa 1 komanda “Robotics”, 1 komanda “Art” və 2 komanda  “Business” kateqoriyası üzrə qoşulduq. Liseyimizin şagirdləri “Robotics” kateqoriyası üzrə Qızıl, “Art” kateqoriyası üzrə Həvəsləndirici medala layiq görüldü”.

Olimpiadada qalib olan şagirdlərin siyahısını təqdim edirik:

İbrahim Əliyev         – Qızıl medal

Tuncay Hüseynov   – Qızıl medal

Maral Cümşüdova   – Həvəsləndirici diplom

Xatırladaq ki, yarış iştirakçıları fərqli kateqoriyalar üzrə, ekologiya və ətraf mühit problemlərinin həlli istiqamətində müxtəlif layihələrlə çıxış edirlər. Olimpiada hər il iki mərhələdə keçirilir. Birinci mərhələ onlayn qaydada təşkil olunur: namizədlər hazırladıqları layihələri yarışın onlayn sisteminə daxil edirlər. Münsiflər heyətindən müsbət rəy alan layihələr növbəti mərhələdə, yəni finalda iştirak hüququ əldə edir. Sona qalmış finalçılar müəllifi olduqları layihə,həll və prototipləri təqdim edərək, yarışda öz bacarıqlarını təqdim edirlər.

Olimpiadanın digər maraqlı tərəfi isə ondan ibarətdir ki, bu tədbir yalnız elmi layihələrin rəqabəti üzərində qurulmayıb. Belə ki, yarışma boyu “Beynəlxalq mədəniyyət sərgisi” təşkil olunur.

Kaspi Təhsil Şirkəti bu uğur münasibəti ilə şagirdlərimizi, onların valideynlərini və əməyi keçən bütün əməkdaşlarını təbrik edir!

Kaspi.edu.az

 

 

 

21.06.2025