Orta Asiyalı qonaqlar Kaspi Liseyində
Görüşdə gələcək əməkdaşlqlar müzakirə olunub
Bakıda keçirilən beynəlxalq simpoziumun iştirakçıları olan türkdilli ölkələrin təhsil ictimaiyyətinin nümayəndələrindən ibarət qrup Kaspi Ağ Şəhər liseyni ziyarət edib. Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanı təmsil edən 25 nəfərlik nümayəndə heyətini liseyin şagirdləri Azərbaycan və rus dillərində Səməd Vurğunun “Azərbaycan” şeiri ilə qarşılayıblar. “Azərbaycan sizin ikinci evinizdir. Evinizə xoş gəlmisiniz!”-deyə məktəb müəllimləri tərəfindən qonaqlara ortaq köklərimizin bir olduğu, türkdilli xalqları ortaq adət-ənənələr, qəhrəmanlar, maddi və mənəvi dəyərlərin birləşdirdiyi bildirilib.

Qonaqlar məktəblə tanış olublar. Liseydə fəaliyyət göstərən STEAM mərkəzində olarkən şagirdlər tərəfindən robotların idarəedilməsini maraqla izləyiblər. Onlara SteamArtın fəaliyyəti, şagirdlərimizin olimpiadada iştirakı, qazandıqları nailiyyətlər haqda məlumat verilib. Nümayəndə heyəti liseydə Kembric və rus bölməsinin və digər fənn dərslərində iştirak edib, laboratoriyalara baş çəkiblər. Qonaqlar müəllimlərlə görüşərək, xatirə fotoları çəkdiriblər.

Liseyin dəhlizində “Azərbaycan kompozisiyası” əsərini izləyən qonaqlara işğaldan azad olunan torpaqlarımız, orada görülən quruculuq işləri, türkdilli dövlətlərin həmin ərazilərə dəstəyi ilə bağlı məlumatlar verilib.

Məktəbin kitabxanasında Orta asiyalı qonaqları liseyin direktoru Həsən Həsənov qarşılayıb. Direktor onlara Kaspi Təhsil Şirkətinə daxil olan təhsil müəssisələri və lisey haqqında ətraflı məlumat verib. “Türkdilli ölkələr arasında əlaqələr hər keçən gün inkişaf etməkdədir. Türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Bu əlaqələrin əhatə dairəsi çoxşaxəlidir. Təhsil əlaqələri isə bu münasibətlərdə əsas rol oynayır”- deyə direktor bildirib. Direktor qonaqlara görüşdə iştirak edə bilməyən Kaspi Təhsil Şirkətinin idarə heyətinin sədri Sona Vəliyevanın salamını çatdırıb.

Liseyin rəqs dərnəyi şagirdinin ifa etdiyi milli rəqs, Xor qrupunun “Barış” nəğməsi görüşə xoş ovqat qatıb.
Qonaqlar səmimi qarşılanmaya görə təşəkkürlərini bildiriblər. Liseyə qonaqlar tərəfindən türkdilli ölkələrin milli atributları hədiyyə edilib. O cümlədən, qonaqlara da hədiyyələr verilib.


Masa arxasında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıqlar müzakirə edilib.
kaspi.edu.az