XƏBƏRLƏR

Təhsilin idarə olunmasında qadınların rolu: Kaspi Liseyi nümunəsində

Onların fədakarlığı və peşəkarlığı məktəbimizin uğurlarında mühüm rol oynayır

“Təhsil sahəsi cəmiyyətin inkişafında çox vacib rol oynayır və bu sahədə qadınların liderliyi təhsil idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib. Məktəbimiz bu baxımdan nümunəvi bir təhsil müəssisəsi kimi fərqlənir. Liseydə işləyən müəllim və idarə heyətinin 90%-dən çoxunu xanımlar təşkil edir. Bu fakt bir daha qadınların təhsil sahəsindəki çəkisini və öhdəliklərini göstərir”.

kaspi.edu.az Kaspi Ağ Şəhər liseyinin direktoru Həsən Həsənovun liseydə qadınların fəaliyyətinə həsr etdiyi məqaləsini təqdim edir:  

-Məktəbimizdə qadınlar hər bir sahədə aktiv rol oynayır. Onlar tədris prosesində, idarəetmədə, sosial layihələrdə və innovativ yanaşmaların tətbiqində liderliyini nümayiş etdirir. Şagirdlərin akademik inkişafı və sosial bacarıqlarının formalaşmasında, şəxsi tərbiyə və dəyərlərin aşılanmasında onların önəmi inkaredilməzdir. Bu xanımlar təkcə müəllim kimi deyil, eyni zamanda idarəetmədə, psixoloji dəstək xidmətlərində və müxtəlif layihələrin həyata keçirilməsində də aparıcı qüvvədirlər. Məktəbimizdə liderlik ruhuna malik xanımlar cəmiyyət üçün rol model hesab edilə bilər.

Onlar öz fəaliyyətləri ilə şagirdlərə örnək olur, gələcəyin qadın idarəçilərini yetişdirir. Bu xanımlar sadəcə tədris prosesini deyil, eyni zamanda sosial və peşəkar bacarıqları aşılayan fəaliyyətlərdə də yaxından iştirak edirlər. Onların fədakarlığı və peşəkarlığı məktəbimizin uğurlarında mühüm rol oynayır.

Təhsil ən güclü silahdır, onunla dünyanı dəyişə bilərsiniz” -Nelson Mandela

Kaspi dəyərlərinə sahib olan xanımlar məktəbimizin formalaşmasında, şagirdlərin akademik və şəxsi inkişafında önəmli rol oynayırlar. Dürüstlük, etibarlılıq, hörmət, məsuliyyət və mükəmməllik dəyərləri onlara ilham verir və bu dəyərlər təşkilatdakı təlim-tərbiyə sisteminin əsasını təşkil edir. Qadınların idarəetmədə uğur qazanması məktəbimizin sağlam və müasir təhsil mühitinin formalaşmasına böyük töhfə verir.

“Qadınlar lider doğulmur, lider olmağı seçirlər” – Michelle Obama

Məktəbimiz, qadın idarəçilərin formalaşması üçün ideal mühit yaratmış bir təhsil ocağıdır. Burada gələcəyin qadın liderləri yetişir, öz sahələrində fərqlənən idarəçilər olaraq cəmiyyətə təqdim edilir. Təhsil idarəçiliyində qadınların rolunun artması məktəbimizin nümunəsində göründüyü kimi, daha işıqlı bir gələcəyin təməlini qoyur. Qadınlar burada yalnız idarəçi və müəllim deyil, eyni zamanda yenilikçi və ilhamverici bir qüvvə kimi çıxış edirlər.

“Öyrədin, ruhlandırın, gücləndirin. Dünyanı dəyişəcək qadın liderlər yetişdirin” –

Malala Yousafzai

“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Azərbaycan qadını dünya qadınları içərisində ən qabaqcıl yerlərdən birini tutur”- Heydər Əliyev.

Ulu Öndər Heydər Əliyevin bu sözləri qadınların cəmiyyətdəki rolunun nə qədər önəmli olduğunu vurğulayır. Təhsil sahəsində çalışan qadınlarımız, xüsusilə də Kaspi Liseyində fəaliyyət göstərən xanımlar bu missiyanı uğurla davam etdirərək həm cəmiyyətimizin inkişafına, həm də gələcəyin liderlərinin formalaşmasına böyük töhfə verirlər.

kaspi edu.az

11.03.2025