XƏBƏRLƏR

"Ana dilinin keşikçisi"

Xalq yazıçısı Anar Kaspi Liseyində qonaq olub

Kaspi Liseyi “Milli yaddaş” dərslərini uğurla davam etdirir. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın Kaspi Ağ Şəhər Liseyində məktəbin müəllim və şagird kollektivi ilə keçirilən görüşü də bu layihənin davamı kimi əbədiləşib.

Xalq yazıçısının həyat və yaradıcılığına həsr olunan “Ana dilinin keşikçisi” adlı tədbir Anarın Azərbaycan ədəbiyyatındakı mövqeyini, gənc ədəbiyyatçıların həyatında oynadığı rolu, ümumən nəsrimizə verdiyi töhfələri və ictimai xadim kimi cəmiyyətdəki statusunu bir daha xatırladıb.

Tədbirdə həmçinin YB Gənclər Şurasının sədri, şair Fərid Hüseyn, “Qobustan” jurnalının baş redaktoru Pərvin Nuraliyeva da iştirak edib.

Tədbir görkəmli yazıçının “Taksi” şeirinə bəstələnmiş slayt və mahnı ilə başlayıb.

Kaspi Təhsil Şirkətinin təsisçisi, şairə-publisist Sona Vəliyeva “Milli yaddaş” layihəsi çərçivəsində görkəmli insanlarla keçirilən görüşlərin şagirdlərin yaddaşında həmişə yaşayacağını qeyd edərək, layihənin azərbycançılığı, milli-mənəvi dəyərləri təbliğ etdiyini bildirib: “Milli ruha yaxın şəxslər yetişdirmək üçün milli yaddaşa ehtiyac var. Bu məqsədlə liseydə mütəmadi elm, incəsənət, ədəbiyyat xadimləri ilə, torpqalarımızı işğaldan azad edən Vətən müharibəsi veteranları, şəhid ailələri ilə  görüşlər keçirilir: “Biz uşaqların azərbaycançılıq, milli-mənəviyyat dərslərini birbaşa olaraq dəvət etdiyimiz insanların özündən öyrənmələri üçün bu cür görüşləri təşkil edirik”.

S.Vəliyeva Anarın yaradıcılığı haqqında məlumat verərək Xalq yazıçısını görkəmli nasir, dramaturq, şair, ssenarist, böyük nəslin övladı kimi dəyərləndirib: “Anar müəllim Nigar Rəfibəyli ilə Rəsul Rzanın oğludur. O, böyük bir sevgi dastanı yaşadan ailənin övladıdır. Tanrı SÖZ-ü o nəslə var-dövlət kimi bəxş edib”. Təsisçi Anarın bütövlükdə türk dünyasında tanınan şəxsiyyət olduğunu qeyd edib: “Anar müəllimin adı dünya insanlarına, ədəbiyyatsevərlərə yaxşı məlumdur. Yazıçını sevdirən təkcə əsərlərinin məzmunu deyil, həm də onun torpağına bağlılığı, vətəndaş mövqeyidir. Anar müəllimin dövlətçiliyə münasibəti ruhi yaddaşdır. İstər ana, istər ata tərəfdən soykökü Azərbaycana bağlıdır. O, ruhi dövlətçilik yaddaşından çıxış edərək Dədə Qorqudu yazdı. Dövlətin, torpağın qorunmasının şərtlərini bu əsərdə ortaya qoydu. Hər millətin Anar kimi yazıçısı olmalıdır ki, o obrazı ortaya çıxara bilsin”. Anarı böyük ictimai xadim kimi dəyərləndirən S.Vəliyeva yazıçının vətəndaşlıq mövqeyini yüksək qiymətləndirib: “Azərbaycanın dərdi həmişə Anar müəllimin içindən keçib, o, ölkəmizlə bağlı məsələlərdə həmişə vətəndaş mövqeyindən çıxış edib”.

Xalq yazıçısının araşdırmaçısı Pərvin Nuraliyeva və Fərid Hüseyn də Anarın Azərbaycan ədəbiyyatından tutduğu mövqedən danışıblar.

Tədbir Anarın əsərləri əsasında hazırlanan kompozisiyalar, səhnəciklər, mahnı, şeir və rəqs nömrələri ilə davam edib.

Kaspi Ağ Şəhər Liseyinin sosial işlər üzrə rəhbəri Elnur Əzizovun ifasında “Əlvida” kompazisiyası içtirakçılara xoş ovqat bəxş edib. Anarın “Ötən ilin son gecəsi” adlı əsərinin motivləri əsasında Liseyin teatr klubunun hazırladığı tamaşa da maraqla qarşılanıb. 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbirdə Liseyin Xor kollektivinin ifasında “Şirin dil” mahnısı səslənib. Eləcə də, “İncə bellim” kompazisiyası, “Dədə Qorqud və Çoban” tamaşası, Dədə Qorqud obrazlı Anarın prototipinin ifasında onun “Yaşa, Şuşa” şeiri mərasimə xoş əhval-ruhiyyə yaşadıb.  

Tədbirin sonunda Anar məktəblilərlə hər görüşün onun üçün yaddaqalan və əhəmiyyətli olduğunu qeyd edərək dəvətə görə Kaspi Təhsil Şirkətinin rəhbərliyinə təşəkkürünü bildirib.

Hörmətli qonağa “Milli Yaddaş” dərsləri silsiləsindən olan tədbirdə iştirak etdiyinə görə plaket və şagirdlərin əl işi olan rəsm tablosu hədiyyə olunub.

Sonda qonaqlarla xatirə şəkli çəkilib.

kaspi.edu.az

22.02.2024