İki müəssisə arasında əhəmiyyətli əməkdaşlıq
Kaspi Liseyi ilə Bakı Şəhər Gənclər və İdman İdarəsi Xətai rayonu üzrə gənclər və idman sektoru əməkdaşlığı genişləndirir
Bakı Şəhər Gənclər və İdman İdarəsi Xətai rayonu üzrə gənclər və idman sektorunun rəhbəri Tural Əhmədli və sektorun əməkdaşları ilə Kaspi Ağ Şəhər Liseyinin rəhbərliyinin görüşü keçirilib. Görüşdə Liseyin direktoru Həsən Həsənov və Sosial fəaliyyətlər üzrə rəhbər Elnur Əzizov iştirak edib.

Maraqlı təkliflər və əhəmiyyətli müzakirələr şəraitində keçən görüşdə iki qurum arasında qarşılıqlı əlaqələr, gələcəkdə görülə biləcək işlər və layihələr müzakirə olunub. İdman sahəsində, ayrı-ayrı fənnlərlə bağlı, gənclərin sosial fəaliyyətləri istiqamətində tədbirlərlə əlaqəli fikir mübadiləsi aparılıb. Liseyin direktoru bildirib ki, hər iki müəssisə Xətai rayonu ərazisində yerləşdiyi üçün birlikdə əhəmiyyətli tədbirlər həyata keçirmək mümkündür: “Eyni zamanda, Kaspi Liseyinin müəllim və psixoloqları rayon ərazisində çalısan müəllimlər üçün dəstək yönümlü təlimlər keçirə bilərlər”.
Görüşdə birgə ortaq fəaliyyət kimi Beynəlxalq Ana Dili Günü münasibəti ilə Xətai rayonu məktəbliləri arasında “Bədii qiraət günü”nün keçirilməsi nəzərdə tutulub. Tədbir Kaspi Liseyinin ev sahibliyi ilə keçiriləcək. Xatırladaq ki, bu tədris ilində müəssisələr arasında ilk layihə - Xətai rayonu məktəbliləri arasında tennis turnirinin təşkili olub. Kaspi Liseyi turnirin keçirilməsinə ev sahibliyi edib.
Görüşdə birgə tədbir və layihələrin həyata keçirilməsi qərara alınıb.
kaspi.edu.az