XƏBƏRLƏR

Bu gün Milli Musiqi Günüdür

İndi Musiqi bayramı işğaldan azad olunan torpaqlarımızda da keçirilir

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. Bu gün sadəcə musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş.  

Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci il sentyabrın 18-də Şuşada anadan olub. O, dünya şöhrətli bəstəkar, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948) olub.

kaspi.edu.az xəbər verir ki, Ü.Hacıbəyli milli musiqi xəzinəsinə yeni janr və formatlarla zənginləşdirən bir sıra əsərlər bəxş edib, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan “Koroğlu” operasını bəstələyib. O, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni Azərbaycan Respublikasının Dövlət Himnlərinin musiqisinin müəllifidir.

Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoyub və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik edib. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb və dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub. Görkəmli musiqi xadimləri onu “professional Şərq musiqisinin atası” adlandırıblar. Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü. Hacıbəylinin anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunub.

Bu gün dahi Üzeyir bəyin, Qarabağ torpağını musiqi beşiyinə çevirən digər bəstəkar və xanəndələrin ruhu sakitlik tapıb. İndi Musiqi bayramı o torpaqlarda da təntənə ilə keçirilir.

kaspi.edu.az

18.09.2024