Abituriyentlərin təhsil və istirahət balansının qorunması
Valideynlərə tövsiyələr
İmtahanlara hazırlıq dönəmi abituriyentlərin həyatının ən mühüm mərhələlərindən biridir. Bəs imtahanlarda uğur qazanmaq üçün yalnız dərs oxumaq kifayətdirmi?
Kaspi Abituriyentin psixoloqu İlkin Əliyev mövzu ilə bağlı valideynlərə tövsiyələrini verir:
.jpeg)
“İmtahanlarda uğur qazanmaq üçün yalnız dərs oxumaq kifayət deyil, abituriyentlərin eyni zamanda istirahət etməyə və dincəlməyə ehtiyacı var. Təhsil və istirahət arasında düzgün balansı qurmaq onların konsentrasiya, diqqətini bir yerə yönləndirmə qabiliyyətini artırır, öyrənmə motivasiyasını qoruyur və stressin qarşısını alır. Həddindən artıq dərs yüklənməsi abituriyentləri yorğun və həvəssiz edə bilər, bu da onların performansının, nəticələrinin pisləşməsinə səbəb olur”.
Fiziki, yaradıcı və zehni fəaliyyətlər
Bəs uşaqların istirahətini necə təşkil etməli və hansı məqamlara diqqət etməliyik?
-Fiziki fəaliyyətlər: Abituriyentlərin müntəzəm olaraq fiziki məşqlər etməsi onların sağlamlığını qorumaqla yanaşı, daha enerjili olmalarına səbəb olur. Açıq havada gəzmək, parkda zaman keçirmək onların zehni rahatlamasına kömək edir, təbii mühit eyni zamanda onların enerji səviyyəsini də artırır.
-Yaradıcı fəaliyyətlər: Rəsm çəkmək, musiqi dinləmək və ya digər fəaliyyətlər bura daxildir. Bu fəaliyyətlər abituriyentlərin yaradıcılıq qabiliyyətini artırır, həmçinin onlara öz düşüncələrini ifadə etməyə kömək edir;
-Zehni fəaliyyətlər: Dərslərdən əlavə kitablar oxumaq dünyagörüşünü və təxəyyülü inkişaf etdirir. Pazl və oyunlar həm zehni fəaliyyət üçün yaxşıdır, həm də uşaqların əyləncəli zaman keçirməsinə xidmət edir;
-Sosial fəaliyyətlər: Ailə ilə birlikdə vaxt keçirmək; yemək hazırlamaq, oyunlar oynamaq və ya sadəcə birlikdə film izləmək də aiddir. Bu tip fəaliyyətlər ailə daxili bağları gücləndirir və uşaqlara emosional dəstək verir.
Valideynlər övladlarının təhsil və istirahət balansını qorumaq üçün, onlara dərs və asudə vaxtı üçün cədvəl hazırlamaqda kömək edə (və ya özləri cədvəl hazırlaya) bilərlər. Bu da abituriyentlərin həm dərslərə, həm də istirahətə düzgün zaman ayırmasına kömək edəcək. Həmçinin övladları ilə ünsiyyət zamanı onlar üçün rahat mühit yaratmaq abituriyentlərin stress səviyyəsini aşağı salır və özlərini daha yaxşı hiss etmələrinə səbəb olur.

kaspi.edu.az