XƏBƏRLƏR

Kaspi Liseyinin məzun törəni "Konstitusiya və Suverenlik İli"nə həsr edildi

 Yolunuz açıq olsun, əziz məzunlar!

“Biz Azərbaycanın Suverenliyi və Konstitusiyasının qəbul olunması kimi mühüm bir tarixə toplaşmışıq. Bu suverenliyin, bu azadlığın və sabitliyin bünövrəsində canını fəda etmiş igid şəhidlərimizin ruhu dayanır. Onların qəhrəmanlığı, sədaqəti sayəsində bu gün biz müstəqil və hüquqi dövlətin vətəndaşı kimi burada toplaşmışıq”.

Kaspi Liseyinin “Konstitusiya və Suverenlik İli”nə həsr etdiyi tədris ilinin yekun tədbiri bu sözlərlə başladı.

Vətən uğrunda canından keçən şəhidlərimizin, Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın Dövlət Himni səsləndi. Himni Kaspi Beynəlxalq Məktəbin əcnəbi şagirdləri və müəllimlərindən ibarət xor kollektivi müşaiyət etdi.

Tədbirin aparıcıları qeyd etdilər ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi xalqımızın azadlıq və hüquq yolundakı əzmini, dövlətimizin müstəqilliyini qorumaq və möhkəmləndirmək iradəsini əks etdirir: “Konstitusiya – bir dövlətin hüquqi bünövrəsidir, onun gələcəyinin təminatıdır. Suverenlik isə xalqın öz taleyinə sahib çıxması, öz səsini, öz iradəsini sərbəst ifadə edə bilməsidir. Biz böyük “Kaspi” ailəsi olaraq hər zaman istər akademik uğurlarımızla, istər sosial fəaliyyətlərimizlə dövlətimizin uğuru, müstəqilliyimizin və milli dəyərlərimizin daim möhkəm olması üçün səylə çalışmışıq”.

Vətənə layiqli övlad

Tədbirdə “Müəllim əməyi - səssiz qəhrəmanlığın, dərin fədəkarlığın və zaman qarşısında dayanan möhkəm iradənin rəmzidir. Hər bir uğurlu gələcəyin təməlində müəllim qəlbinin istiliyi, müəllim zəhmətinin izləri, müəllim biliyinin nuru dayanır”- deyə Liseydə 10 ildən artıq çalışan fədakar müəllimlərin əməyi dəyərləndirildi. Liseyin inkişafına, şagirdlərin formalaşmasına illərini həsr etmiş müəllimlər, eləcə də liseyin fəaliyyətində əməyi olan digər əməkdaşlar səhnəyə dəvət olundu.

Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva və şirkətin baş icraçı direktoru Elşən Əliyev onları təltif etmək üçün səhnəyə dəvə aldılar. S.Vəliyeva çıxışında qeyd etdi ki, biz qalib, suveren bir ölkənin vətəndaşları olduğumuz üçün çox qürurluyuq: “Siz hər əməlinizdə bu vətənə layiqli bir övlad, müstəqilliyin keşiyində dayanan vətəndaşlar olmağa çalışmalısınız. Siz Azərbaycanın gələcək qurucularısınız”- deyə təsisçi liseyi bitirən gənclərə səsləndi.

Təhsil sistemimizin keyfiyyət göstəriciləri

Tədris ili ərzində liseyin şagirdlərinin qazandığı uğurlara həsr olunan videoçarx nümayiş olundu. “Onların hər biri əzmkarlıqla çalışaraq həm öz biliklərini, həm də məktəbimizin adını ən yüksək zirvələrə daşıdılar. Bu nailiyyətlər təkcə fərdi qələbələr deyil – onlar milli uğurumuzun və təhsil sistemimizin keyfiyyət göstəriciləridir”- deyə qeyd olundu. Xatırlandı ki, bu il şagirdlərimiz ABŞ-da keçirilən Genius Olimpiadasında robotika kateqoriyasında dünya üzrə 1-ci yerə layiq görülüblər! “Bu böyük uğurda 75 ölkədən gəlmiş yüzlərlə iştirakçı arasında Azərbaycan bayrağını zirvəyə qaldıran komandamızla qürur duyuruq!”

Bununla yanaşı, şagirdlərimiz Buraxılış və beynəlxalq imtahanlarında, Respublika Fənn Olimpiadalarında və müsabiqəsində və digər yerli və beynəlxalq bilik yarışlarında yüksək nəticələr əldə ediblər. Bu uğurlar bir daha sübut edir ki, “Kaspi”də təhsil almaq gələcəyə inamla addımlamaq deməkdir.

Liseyin tədris ili ərzində qazandığı uğurlar infoqrafiya təqdimatı ilə ekranda nümayiş olundu.

Qızıl və Gümüş medalçılar

Kaspi Gümüş Fərqlənmə medalına layiq görülən 54 şagird səhnəyə dəvət edildi. Kaspi Ağ Şəhər liseyinin direktoru Həsən Həsənov və Kaspi Bakıxanov liseyinin direktoru Cahid Həsənov builki nailiyyətlərinə görə şagirdlərə mükafatlar təqdim etdilər.

Kaspi Qızıl Fərqlənmə medalına layiq görülən 43 şagirdə mükafatları təqdim etmək üçün Kaspi liseyləri Baş direktoru Sahil Əliyev və Kaspi liseyləri üzrə akademik kurator Namik Cümşüdov səhnəyə dəvət olundu.

Nailiyyətlərinə görə Kaspi Qızıl Fərqlənmə medalına layiq görülən şagirdlərimizin digər hissəsi -34 nəfər səhnədə yer aldı.

Tədbirdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində liseydə elan olunan müxtəlif kateqoriyalar üzrə müsabiqələrdə uğur qazanan şagirdlər də mükafatlandırıldı. Kaspi Beynəlxalq Məktəbin direktoru Renata Novruzova və müsabiqədə 2-ci yerə layiq görülən qalibləri təltif etmək üçün Kaspi Kids və Uşaq bağçaları üzrə direktor Kənan Kərimli mükafatlandırma üçün səhnəyə dəvət olundular.

1-ci yerə layiq görülən şagirdləri Kaspi Abituriyent Xidmətinin direktoru Rəsul Ağayev mükafatlandırdı. Liseyi bitirib, müxtəlif ali məktəblərdə oxuyan və çalışan məzunlar da səhnədə söz aldılar.

Bayraq əmanəti

Liseyin Ana dili və Ədəbiyyat müəllimi Ülvi Bağırovun ifasında “Bayraq” şeirinin əzəməti salondakı iştirakçıları ayağa qaldırdı.

Bayraq mərasimi isə səhnədə liseyin bütün şagird və məzunlarını bir araya gətirdi: “Sizlər   o bayrağı bu torpaqları qanlarıyla sulayıb gülüstana çevirən şəhidlərimizdən, qəhrəman vətən övladlarından, sizdən öncəki şagirdlərdən  əmanət almışdınız və o əmanəti vətən torpağının bir parçası kimi qorudunuz. Sizlər mavi səmaların nazlı dilbəri, dosta qürur, düşmənə göz dağı olan üçrəngli bayrağımızı neçə-neçə ölkələrdə ən yüksək zirvələrə qaldırdınız. Bu gün onu sizin davamçılarınız olan şagirdlərə əmanət olaraq verəcəksiniz”- deyə Bayraq təhvil-təslim mərasimini hamı ayaq üstdə alqışladı.

Müqəddəs əmanəti təhvil vermək üçün Hüseyn Xəlilli, Əli Hüseynli, Mətin Cəfərli səhnənin mərkəz hissəsinə dəvət  edildi. Eləcə də, bu müqəddəs  əmanəti  təhvil  almaq  üçün  10-cu  sinif şagirdləri Elvin Abuşov, Ayan Orucova  və Məhəmməd Mahmudov dəvət  edildi. Məzunlar valideynlərinin, müəllimlərinin və qonaqların qarşısında liseydə əldə etdikləri dəyərlərə sahib çıxacaqlarına and içdilər.

Andiçmə mərasimi üçün Ayxan Əlləzov dəvət olundu.

Tədbirin bədii hissəsində liseyin şagirdlərinin ifasında teatr, rəqs, şeir və mahnı kompozisiyaları gecəyə xüsisi ovqat bəxş elədi.

Kaspi Təhsil Şirkəti rəhbərliyi və lisey rəhbərliyi məzunlarla xatirə şəkli çəkdirdi. Kaspi Liseyinin marşı səsləndi.

Kaspi Təhsil Şirkəti Liseyin məzunlarına bundan sonrakı  həyatlarında uğurlar və  müvəffəqiyyətlər arzulayır!

 

 

Yolunuz açıq olsun, əziz məzunlar!

Kaspi.edu.az

 

 

 

 

05.06.2025