600+ toplayan abituriyentlərimizi siz də tanıyın
Abituriyentlər və valideynlər yüksək nəticəyə görə Kaspi Abituriyent Hazırlığı kurslarına minnətdarlıq edirlər
2023/2024-cü tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər arasında Kaspi Abituriyent Hazırlığı Kurslarında təhsil alan abituriyentlər də yer alıb. Onlar Buraxılış və Blok imtahanlarından yüksək bal toplayaraq valideynlərinə və oxuduqları təhsil müəssisələrinə böyük sevinc və qürur hissi yaşadıblar. Onlar “Bu günün Kaspi abituriyenti sabahın universitet tələbəsidir” şüarını sözün həqiqi mənasında doğruldublar.
kaspi.edu.az olaraq həmin abituriyentlərin siyahısında 600+ bal toplayanları oxucularımıza tanıtmaq qərarına gəldik. Bu gənclərin uğuru təkcə biliklərə yiyələndikləri təhsil müəssisəsini və valideynlərini qürurlandırmır, həmçinin gələcəkdə ali məktəbə daxil olmağı qarşısına məqsəd qoyan şagirdlər üçün də layiqli örnəkdir.
Beləliklə, onları sıra ilə təqdim edirik.
İkinci beşlikdə yer alan uğurlu abituriyentlərimizin siyahısı:
Zeyqəm Hüseynli - (Mərdəkan filialı- 674.9)
Samur Eyyubov - (Qəbələ- 674.7 )
Rübabə Səmədzadə - (Əhmədli -674.6)
Lalə Xancanova - (Qəbələ 672.4)
Bəhlul Abdullazadə - (Əhmədli 667.9)
Kaspi müəllimlərinin motivasiyası

Zeyqəm Hüseynli də uğurunun sirrini açıqlayır: “Uğuru qazanmaq o qədər də asan olmadı. İlk növbədə özüm üçün nizam-intizam yaratdım. Ən çətini elə bu idi. Eyni zamanda, fikrimi yayındıra biləcək vasitələri özümdən uzaqlaşdırdım. Sosial şəbəkələrdən istifadə etmədim. Bu qaydalar məni uğuru qazanmağa çox yaxınlaşdırdı. Qazandığım uğurda mənə yardımçı olan çox insan var və onların hər birinə borcluyam. İlk növbədə ailəmə minnətdaram! Onlar ilk gündən arxamda durdular. Nə zaman yorulsam və ya bezsəm həmişə motivasiya verirdilər. Ailəmdən sonra Kaspi Mərdəkan hazırlıq kurslarının rəhbərliyinə və müəllimlərinə borcluyam. Onlar abituriyentlərin yüksək nəticə qazanması üçün əllərindən gələni edirdilər. Bizə hər cür dəstək olurdular. Bu diqqət və qayğı da təbii ki, mənim əldə etdiyim nəticəyə böyük təsir etdi. Arzum informasiya təhlükəsizliyi ixtisasına yiyələnməkdir. Bu, gələcəyi olan bir sahədir və iş imkanları çoxdur”. Z.Hüseynli gələn ilin məzunları üçün biliklərə yiyələnmə təcrübəsini bölüşür: “Mənim kimi özünüzə nizam-intizam yaradın. Fikrinizi yayındıran şeyləri özünüzdən uzaqlaşdırın. Ətrafınızı da düzgün seçmək çox vacibdir. Çox çalışan və yüksək nəticə göstərənlərlə münasibətdə olsanız, təbii ki, siz də onlardan biri olarsınız. Müəllimlərin verdiyi tapşırıqlarla kifayətlənməyin. Özünüz də axtarın, araşdırın. Əgər hər hansı gün motivasiyanız olmasa və dərs oxumaq istəməsəniz yadınıza salın ki, bu çəkdiyiniz zəhməti boşa verəcək. Odur ki, kitabı əlinizdən yerə qoymayın!”
Hədəfə doğru yol

Samur Eyyubov uğurunun sirrini çox çalışmaqda görür: “Uğur qazanmaq üçün düzgün metodlardan istifadə etmək lazımdır. Hər bir abituriyent özü üçün ən yaxşı metodlardan istifadə edərək yüksək nəticə əldə edə bilər. Mənim yüksək nəticə göstərməyimdə əvəzsiz rolu olan Qəbələ ARB-ə çox təşəkkür edirəm! Arzum budur ki, seçdiyim ixtisası maksimum dərəcədə öyrənərək ölkəmə və xalqıma faydalı bir insan olum! Məktəb hər bir şagirdin düzgün şəxsiyyət kimi formalaşması üçün çox əhəmiyyətlidir. Məktəb müəllimləri insanların həyatında unudulmayacaq yerə sahib olurlar. Bunun üçün bütün müəllimlərimə təşəkkür edirəm! İmtahanlarda yüksək nəticə qazanmağımda Elşad müəllimin və Gülnar xanımın böyük rolu var. Bu müəllimlər mənim insan kimi formalaşmağımda da rol oynayıblar. Həmçinin məni boya-başa çatdıran, hər zaman qayğıma qalan valideyinlərimə minnətdaram. Ümid edirəm, onlar üçün üçün fəxr edəcəkləri övlad olmuşam!”

Rübabə Səmədzadənin uğurunun sirri də maraqlıdır: “Uğur qazanmağın sirrini hər zaman özünə inamda görmüşəm. Xəyallarını reallaşdırmaq üçün ilk olaraq onun üzərində yetəri qədər istəməli, sonra da arzuna çatmaq üçün lazımi qədər çalışmalısan. Hədəf təyin etməkdən, ona çatmaq üçün daim özünü inkişaf etdirməkdən, yeni şeylər öyrənməkdən, sual verməkdən, dəstək almaqdan qorxmamalısan. Bu yolda daha əzmli addımlar atmağıma kömək olmuş valideynlərimə, Kaspi Təhsil Şirkətinin əməkdaşları və müəllimlərinə, eləcə də hazırlıq müddəti boyunca çətinliklərin öhdəsindən birlikdə gəldiyimiz dostlarıma sonsuz minnətdarlıq edirəm. Gələcək abituriyentlərə tövsiyə edirəm ki, “bacarmaram” deyib özlərinə hədəf seçməkdən çəkinməsinlər, daha böyük xəyallar quraraq onlara çatmaq üçün daha çox çalışsınlar. Və ən əsası, nə olur olsun, özləri ilə qürur duysunlar. Bu yolda kiçik uğursuzluqlar yaşasalar belə arzularını və hədəflərini xatırlayıb daha inamlı şəkildə irəli getməyi bacarsınlar”.
Bizə uğurun yolunu göstərənlər

Lalə Xancanova uğurunun sirrini dərslərə hər zaman hazırlıqlı olmaq, təkrar etmək və verilən tapşırıqları yerinə yetirməklə əlaqələndirir: “Arzum istədiyim universitetə qəbul olaraq hüquqşünas olmaqdır. Məktəbdəki və kursdakı müəllimlərim hər zaman mənə dəstək olublar. Onlar öyrətdikləri ilə yanaşı, imtahanla əlaqəli gərginliyi azaltmaq üçün və s. vəziyyətlərdə hər zaman bizə yardım ediblər. Müəllimlərimiz bizə uğurun yolunu göstəriblər. Bizdən sonra gələn məzunlara da tövsiyəm odur ki, hər zaman dərslərini yaxşı oxusunlar və məqsədyönlü olsunlar. Onda arzularına çatacaqlar”.
Lalənin atası Elvin Xancanov övladı ilə qürur duyur: “Hər bir valideynin arzusu olduğu kimi mənim də arzum idi ki, övladım imtahanda yüksək nəticə qazansın. Mən bir valideyn olaraq övladımın bu uğuru ilə qürur duyuram. Lalənin timsalında bütün məzunlara uğurlar arzulayıram!”

Bəhlul Abdullazadə imtahanlardan yüksək bal qazanmasının səbəbini ata-anasının dəstəyi və Kaspi hazırlıq kursunda aldığı təhsillə əlaqələndirir: “Mən Kaspi kurslarında peşəkar müəllimlərdən dərs aldım. Onlar daim bizi həvəsləndirdilər, qayğı göstərdilər. Onlar bu 2 ildə mənim həyata baxışımın təkmilləşməsində və yüksək bal toplamağımda müstəsna rol oynayıblar. Mən onlara bir daha təşəkkür edirəm və daim yaddaşımdadırlar!” B.Abdullazadənin arzusu peşəkar mütəxəssis və ölkəmizə layiqli vətəndaş olmaqdır: “Arzum vətənimə, dövlətimə və xalqıma yaxşı mütəxəssis kimi qulluq etməkdir. Gələn il instituta daxil olmaq istəyənlərə tövsiyəm budur: zəhmət və səbr - bunların nəticəsində yaxşı elm qazanılır”.
Kaspi Təhsil Şirkəti olaraq bütün abituriyentlərimizə gələcək təhsillərində uğurlar arzulayırıq!
kaspi.edu.az