XƏBƏRLƏR

Psixoloqun tövsiyəsi

Övladınız yalan danışırsa nə etməlisiniz?

Uşaqlarda yalan danışma davranışı valideynlər üçün ciddi narahatlıq doğura bilər. Bu davranışın səbəbləri çox vaxt psixoloji, sosial və ya mədəni faktorlara əsaslanır. Siz də övladınızda bu halla qarşılaşırsınızsa nə edə bilərsiniz?

Kaspi Abituriyent Xidməti üzrə psixoloq İlkin Əliyev valideynlərə tövsiyə edir ki, onların bu dövrdə övladlarına göstərəcəkləri dəstək çox önəmlidir:

Yalanın səbəbini öyrənin; Uşaqların yalan danışmasının səbəbləri fərqli ola bilər:

•     Cəzadan qorxma: Uşaq etdiyi hərəkətin nəticələrindən çəkinərək həqiqəti gizlədə bilər;

•     Təzyiq: Yüksək gözləntilər və ya təzyiqlər yalan danışmağa səbəb ola bilər;

•     Dost təsiri: Sosial dairədə qəbul olunmaq üçün həqiqəti dəyişə bilər;

Sakit və anlayışlı olun; Uşağınızın yalan danışdığını aşkar etdikdə sərt reaksiya vermək əvəzinə, sakit davranın. Onun yalan danışma səbəbini öyrənməyə çalışın və etibarlı bir mühit yaradın. “Bu məsələni birlikdə həll edə bilərik” kimi ifadələrdən istifadə edərək dəstəyinizi göstərin.

Dürüstlüyü təşviq edin; Doğru danışdığı hallarda onu müsbət dəyərləndirin. “Həqiqəti mənə dediyin üçün çox sağ ol. Bu, məsələləri həll etməyimizə kömək edir” kimi ifadələr uşağınızı dürüst olmağa həvəsləndirə bilər.

Cəzalandırmaqdan çəkinin; Ağır cəzalar vermək övladınızın sizdən daha çox uzaqlaşmasına və yeni yalanlar uydurmasına səbəb ola bilər. Bunun əvəzinə, problemləri birgə həll etməyə çalışın və davranışın nəticələrini anlamaq üçün onunla söhbət edin.

Etibarlı sərhədlər yaradın; Bu yaşdakı uşaqlara sərhədlər və qaydalar müəyyən etmək vacibdir. Bu sərhədlər aydın və məntiqli olmalıdır. Qaydaları izah edərkən onun fikirlərini də nəzərə alın ki, sərhədləri qəbul etməkdə çətinlik çəkməsin.

Nəticədə, yalan danışmaq uşaqlar üçün müəyyən dövrlərdə müdafiə mexanizmi və ya problemlərlə başa çıxma üsulu ola bilər. Lakin anlayışlı, sabit və dəstəkləyici valideyn yanaşması ilə bu davranış dəyişdirilə bilər.

Dəyərli valideynlər, sizin təhsil prosesində aktiv iştirakınız övladlarınızın akademik uğurlarına və şəxsi inkişaflarına müsbət təsir göstərir. Bu çətin və məsuliyyətli yolda övladlarınıza daha yaxşı dəstək olmaq üçün növbəti bloqlarımızı izləməyi unutmayın!

kaspi.edu.az

28.01.2025