XƏBƏRLƏR

Universitet imtahanlarına hazırlıq dövründə valideynlərin abituriyentlərə dəstəyi necə olmalıdır?

Kaspi Abituriyentin psixoloqu İlkin Əliyev: “Valideynlər övladlarına dəstək verdiklərini hiss etdirməli və onları bacarıqlarına görə qiymətləndirməlidirlər”

Universitet imtahanlarına hazırlıq dövrü, hər bir gənc üçün əhəmiyyətli bir mərhələdir. Bu dövrdə abituriyentlər həm akademik, həm də emosional baxımdan ciddi sınaqlarla üzləşirlər. Valideynlərin dəstəyi bu müddətdə övladlarının uğurunu artırmaq və onların psixoloji sağlamlığını qorumaq üçün həlledici rol oynayır.

Bəs valideynlər bu dövrdə uşaqlara necə dəstək olmalıdırlar?

Kaspi Abituriyentin psixoloqu İlkin Əliyev imtahan ərəfəsində şagird və valideynlərin prosesə yanaşmasının vacibliyini izah edir. Belə ki, imtahanlara hazırlıq abituriyentlərdə böyük stress və narahatlıq yarada bilir. Bu zaman valideynlərin uşaqlara həssas yanaşması çox əhəmiyyətlidir.

Müsbət və anlayışlı yanaşma

“Bu, stressi daha asan idarə etməyə kömək edir. Abituriyentdə özünə inam yaratmaq, onları müsbət motivasiya etmək özlərinə olan inamını artırır. Əks münasibət isə abituriyentlərin psixoloji vəziyyətini daha da pisləşdirə bilir”. Psixoloq bildirir ki, digər bir məqam valideynlər tərəfindən abituriyentin dərs prosesini və inkişafını izləmək, onun dərs prosesinə maraq göstərmək və lazım olduqda dəstək verməsidir: “Bu, abituriyentlərin təhsil həyatına kömək edir. Lakin valideynlər bu nəzarəti balanslı şəkildə etməlidir. Həddindən artıq nəzarət və müdaxilə abituriyentə mənfi təsir edir”.

Fiziki və zehni sağlamlığın qorunması

İ.Əliyev qeyd edir ki, imtahanlara hazırlıq dönəmində fiziki və zehni sağlamlığın qorunması xüsusi əhəmiyyət kəsb edir: “Abituriyentlərin düzgün qidalanması, yuxu rejimi və fiziki aktivliyi valideynlər tərəfindən təmin olunmalıdır. Bu abituriyentlərin diqqətlərini daha yaxşı toplamasına və dərslərə yönəlməsinə kömək edir. Lakin əlavə fəaliyyətlər elə planlanmalıdır ki, onlar dərslərə maneə olmasın”.

Gözləntilərin adekvat, uyğun olması

Psixoloq hesab edir ki, gözləntilərin adekvat, uyğun olması da vacib amildir: “Gözləntilərin həddindən artıq olması abituriyentlərdə təzyiq yaradaraq, özgüvəni azalda və stress səviyyəsini artıra bilir: “Valideynlər övladlarına dəstək verdiklərini hiss etdirməli və onları bacarıqlarına görə qiymətləndirməlidirlər. Valideynlərin hazırlıq müddətində abituriyentlərə göstərdiyi dəstək onların uğuru və psixoloji sağlamlığı üçün həlledici roll oynayır”.

kaspi.edu az

07.10.2024