XƏBƏRLƏR

"Biz Kaspi ailəsi olaraq xoşbəxtik..."

Liseydə məzunlarla görüş “Gənclər Günü”nə həsr olunub

Kaspi Bakıxanov liseyində “Məzunlarla görüş” keçirilib. Artıq hər il  “Gənclər Günü” ərəfəsində lisey öz doğma məzunlarını bir araya toplamağı ənənəyə çevirib. Lisey bu tədbirlərlə məzunlarının  uğurları və xoş sədaları ilə qürur duyduğunu sərgiləyir.

Liseyin Sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahverdiyevanın verdiyi məlumata görə, görüşdə Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva məzunları salamlayaraq onların nailiyyətləri ilə fəxr etdiyini bildirib: “Siz harada oxusanız, işləsəniz yenə bizim övladlarımızsınız. Hər zaman bizə müraciət edə bilərsiniz. Sevinirik və qürur duyuruq ki, liseyimizin məzunları həm ölkə universitetlərində, həm də xaricdə vətənimizi uğurla təmsil edirlər. Ölkəmiz üçün mili-mənəvi dəyərlərə malik, layiqli vətəndaş kimi yetişməyiniz başlıca vəzifədir. Azərbaycanın gələcək inkişafı siz gənclərdən asılıdır”.

Kaspi Təhsil Şirkətinin Baş icraçı direktoru Elşən Əliyev, liseylər üzrə baş direktor Sahil Əliyev, Kaspi Bakıxanov liseyinin direktoru Cahid Hüseynov da məzunlara xoş sözlərini bildirib, yeni nailiyyətlər arzulayıblar. Məzunlar da öz növbəsində Kaspi Liseyinin həyatlarında oynadığı roldan danışıb, məktəblə, müəllimlərlə bağlı xatirələrini bölüşüb və minnətdarlıqlarını ifadə ediblər: “Elə bil heç 6 ildir məktəbdən ayrılan məzun deyilik. Lisey oxuduğumuz illərdə bizə evimiz, ailəmiz kimi necə doğma idisə, indi də elədir. Necə xoşbəxtik ki, bir-birimizə heç yadlaşmamışıq. Biz Kaspi ailəsi olaraq xoşbəxtik”- deyən məzunlarımız səmimi hisslərini dilə gətiriblər.

Görüşün sonunda məzunlarla xatirə şəkli çəkilib.

kaspi.edu.az

31.01.2025