Malayziya universitetlərinin nümayəndələri Kaspi Liseyində
Universitet nümayəndələri öz ali təhsil müəssisələrinin müxtəlif proqramları haqqında şagirdlərə məlumat veriblər
Son illərdə inkişaf edən iqtisadiyyat, texnologiyada irəliləyişlər və ölkələr arasında ticarət əlaqələri beynəlxalq təhsili asanlaşdırıb və daha əlçatan edib. Dünyanın müxtəlif xalqlarından olan tələbələr indi yüksək keyfiyyətli təhsil sistemi olan ölkələrin nüfuzlu universitetlərində təhsil alaraq karyera imkanlarından yararlanırlar.
Dünyanın aparıcı universitetləri öz təhsil sistemləri ilə bağlı Bakıda tez-tez təqdimatlar keçirirlər.

Malayziyanın 4 universitetinin nümayəndələrinin Kaspi Liseyində keçirdiyi görüş də qarşılıqlı təhsil əlaqələri və əməkdaşlıq məqsədi daşıyıb. Belə ki, qonaqlar Kaspi Bakıxanov Liseyinin rəhbər və şagird kollektivi ilə görüşüblər. Liseyin Jurnalistika dərnəyinin üzvü Əsma Qasızadənin verdiyi məlumata görə, universitet nümayəndələri öz ali təhsil müəssisələrinin müxtəlif proqramları haqqında şagirdlərə məlumat veriblər. Qeyd edilib ki, Malayziya universitetlərində əsasən Foundation və Bakalavriat səviyyəsi üzrə müxtəlif ölkələrdən tələbə qəbulu həyata keçirilir. Qəbul zamanı İELTS nəticəsi əsas götürülür. “11 illik təhsil sistemini bitirən şagirdlər Foundation proqramına cəlb edilir. Digər universitetlərdən fərqli olaraq, Foundation proqramlarının tədrisi zamanı şagirdlərə seçəcəkləri ixtisaslarla bağlı dərslər də keçilir. Dərslərlə yanaşı, ingilis dili bacarıqlarının inkişafı təmin edilir. Bir ildən sonra şagirdlər 1-ci kursa daxil olurlar. Universitetlərdə Bakalavr dövrü 3 ili əhatə edir. Bu müddəti başa vuran tələbələr diplomla təmin edilirlər”.

Qonaqlara Kaspi Liseylərinin fəaliyyəti haqqında ətraflı məlumat verilib.



Qeyd edək ki, Kaspi Liseyləri dünyanın ayrı-ayrı universitetlərinin nümayəndələri ilə vaxtaşırı görüşlər keçirir.
kaspi.edu.az