XƏBƏRLƏR

Uğurlu abituriyentlərimizi siz də tanıyın

Abituriyentlər və valideynlər qazandıqları yüksək nəticəyə görə Kaspi Abituriyent Hazırlığı  Kurslarına minnətdarlıq edirlər

2023/2024-cü tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər arasında Kaspi Abituriyent Hazırlığı  Kurslarında təhsil alan abituriyentlər də çoxdur. Onlar Buraxılış və Blok imtahanlarından yüksək bal toplayaraq valideynlərinə və oxuduqları təhsil müəssisələrinə böyük sevinc və qürur hissi yaşadıblar. Onlar “Bu günün Kaspi abituriyenti sabahın universitet tələbəsidir” şüarını sözün həqiqi mənasında doğruldublar.

kaspi.edu.az olaraq həmin abituriyentlərin siyahısında 600+ bal toplayanları oxucularımıza tanıtmaq qərarına gəldik. Bu gənclərin uğuru təkcə biliklərə yiyələndikləri təhsil müəssisəsini və valideynlərini qürurlandırmır,  həmçinin gələcəkdə ali məktəbə daxil olmağı qarşısına məqsəd qoyan şagirdlər üçün layiqli örnəkdir.

Beşlikdə yer alan uğurlu abituriyentlərimizi siz də tanıyın:

Şəbnəm Əsədova           (Elmlər filialı -630.65)

Zərifə Mustafayeva          (Qəbələ -628.8_)

Kamran Əbdurahmanov (Qəbələ -628.4)

Emin Cəfərov                    (Əhmədli 627.1

Kənan Piriyev                   (Gəncə -627.1)

Əzm, inam, plan və məqsədlə çalışmaq

Şəbnəm Əsədova: “Buraxılış və blok imtahanlarında 630,65 bal yığaraq yüksək nəticə əldə etmişəm”-deyə bildirir: “Mən bu uğuru valideynlərimin dəstəyi, Kaspi Abituriyent Hazırlığının, müəllimlərimin verdiyi təhsillə qazanmışam. İnsan hər bir nailiyyəti əzmlə, inamla, planla və məqsədlə çalışaraq əldə edə bilər. Mən də özümü gələcəyin peşəkar hüquqşünası gördüyüm üçün bu yolda yorulmadan, gecə-gündüz çalışdım. Özümə və bütün abituriyentlərə istədiyimiz ixtisaslara əzm və iradə ilə yiyələnməyi arzu edirəm!”

Zərifə Mustafayeva uğurun sirrini aşağı siniflərdə oxuyarkən tapıb: “Mən uğurun sirrini dərslərimə səylə çalışmağımda görürəm. Məqsədim ixtisasımı mükəmməl öyrənmək, magistr və yuxarı təhsil pillələrini xarici universitetlərdə oxumaq və müxtəlif dillər öyrənməklə ölkəmi tanıtmaqdır”. Z.Mustafayeva oxuduğu məktəbə və müəllimlərinə minnətdarlıq edir: “Müəllimlərimin öyrətdikləri, üzərimdə olan əziyyətləri danılmazdır. Məktəb bizi tam yetkin bir fərd kimi gələcəyə hazırlayıb. Həm məktəbdəki, həm kursdakı bir-birindən dəyərli müəllimlərimə sonsuz təşəkkür edirəm!” Abituriyent ali məktəbə hazırlaşan şagirdlərə tövsiyələrini də verir: “Dərslərinə aşağı siniflərdən çox önəm versinlər, “mən 3-cü qrupam, fizika, kimya oxumuram”-deyə heç bir qrupu ayırmasınlar. Bütün fənləri oxusunlar ki, ilkin məlumatları olsun. Çox təkrar etsinlər, davamlı test işləsinlər və səhvləri üzərində daha çox vaxt ayırsınlar. Dəqiq məqsədləri olsun və hər gün o məqsədə çatmaq üçün çalışsınlar”.

Uğursuz olmaq üçün heç bir səbəb yoxdur

Kamran Əbdurahmanov da imtahanda yüksək bal toplamasına görə oxuduğu məktəb və kursdakı müəllimlərinə minnətdarlıq edir: “Uğurumun sirri müəllimlərimin əməyidir. Təbii ki, öz çalışqanlığım da uğurumda böyük rol oynadı. Arzum ölkəmə və cəmiyyətə faydalı olmaqdır. Gələn tədris ilində imtahan verəcək gənclərə arzum budur ki, dərslərini bacardıqları qədər yaxşı oxusunlar. Fikrimcə, uğursuz olmaq üçün heç bir səbəb yoxdur, sadəcə bəhanələr var”.

Xalqımıza və vətənimizə layiqli xidmət etmək

Emin Cəfərov “Bu nailiyyəti əldə etmək üçün öz üzərimdə çalışdım və hədəfimdən geri dönmədim”-deyir: “Təbii ki, bu yolda tək olmadım, məni hər zaman dəstəkləyən valideynlərimə, qrup yoldaşlarıma və başda qrup rəhbərim Zamin müəllim olmaqla bütün müəllimlərimə təşəkkür edirəm! Uğurumda hər birinin əvəzsiz rolu olub. Arzum kompüter sahəsində mükəmməl mütəxəssis olmaqdır. Ali təhsil pilləsində məsuliyyətlə oxuyacaq, layiqli mütəxəssis olmaq üçün əlimdən gələni edəcəyəm”.

Kənan Piriyev “İmtahanlarda yüksək nəticə toplamağımda müəllimlərim və valideynlərim daim mənə dəstək olub və yol göstəriblər. Uğurumun əsas səbəbkarları Kaspi müəllimləri və valideynlərimdir. Onlar məndən qayğılarını əsirgəməyib, daha da yaxşı olmağım üçün çalışıblar”- deyə minnətdarlıq edir: “Mən dərslərimə məsuliyyətlə davam etmək üçün var gücümlə çalışırdım və şükürlər olsun ki, bunu da bacardım. Əlbəttə, hər gün dərs oxumaq insanı yorurdu, amma sonda qazanacağım uğuru düşünərək müəllimlərimin verdiyi tapşırıqları vaxtında yerinə yetirirdim. Sevinirəm ki, imtahanlarda yüksək bal topladım. Arzum Polis Akademiyasını fərqlənmə ilə bitirərək xalqıma və vətənimə layiqli xidmət etməkdir”.

Kaspi Təhsil Şirkəti olaraq bütün abituriyentlərimizə gələcək təhsillərində uğurlar arzulayırıq!

kaspi.edu.az

 

 

31.07.2024