II ixtisas qrup üzrə seçim zamanı valideyn və abituriyentlərə tövsiyələr

Artıq Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanları yekunlaşıb, abituriyentlərin imtahan nəticələri bəlli olub. DİM tərəfindən verilən məlumata əsasən ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2024-cü il avqustun 9-dan 19-dək internet vasitəsilə aparılacaqdır. DİM valideyn və abituriyentlər üçün ixtisas seçimi zamanı faydalı olacaq statistik məlumat kitabçaları, ötən ilki keçid balları üzrə xüsusi buraxılış və jurnallar nəşr etmişdir. Bütün bunlardan istifadə edərək, Kaspi Təhsil Şirkətinin ekspertləri ixtisas qrupları üzrə cari vəziyyəti analiz edib, ötən ilki məlumatlarla müqayisə aparıb, valideyn və abituriyentlərin seçim zamanı diqqət yetirməli olduqları vacib məqamları müəyyənləşdirib. İxtisas seçimi olduqca ciddi və məsuliyyətli bir mərhələdir. Burada diqqətli və ehtiyatlı davranmaq, seçim etmək lazımdır.
II ixtisas qrup üzrə abituriyentlərin imtahan nəticələrinin analizi və müqayisəsi
Respublika ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 11335 nəfər, rus bölməsi üzrə tələbə qəbulu planı 575 nəfər, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2640 nəfər, ümumilikdə tələbə qəbulu planı 14550 nəfər təşkil edir, o cümlədən dövlət sifarişi isə 4390 nəfərdir.
İmtahan nəticələrinə əsasən ümumi balı 200-dən və imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan 6777 abituriyent - Azərbaycan bölməsi üzrə 6220 nəfər və rus bölməsi üzrə 557 nəfər; ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan 11684 abituriyent - Azərbaycan bölməsi üzrə 10622 nəfər və rus bölməsi üzrə 1062 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıb.
Aşağıdakı məqamlara diqqət yetirin:
1) Ötən il – 2023-cüil ilə müqayisədə Respublika ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 1145 nəfər artırılmış, rus bölməsi üzrə isə 20 nəfər artırılmış, hər iki bölmənin birgə müsabiqəsi üzrə 100 nəfər artırılmışdır, cəmi tələbə qəbulu planı 1265 nəfər artırılmışdır.
2) Ötən il – 2023-cü il ilə müqayisədə Dövlət Sifarişi üzrə tələbə qəbulu planı isə 65 nəfər artırılmışdır.
II ixtisas qrup üzrə seçim zamanı valideyn və abituriyentlərə tövsiyələr
1) Respublika ali təhsil müəssisələrinin II ixtisas qrupuna ümumilikdə tələbə qəbulu planı 14550 nəfər olduğu halda, müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı cəmi 6777 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 11684 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər təşkil edir. Bu da o deməkdir ki, bütün abituriyentlərin “tələbə” adını qazanmaq şansı var, ümumilikdə abituriyentlərin sayı plan yerlərinin sayından 7773 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 2866 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər azdır. Əlbəttə abituriyentlər seçimlərini doğru şəkildə etməlidirlər.
2) Dövlət sifarişi üzrə tələbə qəbulu planı 4390 nəfər təşkil edir. Bu da o deməkdir ki, 320-330 baldan yuxarı nəticə göstərən abituriyentlər ixtisas seçimində Dövlət Sifarişini qeyd edə biləcəklər, çünki ümumilikdə 4496 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 4568 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) abituriyent 320 baldan yuxarı nəticə göstərmişdir. Əlbəttə balı daha yüksək olan abituriyentlər seçim zamanı 15 mümkün yerdən daha çoxuna Dövlət Sifarişi qeyd edə bilər, lakin balı nisbətən aşağı olan abituriyentlər isə diqqətli davranmalıdırlar, onlar seçim zamanı ödənişli əsaslara daha üstünlük verməlidir.
3) 320 baldan aşağı nəticə göstərən abituriyentlər ödənişli əsasları seçə bilər.
4) Bal aralıqlarına diqqət yetirsək görəcəyik ki, Azərbaycan bölməsi üzrə abituriyentlərin sayı ötən il – 2023-cü il ilə müqayisədə 300-700 bal aralıqlarında xeyli artıb. Eyni zamanda, Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı da ötən il – 2023-cü il ilə müqayisədə 1145 nəfər artıb. Bu da o deməkdir ki, Azərbaycan bölməsi üzrə seçim zamanı ötən ilki keçid ballarında nisbətən artım baş verəcəkdir, ona görə də seçim zamanı abituriyentlər ötən ilki keçid ballarından 40-50-60 bal yüksək yerləri yaza bilər.
5) Bal aralıqlarına diqqət yetirsək görəcəyik ki, rus bölməsi üzrə abituriyentlərin sayı ötən il – 2023-cü il ilə müqayisədə 450-700 bal aralıqlarında demək olar ki dəyişməyib, 1-5 nəfər artıb, 300-450 bal aralıqlarında nisbətən artıb, 200-300 bal aralıqlarında isə azalıb. Eyni zamanda, rus bölməsi üzrə tələbə qəbulu planı da ötən il – 2023-cü il ilə müqayisədə 20 nəfər artıb. Bu da o deməkdir ki, rus bölməsi üzrə seçim zamanı ötən ilki keçid ballarında ciddi bir dəyişiklik baş verməyəcək, ona görə də seçim zamanı abituriyentlər ötən ilki keçid ballarından 50-70-90 bal yüksək yerləri yaza bilər.
6) Ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan abituriyentlərin sayı ötən il – 2023-cü il ilə müqayisədə, istər Azərbaycan, istərsə də rus bölməsi üzrə xeyli artmışdır. Ona görə də həmin kateqoriyaya aid olan abituriyentlər də seçim zamanı xüsusilə diqqətli olmalıdırlar: ötən ilki keçid balları xeyli yüksələcəkdir. Onlar əsasən ödənişli əsasları seçməlidir. (xüsusilə 150-200 bal aralığında nəticə göstərən abituriyentlər)