Bu gün Milli Mətbuat Gündür
Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır
Azərbaycan milli mətbuatı tarixinin ilk səhifələrindən həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı da yerinə yetirir.
Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir. Milli mətbuatımız “Əkinçi” ilə başlanan maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıb. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. Azərbaycan milli mətbuatının təməlini qoyan bu qəzet, ikiillik ömür yaşasa da, xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. “Əkinçi”dən sonra onun yolunu milli mətbuatın yeni səhifələrini açan “Ziya”, “Kəşkül”, “Kaspi” və digər qəzetlər davam etdirdi.
.jpg)
Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Söz və mətbuat cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri, qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətdə ictimai fikri və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir.
Müasir qloballaşma dövründə azad və müstəqil kütləvi informasiya vasitələrinin mövcudluğu cəmiyyət həyatında əhəmiyyətli təsirə malikdir.
Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası ötən 149 ildə müxtəlif dövrlərdə ağır sınaqlara məruz qalsa da hər çətinliyə dözmüş və tutduğu şərəfli yoldan dönməmişdir. Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır.
Müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir.
Ulu Öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.
kaspi.edu.az