XƏBƏRLƏR

Məktəb dünyasına ilk addımlar

Bağçayaşlı uşaqlar müasir texnologiyalarla, xüsusilə də robotika ilə tanış olaraq təcrübə qazanıblar

Kaspi Bakıxanov liseyi bağça yaşlı uşaqları qəbul edərək onların gələcək təhsil mühitinə kiçik, amma mənalı bir səyahət etməsinə şərait yaradıb.

Liseyin Jurnalistika dərnəyinin məlumatına görə, uşaqlar ziyarət çərçivəsində yaradıcı fəaliyyətlərdə iştirak edib və əl bacarıqlarını nümayiş etdiriblər: “Daha sonra müasir texnologiyalarla, xüsusilə də robotika ilə tanış olaraq təcrübə qazanıblar. Günün sonunda isə uşaqlar məktəbin akt zalında əyləncəli vaxt keçiriblər”.

Dərnəkdən bildirilir ki, bu cür tədbirlər uşaqlarda məktəbə qarşı maraq oyadır, onların sosial adaptasiyasını gücləndirir və öyrənməyə olan motivasiyalarını artırır: “Eyni zamanda, erkən yaşdan müxtəlif sahələrlə – sənət, elm və texnologiya ilə tanışlıq onların gələcək inkişafında mühüm rol oynayır. Bu tip tanıtım səfərləri erkən yaşlı uşaqlarda məktəbə qarşı müsbət yanaşma formalaşdırmaqla yanaşı, onların öyrənməyə olan marağını artırır. Habelə, valideynlər üçün də uşaqlarının gələcəkdə atacaqları addımları görmək və onları necə dəstəkləyə biləcəklərini anlamaq baxımından əhəmiyyətlidir”.

Dərnək üzvləri qeyd edir ki, Lisey bu cür təşəbbüslərlə uşaqlarda gələcəklərini elə bu gündən formalaşdırmağı və kiçik yaşlardan etibarən öyrənməyə sevgi aşılamağı qarşıya məqsəd qoyub.

kaspi.edu.az

16.04.2025