XƏBƏRLƏR

Kaspi Liseyi - 10 illik uğur dolu yol

“Yaşıl arzularla gələcəyə doğru” adlı tədbir həm də Məzun Günü kimi tarixləşdi

“Kaspi Liseyi 10 illik yubileyini qeyd edir. Bu illər ərzində mənəvi dəyərlərimizə sahib çıxmağı öyrəndik. Pandemiyanın təhsilimizə zərər vurmaması üçün səylə çalışdıq. 44 günlük müharibə zamanı bir ailə  necə birləşərsə Kaspi ailəsi olaraq biz də elə birləşdik, gözümüz kitabda, əlimiz  qələmdə oldu - arxa cəbhədə belə döyüşdük. Şücaətli ordumuzun geri aldığı ana torpaqlarımızın sevincini birgə yaşadıq. Ulu Öndər Heydər Əliyevin “Yalnız milli düşüncəli gənclər müstəqil dövləti inkişaf etdirə və qoruya bilər” kəlamı bizim amalımız oldu”.

Kaspi liseylərinin 10 illiyinə həsr olunan 2023/24-cü tədris ilinin yekun tədbirində səslənən bu fikirlər təhsil ocağının bu illər ərzindəki fəaliyyətini vərəqləməyə, ictimaiyyət qarşısında növbəti hesabat verməyə fürsət yaratdı. “Yaşıl arzularla gələcəyə doğru” adlı tədbir həmçinin bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP-29) dəstək məqsədi daşıdı.

Kaspi Liseyinin növbəti Məzun Gününün də təhsil ocağının 10 illik yubileyi ilə üst-üstə düşməsi tədbirin mahiyyətini daha da artırdı.

Tədbirdə Vətən torpaqlarının azadlığı uğrunda şəhid olan övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla anıldı. Azərbaycanın Dövlət Himni səsləndi.

Milli-bəşəri dəyərləri özündə əks etdirən məktəb

Auditoriya Kaspi Liseyinin fəaliyyətini əks etdirən videoçarxı böyük maraqla izlədi. Qeyd edildi ki, 10 il ərzində Kaspi Liseyi ən yüksək və nüfuzlu özəl ümumtəhsil müəssisəsinə çevrilə bilib: “Kaspi liseyi hər zaman yenilikləri, təhsildə innovasiyaları ilə liderliyini qoruyub saxlayır, ölkəmizin təhsilində islahatların təşəbbüsçüsü kimi çıxış edir.  “Mükəmməl milli təhsil amalımızdır” şüarı ilə 10 il əvvəl yola çıxan təhsil ocağı bu gün Azərbaycan təhsilinin inkişafına uğurla öz töhfələrini verməkdə davam edir. Fəaliyyətə başladığı ilk gündən milli-bəşəri dəyərləri özündə əks etdirən, müasir tələblərə cavab verən keyfiyyətli və peşəkar təhsil vermək məqsədilə yaradılmış özəl orta məktəb öz amalına sadiqliyi daim nümayiş etdirir”.

10 il Kaspi Liseyləri üçün hər il ali məktəblərə qəbul imtahanlarında 100 faizlik nəticə, yerli və beynəlxalq müsabiqələrdə, nüfuzlu bilik yarışlarında, olimpiadalarda qazanılan qızıl medallar, Buraxılış imtahanları üzrə özəl məktəblər arasında birincilik, məzunlar arasında qızıl medalçılar və Prezident təqaüdçülərinin uğurları deməkdir. Bu illər  Beynəlxalq və yerli olimpiadalarda qazanılan 100-dən çox medal, beynəlxalq imtahanlar, Beynəlxalq sertifikatlı peşəkar pedaqoji heyətin uğurlarıdır.

Kaspi Liseyinin hazırda Bakı şəhərində fəaliyyət göstərən 3 məktəbi şagirdlərinin uğurları ilə haqlı olaraq fəxr edir. 2014-cü ildən Bakıxanov qəsəbəsində fəaliyyətə başlayan Bakıxanov Liseyi, 2015-ci ildən fəaliyyət göstərən Ağ Şəhər liseyi hər il tələbə qəbulunda da, Respublika və beynəlxalq bilik yarılarında da uğurlu nəticələrə imza atır. 2018-ci ildən fəaliyyətə başlayan Kaspi Beynəlxalq Məktəbinin uğurları da Liseyin ümumi nailiyyətləri sırasında yer alıb.

Kaspi Liseyinin ingilis bölməsi üzrə tədrisi Kembric beynəlxalq proqramı əsasında həyata keçirilir. Lisey 2023-cü ildən etibarən Kembric Beynəlxalq məktəbinin rəsmi lisenziyalı nümayəndəsi kimi fəaliyyət göstərir.

Liseydə şagirdlərdə bacarıq və qabiliyyətlərin formalaşdırılması, onların istedadının, intellektual və yaradıcı potensialının üzə çıxarılması, həmçinin müasir və keyfiyyətli təhsil almaları üçün əlverişli şərait yaradılıb. 3 Dildə (Azərbaycan, Rus və İngilis) dillərində keçirilən dərslər müasir tədris proqramları və təlim texnologiyaları əsasında tədris edilir.

Yeni nəslin intellektual inkişafının vacib hissəsi olan İKT üzrə bacarıqların inkişafı üçün liseydə müxtəlif layihələr həyata keçirilir. STEMART STEAM Akademiyası tərəfindən İnformatika fənninin və  STEAM dərslərinin tədrisi beynəlxalq təcrübəyə əsaslanır.

Liseydə fəaliyyət göstərən Robotika, Şahmat, Proqramlaşdırma, idman, təsviri incəsənət, musiqi, rəqs, dram klubları şagirdlərin zehni, fiziki inkişafında və sosiallaşmasında mühüm rol oynayır. Təhlükəsiz və dəstəkləyici tədris mühiti, şagirdlərə təqaüdlə təhsil imkanı; elektron idarəetmə sistemi ilə şagirdlərin izlənməsi kimi proseslər Liseyin adını öncül təhsil müəssisəsi kimi tanıdıb.

Liseydə “Milli yaddaş” layihəsi çərçivəsində görkəmli  insanlarla – yazıçılar və şairlərlə şagirdlərin mütəmadi keçirilən görüşləri onların yaddaşına ömürlük yazılır, böyüyən nəsildə milli-mənəvi dəyərləri aşılayır.

Liseyin Sosial fəaliyyətləri çərçivəsində şagirdlər ekskursiyalara cəlb edilir, mütəmadi “Açıq qapı” günləri keçirilir. Liseydə təşkil olunan xeyriyyə yarmarkaları, şəhid ailələri və  Vətən müharibəsi qaziləri ilə görüşlər də şagirdlərin yaddaşında silinməz izlər buraxır, onların vətənpərvər ruhda böyümələrinə dəstək olur.

Daim bizim yanımızdasınız

Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva məzunları və tədbir iştirakçılarını təbrik edərək: “Daha bir tədris ilinin sonuna çatdıq. Bu gün məzunlarımızı yola salırıq”- dedi: “10 il əvvəl valideynləri onların əllərindən tutaraq Kaspi Liseyinə gətirmişdilər. İllər keçdi, bu gün  onları özgüvənli, iradəli, yeni dünyagörüşə malik gənclər kimi müstəqil həyata yola salırıq. Bu əlamətdar gün iki tarixi hadisə ilə - Liseyin 10 illiyi və ölkəmizin ev sahibliyi edəcəyi beynəlxalq iqlim dəyişikliyinə həsr olunan COP-29  konfransı ilə üst-üstə düşür”. Təsisçi valideynlərə səsləndi: “Biz bu illər ərzində onlara yaxşı təhsil verməyə çalışmışıq. Onları milli mənəvi dəyərlərə və müasir texnologiyalara yiyələnən gənclər kimi yetişdirməyə çalışmışıq. Onlar gələcəyin qurucularıdır. Təkcə ölkəmizin deyil, dünyanın inkişafına töhfə verəcək gənclərin yetişməsinə töhfə verdiyimizə görə özümüzü xoşbəxt hiss edirik. Təhsil işi müqəddəs olmaqla bərabər, məsuliyyətlidir. Siz övladlarınızı bizə əmanət etdiyiniz vaxt onların uğur qazanmasına lisey olaraq məsul idik. Biz buna görə daim ayaq üstdə idik. İctimaiyyət qarşısında hər bir hesabatda üzüağlığımızı sübut etməyə çalışmışıq”. S.Vəliyeva Kaspi liseyinin fəaliyyətinin əsasında Ulu Öndər Heydər Əliyevin tövsiyələrini əsas tutduqlarını vurğuladı: “Ulu Öndər: “Azərbaycan cəmiyyətinin inkişafında  təhsilin böyük rolu olmalıdır”- deyə qeyd edirdi. Çünki təhsil millətin gələcəyidir. Biz Azərbaycanın gələcək qurucularını yetişdirərkən onların dünya ölkələrindən bir addım öndə olması üçün hazırlamışıq. Ulu Öndərin “Mən həyatımda qazandığım bütün uğurlar üçün məktəbə və müəllimə borcluyam” fikirləri də bizim qarşımızda müəllimin məsuliyyətini artırmaq, müasir müəllim ordusu hazırlamaq məqsədimizə təkan verir”. S.Vəliyeva qeyd etdi ki, ölkə rəhbəri İlham Əliyev də daim milli-mənəvi dəyərlərin aşılanmasında müəllimin rolunu bilavasitə önə çəkir: “Bu ali düşüncə illər sonra öz bəhrəsini verir. Bu ruhda tərbiyə alan gənclik Ali Baş Komandanın əmri ətrafında səfərbər olaraq torpaqlarımızı işğaldan azad etdi. Bizim uşaqlarımız mili-mənəvi ruhda tərbiyə alan, amma dünya gəncləri ilə rəqabətə girən, texnoloji yenilikləri dərindən bilən, ixtiralara açıq olan gənclərdir. Biz dövrün tələblərinə uyğun müasir biliklərə yiyələnmiş, yüksək peşəkarlığa malik əsl vətəndaş yetişdiririk. Özəl təhsil ocağı kimi məqsədimiz həm cəmiyyət, həm dövlət qarşısında ikiqat çətindir. Biz daha keyfiyyətli müəllim kollektivi ilə Kaspi dəyərlərinə uyğun – etibarlı, intellektli, mükəmməl və uğurlu gənclər yetişdirməyə çalışırıq. Hər il məktəbi bitirən məzunlarımız 100 faizlik nəticə ilə ölkəmizin və xarici ölkələrin ali məktəblərinə qəbul olurlar.  Liseyin xaricdə oxuyan məzunları - böyük bir mühəndis, həkim ordusu sabah Azərbaycana qayıdıb müxtəlif sahələrdə öz töhfəsini verəcək”. S.Vəliyeva  bu il liseyi bitirib məzun olan gənclərə uğurlar arzuladı: “Biz sizin taleyinizdən narahat deyilik. Əminik ki, harada olsanız, orada uğur qazanacaqsınız. Siz bu gün məktəbdən ayrıla bilərsiniz, amma  “Məzun klubu”nun üzvü olaraq daim bizim yanımızdasınız. Hər birinizə uğurlar arzulayırıq!”

Qızıl, Gümüş və Fərqlənmə medalları

Tədbirdə liseylərin 10 illiyi ilə əlaqədar  2023-2024-cü tədris ilində müxtəlif olimpiadalarda (Fənn, incəsənət, idman istiqamətində) xüsusi nəticələr göstərmiş şagirdlər üçün təsis edilən Qızıl və Gümüş  “Kaspi 10 illik fərqlənmə medalı” fərqlənən şagirdlərə təqdim olundu. Ən yüksək nəticəyə görə 9 şagird Qızıl medal; Yüksək nailiyyətlərə görə 28 şagird Qızıl medal; Yüksək nailiyyətlərə görə 53 şagird Gümüş medal ilə təltif olundular. Ümumilikdə  hər iki lisey üzrə 90 şagird Qızıl və Gümüş medallarla təltif olundu. Eyni zamanda, medalların sertifikatı şagirdlərə təqdim edildi.

Tədbirdə həmçinin “Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində” may ayında elan olunan video müsabiqənin qalibləri – ilk üç yeri qazanmış komandalar sertifikat və pul mükafatları ilə mükafatlandırıldı. Qaliblərin videoları nümayiş olundu.

Tədbirin bədii hissəsi lisey şagirdlərinin rəngarəng kompozisiyaları ilə, məzunların müəllimlərinə həsr etdikləri mahnılarla yadda qaldı.

Səhnəyə dəvət alan Məzunlar Kaspi Təhsil Şirkətinin rəhbərliyinə və müəllimlərinə təşəkkür edərək ənənəyə uyğun olaraq Azərbaycan Bayrağını 10-cu sinif şagirdlərinə təhvil verdilər. Gələn ilin məzunları ölkəmizə sadiq vətəndaş olacaqlarına and içərək müqəddəs bayrağımızı qəbul etdilər.

Tədbirin sonunda Kaspi Təhsil Şirkətinin rəhbərliyi və müəllimləri məzunlarla xatirə şəkli çəkdirdi.

kaspi.edu.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

05.06.2024