XƏBƏRLƏR

IV ixtisas qrup üzrə seçim zamanı valideyn və abituriyentlərə tövsiyələr

Artıq Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanları yekunlaşıb, abituriyentlərin imtahan nəticələri bəlli olub. DİM tərəfindən verilən məlumata əsasən ixtisas seçimi bütün ix­ti­sas qrupları üzrə 2024-cü il avqustun 9-dan 19-dək in­ter­­net vasitəsilə aparılacaqdır. DİM valideyn və abituriyentlər üçün ixtisas seçimi zamanı faydalı olacaq statistik məlumat kitabçaları, ötən ilki keçid balları üzrə xüsusi buraxılış və jurnallar nəşr etmişdir. Bütün bunlardan istifadə edərək, Kaspi Təhsil Şirkətinin ekspertləri ixtisas qrupları üzrə cari vəziyyəti analiz edib, ötən ilki məlumatlarla müqayisə aparıb, valideyn və abituriyentlərin seçim zamanı diqqət yetirməli olduqları vacib məqamları müəyyənləşdirib. İxtisas seçimi olduqca ciddi və məsuliyyətli bir mərhələdir. Burada diqqətli və ehtiyatlı davranmaq, seçim etmək lazımdır.

 

IV ixtisas qrup üzrə abituriyentlərin imtahan nəticələrinin analizi və müqayisəsi

Respublika ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 3520 nəfər, rus bölməsi üzrə tələbə qəbulu planı 330 nəfər, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 750 nəfər, ümumilikdə tələbə qəbulu planı 4600 nəfər təşkil edir, o cümlədən dövlət sifarişi isə 3135 nəfərdir.

İmtahan nəticələrinə əsasən ümumi balı 200-dən və imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan 3781 abituriyent - Azərbaycan bölməsi üzrə 3257 nəfər və rus bölməsi üzrə 524 nəfər; ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan 4752 abituriyent - Azərbaycan bölməsi üzrə 4050 nəfər və rus bölməsi üzrə 702 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıb.

 

Aşağıdakı məqamlara diqqət yetirin:

1) Ötən il – 2023-cü il ilə müqayisədə Respublika ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 355 nəfər artırılmış, rus bölməsi üzrə isə 35 nəfər azaldılmış, lakin hər iki bölmənin birgə müsabiqəsi üzrə isə 180 nəfər artırılmışdır, cəmi tələbə qəbulu planı 500 nəfər artırılmışdır.

2) Ötən il – 2023-cü il ilə müqayisədə Dövlət Sifarişi üzrə tələbə qəbulu planı isə 90 nəfər artırılmışdır.

 

IV ixtisas qrup üzrə seçim zamanı valideyn və abituriyentlərə tövsiyələr

1) Respublika ali təhsil müəssisələrinin IV ixtisas qrupuna ümumilikdə tələbə qəbulu planı 4600 nəfər olduğu halda, müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı cəmi 3781 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 4752 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər təşkil edir. Bu da o deməkdir ki, Müsabiqənin 1-ci şərti üzrə bütün abituriyentlərin "tələbə" adını qazanmaq şansı var, ümumilikdə abituriyentlərin sayı plan yerlərinin sayından 819  (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) azdır. Lakin Müsabiqənin 2-ci şərti üzrə abituriyentlər ixtisas seçimində diqqətli olmalıdırlar, çünki abituriyentlərin sayı plan yerlərinin sayından 152 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər çoxdur. Əlbəttə abituriyentlər seçimlərini doğru şəkildə etməlidirlər.

 

2) Dövlət sifarişi üzrə tələbə qəbulu planı 3135 nəfər təşkil edir. Bu da o deməkdir ki, 340-350 baldan yuxarı nəticə göstərən abituriyentlər ixtisas seçimində Dövlət Sifarişini qeyd edə biləcəklər, çünki ümumilikdə 3188 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 3211 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) abituriyent 340 baldan yuxarı nəticə göstərmişdir. Əlbəttə balı daha yüksək olan abituriyentlər seçim zamanı 15 mümkün yerdən daha çoxuna Dövlət Sifarişi qeyd edə bilər, lakin balı nisbətən aşağı olan abituriyentlər isə diqqətli davranmalıdırlar, onlar seçim zamanı ödənişli əsaslara daha üstünlük verməlidir.

 

3) 340-350 baldan aşağı nəticə göstərən abituriyentlər ödənişli əsasları seçə bilər.

 

4) Bal aralıqlarına diqqət yetirsək görəcəyik ki, ötən il – 2023-cü il ilə müqayisədə Azərbaycan bölməsi üzrə 350-700 bal aralığında abituriyent saylarında xeyli artım var. Bu da o deməkdir ki, yüksək keçid balları dəyişəcəkdir və artacaq; ona görə də seçim zamanı diqqətli olmaq lazımdır. Eyni zamanda, Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı da ötən il – 2023-cü il ilə müqayisədə 355 nəfər artıb. Bu da abituriyentlərin xeyrinə olan bir amildir, ona görə də seçim zamanı abituriyentlər ötən ilki keçid ballarından 30-40-50 bal yüksək yerləri yaza bilər və seçimdə çox diqqətli olmalıdır.

 

5) Bal aralıqlarına diqqət yetirsək görəcəyik ki, ötən il – 2023-cü il ilə müqayisədə rus bölməsi üzrə də 350-700 bal aralıqlarında abituriyentlərin sayında müəyyən qədər artım var. Eyni zamanda, rus bölməsi üzrə tələbə qəbulu planı da ötən il – 2023-cü il ilə müqayisədə 35 nəfər azalıb. Bu da o deməkdir ki, keçid balları dəyişəcəkdir və artacaq; ona görə də seçim zamanı abituriyentlər ötən ilki keçid ballarından 20-30-40 bal yüksək yerləri yaza bilər və seçimdə çox diqqətli olmalıdır.

 

6) Ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan abituriyentlərin sayı ötən il – 2023-cü il ilə müqayisədə, istər Azərbaycan, istərsə də rus bölməsi üzrə xeyli artmışdır. Ona görə də həmin kateqoriyaya aid olan abituriyentlər də seçim zamanı xüsusilə diqqətli olmalıdırlar: ötən ilki keçid balları xeyli yüksələcəkdir. Onlar əsasən ödənişli əsasları seçməli və ötən ilki keçid ballarından xeyli aşağı yerləri yazmalıdırlar. Xüsusilə 190 baldan aşağı nəticə göstərən abituriiyentlər seçimləri zamanı çox diqqətli olmalıdırlar. Belə ki, onların ali təhsil müəssisələrinə qəbul ola bilməmək kimi ehtimalı çox yüksəkdir. Çünki IV ixtisas qrupu üzrə ümumi qəbul planı 4600 nəfər olduğu halda, 4615 nəfər abituriyent 190 baldan yuxarı nəticə göstərmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

10.08.2024