XƏBƏRLƏR

Kaspi Abituriyent Xidmətinin I Yarımil üzrə HESABATI

Görülən işlər də, qazanılan nəticələr də bir-birini tamamlayır

Kaspi Abituriyent Xidməti 2023-2024-cü Tədris ilinin I yarımilini uğurla başa vurub. Təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı  ictimaiyyətə təqdim etdiyi HESABAT da uğurların göstəricisidir.

Kaspi Təhsil Şirkətinin Abituriyent Xidmətinin rəhbəri Rəsul Ağayev kaspi.edu.az-a müsahibəsində Kaspi Abituriyent Hazırlığının xidmətinin 15 ildən də çox olan fəaliyyətinə nəzər salmaqla yanaşı, hazırkı uğurlarından danışıb. Həmçinin abituriyent hazırlığı ilə bağlı Kaspi Təhsil Mərkəzlərində həyata keçirəcəyi yeniliklərdən söhbət açıb.  

10000-dən çox Kaspi məzunu – “tələbə”dir.

- Rəsul müəllim, Kaspi Abituriyent Xidməti 2023/2024-cü Tədris ilinə hansı yeniliklərlə start verib?

- Kaspi Abituriyent Xidməti 2022/2023-cü Tədris ilini uğurla başa vuraraq, 2023-cü ilin avqust ayından etibarən mərhələli şəkildə yeni tədris ilinə qədəm qoyub. İdarə Heyətimiz, müəssisə rəhbərlərimiz və digər məsul əməkdaşlarımızla birgə müzakirələr əsasında aldığımız qərarlar və qəbul olunmuş İllik Fəaliyyət Planı üzrə müəssisələrimizdə 2023/2024-cü Tədris ilinə start vermişik. Onu da qeyd edim ki, Kaspi Abituriyent xidməti 2008-ci ildən fəaliyyətə başlayıb və artıq 15 ildən çoxdur ki, bu sahədə uğurlu fəaliyyətini davam etdirir. Bu günə qədər 10000-dən çox Kaspi məzunu “tələbə” adını qazanıb. Məzunlarımızla qürur duyur, onlara təhsil və karyera fəaliyyətlərində uğurlar arzulayırıq!

- Tədris prosesi əsasən hansı filiallarda həyata keçirilir və hansı kateqoriya təhsilalanları əhatə edir?

- Kaspi Abituriyent xidmətini Bakı şəhərində 5 filial – Kaspi Elmlər, Əhmədli, Xətai, Bayıl və 28 May filiallarında, eləcə də Kaspi Gəncə və Kaspi Sumqayıt filiallarında və regionlardakı nümayəndəliklərimizdə ictimaiyyətə təqdim edirik. Müəssisələrimizdə tədris prosesi Azərbaycan və Rus bölmələri üzrə 5-ci sinifdən 11-ci sinfə qədər şagirdlərin hazırlığını özündə ehtiva edir: 5-8-ci sinif şagirdləri Buraxılış imtahanlarına hazırlıq kurslarında, 9-11-ci sinif şagirdləri və əvvəlki illərin məzunları isə Buraxılış və Blok imtahanlarına hazırlıq kurslarında iştirak edir.

Eləcə də abituriyentlərin bilik və bacarıqlarını ölçüb-qiymətləndirmək üçün 2-ci sinifdən 11-ci sinfə qədər şagirdlər üçün mütəmadi olaraq Sınaq imtahanları təşkil olunur. Abituriyentlər Kaspi sınaq imtahanlarında iştirak edərək, özlərinin imtahanlara hazırlıq vəziyyəti ilə bağlı səhih və dəqiq məlumat əldə edə bilirlər.

Valideynlərlə qarşılıqlı əməkdaşlıq

- Kaspi Abituriyent xidmətində “Müəllim-Valideyn-Abituriyent Üçbucağı” necə qurulub?

- İlk olaraq, onu qeyd edim ki, Kaspi Abituriyent  Xidmətində peşəkar müəllimlərimiz və qayğıkeş inzibati heyətimiz, onların valideynlərlə qarşılıqlı əməkdaşlığı uğurlarımızın əsasını təşkil edir. Tədrisə başladığımız ilk gündən etibarən müxtəlif istiqamətlərdə addımlarımızı qətiyyətlə atmaqda davam edirik. Valideynlərlə əməkdaşlıq Kaspi Abituriyent Xidmətinin ən vacib istiqamətlərindən biridir: valideynlərimiz övladlarının tədris fəaliyyəti ilə bağlı mütəmadi olaraq məlumatlandırılır.

Kaspi Abituriyentin psixoloqu İlkin Əliyev tərtib edilmiş İllik Fəaliyyət planına uyğun olaraq, hər ay həm abituriyentlər, həm də valideynlər üçün vacib mövzularda seminarlar keçirib, fərdi konsultasiyalar vasitəsilə onlara dəstək olub, faydalı tövsiyələr verib. Bu istiqamətdə fəaliyyətimiz ardıcıl olaraq, davam etdirilir.

Eləcə də noyabr ayında valideynlərimiz üçün “Bir addımda iki məqsəd: övladını təhsilli bir gələcəyə hazırla!” adlı Valideyn Konfransımızda Respublikamızın nüfuzlu psixoloq, mentor və təlimçiləri Dr.Nəcəf Allahverdiyev, Elmir İskəndərov Elçin Həsən spikerlər qismində iştirak ediblər. Spikerlər valideyn-övlad münasibətlərinin müxtəlif aspektləri, müasir dövrdə təhsilin və karyera sahələrinin inkişaf tendensiyaları ilə bağlı maarifləndirici məlumatlar verib. Valideynlərimizlə bu istiqamətdə fəaliyyətlərimiz davam etdiriləcək.

Bundan əlavə, hər ay təşkil olunan Sınaq imtahanlarımızdan sonra abituriyentlərimizin nəticələri çap edilərək, valideynlərə göndərilir. Valideyn toplantılarında fənlər üzrə müəllimlər valideynə övladı barədə ətraflı məlumat verir, valideynin fikirlərini dinləyir, abituriyentin uğurlu nəticəsi üçün ümumi ortaq qərar alınır.

Kaspi Abituriyent xidməti Müəllim-Valideyn-Abituriyent əməkdaşlığı üçün daim yeniliklər edir və tədrisin keyfiyyətinə müsbət təsir göstərməsindən ötrü çalışır. Buna görə də valideyn və abituriyentlər arasında məmnuniyyət sorğuları keçirilir, nəticələri araşdırılır və müvafiq tədbirlər görülür.

Kaspi Təcrübə Proqramı -10

- Kaspi Abituriyent Xidməti öz sıralarında peşəkar və eləcə də gənc müəllimləri birləşdirir. Kaspi Təhsil Mərkəzlərində tədris prosesində iştirak etmək, çalışmaq istəyən çoxlu müəllimlər də var. Onlar Kaspi Abituriyentə qoşulmaq üçün necə əlaqə yarada bilərlər?

- Gənc müəllimlərin yetişdirilməsi və işə cəlb olunması məqsədilə sentyabr ayından etibarən “Kaspi Təcrübə Proqramı 10 (KTP 10)” layihəsini həyata keçirməyə başladıq. Artıq 10-cu ildir ki, müəllimliyə namizəd yüzlərlə gənc Təcrübə Proqramımızda iştirak edərək, pedaqoji bilik və bacarıqlarını artırır, təkmilləşdirir və müəllim heyətimizə qoşulmaq imkanı qazanır.

Onu da qeyd edim ki, Təcrübə Proqramımız 2 mərhələlidir: fevral ayından etibarən 2-ci mərhələdə iştirak etmək istəyən gənc müəllimlər, universitetlərin 4-cü kurs və magistratura pilləsində təhsil alan tələbələr Proqramımıza müraciət edə biləcək. Bunun üçün https://www.kaspi.edu.az/career/ linkinə daxil olub, müraciət formasını doldurub, onlayn şəkildə bizə göndərmələri kifayətdir. Müəllim olmaq istəyən gənc namizədləri peşəkar müəllimlər heyətimizin sıralarında görmək ən ümdə arzumuzdur!

Sınaq imtahanına qoşul!

- Kaspi sınaq imtahanlarında iştirak etmək istəyənlər də çoxdur. Onlar üçün hansı məlumatları verərsiniz?

- Oktyabr ayından etibarən Sınaq imtahanlarımız keçirilir: bura Buraxılış və Blok fənləri üzrə Mövzu və Ümumi sınaq imtahanları (9-11-ci sinif şagirdləri və əvvəlki illərin məzunları üçün), Rus bölməsi üçün Azərbaycan dili (dövlət dili) üzrə sınaq imtahanları, Fənn sınaq imtahanları (2-8-ci sinif şagirdləri üçün), Lisey və Gimnaziyalara Qəbul Sınaq imtahanları (4-7-ci sinif şagirdləri üçün) aiddir.

Abituriyentlər https://www.kaspisınaq.com saytı vasitəsilə imtahanda iştirak Biletini (İmtahana Buraxılış Vərəqini) əldə edir: onlayn qeydiyyatdan keçərək, istənilən Kaspi sınaq imtahanlarında iştirak edə bilir.

İmtahan tarixləri, imtahana düşəcək mövzular sosial şəbəkələrdəki səhifələrimizdə öncədən elan olunur; eləcə də imtahanlardan dərhal sonra testlərin doğru cavabları və video həlləri paylaşılır. Yazılması tələb olunan açıq tipli testlərin marker müəllimlərimiz tərəfindən yoxlanılmasından sonra isə abituriyentlərin nəticələri və cavab kartlarının surətləri abituriyentlərə təqdim olunur.

Sınaq imtahanlarından sonra Kaspi Təhsil Mərkəzlərimizdə təhsil alan abituriyentlərin nəticələrinin analizi aparılır, abituriyentlərin fənlər üzrə göstəriciləri, müəllimlərimizin qruplar üzrə göstəriciləri müqayisə edilir. Müəllim toplantıları keçirilərək, tədris prosesinin gedişatı, abituriyentlərimizin dərs çalışmaları, çətinliklər və onların həlli yolları, növbəti imtahana qədər atılmalı addımlar müzakirə olunur və qərarlar qəbul edilir.

Buraxılış imtahanlarına az vaxt qalıb!

- IX və XI sinif şagirdləri mart və aprel aylarında Buraxılış imtahanları verəcək. İmtahanlara hazırlıqlar sizi qane edirmi?

- Artıq 2023/2024-cü Tədris ilinin I yarımilini başa vurub, II yarımilinə qədəm qoyuruq. Dövlət İmtahan Mərkəzi (DİM)  tərəfindən keçiriləcək Buraxılış və Qəbul imtahanları ilə cari il üzrə həyata keçirdiyimiz tədris fəaliyyətinin yekun nəticəsini görəcəyik. 9-cu və 11-ci sinif şagirdləri mart və aprel aylarında Buraxılış imtahanları verəcəklər.

Buna uyğun olaraq, Kaspi abituriyentləri üçün 2 aylıq İntensiv Təkrar Kampaniyasına start verilib. Bu müddət ərzində abituriyentlərimiz bir daha keçilmiş mövzuları sürətli şəkildə təkrarlayır, hər həftə DİM formatında sınaq imtahanlarında iştirak edir və testlər müəllimlərimiz tərəfindən izah olunur. Bu zaman abituriyentlərimiz imtahan təcrübəsi qazanmaqla yanaşı, DİM test suallarının tipləri və modelləri ilə bir daha tanış olur, testlərin həlli yollarını öyrənir, test yerinə yetirmə - biliklərini testə düzgün tətbiq etmə vərdişini qazanır. Bu imtahanlar abituriyentlərimizin imtahan qorxusunu, həyəcanını və stressini azaldır, imtahana daha uğurlu hazırlaşmalarını təmin edir.

Əminliklə deyə bilərik ki, çəkilən heç bir zəhmət yerdə qalmır, öz bəhrəsini verir. Abituriyentlərə tövsiyələrimiz odur ki, ilk növbədə özlərinə inansınlar; biliklərini daim artırsınlar və təkrarlayaraq möhkəmləndirsinlər; öyrəndiklərini həmişə analiz edərək, mənimsəsinlər; test yerinə yetirərkən, soruşulan məsələ və məqamlara diqqətlə yanaşsınlar; imtahana uyğun çoxsaylı test tapşırıqları yerinə yetirərək, test işləmə vərdişi qazansınlar.

Asudə vaxtın düzgün təşkili – sosial fəaliyyətlər

- Şagirdlərin elmə, bilik yarışmalarına marağını artırmaq üçün hansı addımlar atılır?

- Noyabr ayında Zəfər gününə həsr olunmuş Bilik Yarışması təşkil olundu. Yarışma qalibləri dəyərli hədiyyələr, Sertifikat və Diplomlarla təltif edildilər. Abituriyentlərin elmə, maarifləndirici yarışlara marağını artırmaq və yeni biliklər qazandırmaq məqsədilə təşkil edilən Kaspi Bilik Yarışmaları davam etdiriləcəkdir.

Kaspi Abituriyent hazırlığı kurslarında təhsil alan abituriyentlərimiz üçün “Kaspi Təqaüdçüsü” layihəsinə başladıq. Yüksək nəticələr əldə edən Kaspi abituriyentləri aylıq təqaüd, həvəsləndirici mükafat və eləcə də “Qalib” Sertifikatı ilə təltif olunub. Şüarımız: “Bu günün Kaspi təqaüdçüsü, sabahın Prezident təqaüdçüsüdür!”

Eləcə də təhsilalanların asudə vaxtlarının düzgün təşkili, sosial fəaliyyətlərdə iştirakları da olduqca əhəmiyyətlidir. Bununla bağlı müəssisələrimizdə əməkdaşlarımız müvafiq layihələri icra edirlər.

Kaspi Abituriyent hazırlığı kursları və Kaspi Liseylərində təhsil alan abituriyentlər üçün hər həftə “Xəmsə” və “Breyn Rinq” İntellektual Bilik Yarışmaları da təşkil olunur. Bilik yarışmalarının keçirilməsində məqsəd abituriyentlərimizin intellektual səviyyəsini yüksəltmək və onların istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etməkdən ibarətdir.

Hazırlıq dövründə abituriyentlərimizin səhhəti, sağlamlığı, düzgün qidalanması, yuxu rejimi və istirahəti daim diqqət mərkəzində saxlanmalıdır.

Yeniliklərimiz çoxdur!

- Kaspi Abituriyent Xidməti tərəfindən növbəti tədris ilinə hazırlıq üçün həyata keçiriləcək yeniliklər və layihələr hansılardır?

- 2023/2024-cü Tədris ilinin 2-ci yarımilində bizi yeni fəaliyyətlər və yeni layihələr gözləyir. Yeni uğurlarımızla məhsuldar bir dövrə qədəm qoyuruq. Belə ki, artıq növbəti 2024/2025-ci Tədris ilinə hazırlıq işlərimizi də paralel olaraq həyata keçiririk:

  • İlk olaraq, ictimaiyyətə yeni bir platforma - Tədrisin Onlayn İdarəetmə Sistemini (TOİS) təqdim edəcəyik. Bu Onlayn Platforma Müəllim-Valideyn-Abituriyent fəaliyyətinin daha effektiv təşkil edilməsi üçün innovativ bir alət, eyni zamanda Kaspi abituriyentlərinin virtual təhsil məkanı olacaqdır. Burada tədris resursları ilə yanaşı, tədris prosesinə nəzarət də həyata keçiriləcəkdir;
  • Eləcə də Kaspi Abituriyent xidmətimizi valideynlərə daha yaxın ərazilərdə təqdim etmək üçün yeni məkanlarda fəaliyyətə başlayırıq. Bura həm Kaspi filialları, həm də Kaspi Françayzinq xidməti üzrə fəaliyyət ərazilərimizin genişləndirməsi daxildir;
  • Kaspi nəşrləri olaraq abituriyentlərimizin səmərəli hazırlığını təmin etmək üçün fənlər üzrə yeni dərs vəsaitləri və test toplularımızı təqdim edəcəyik. Bu nəşrlər müəssisələrimizin müəllimləri ilə yanaşı, Respublikamızın dərslik sahəsində böyük təcrübəyə malik mütəxəssislərlə birlikdə hazırlanaraq ərsəyə gəlib. DİM-in fənlər üzrə tədris proqramlarına əsaslanan nəşrlərimiz öz əhəmiyyəti və məqsədəuyğunluğu ilə seçilir;
  • Mart və aprel aylarında təhsilalanları Kaspi Abituriyent Kurslarına Qəbul İmtahanları gözləyir. Bu imtahanlarda iştirak edərək hər bir şagird xüsusi güzəşt və endirimlər qazanacaq və növbəti tədris ilində Kaspi abituriyenti olaraq, Buraxılış və Blok imtahanlarına uğurla hazırlaşmaq imkanı əldə edəcəkdir.

8-ci, 9-cu və 10-cu sinif şagirdləri üçün nəzərdə tutulan Qəbul imtahanımızda şagirdlərə aktiv iştirak etməyi, güzəşt və endirimlərdən yararlanmağı tövsiyə edirik.

“Bu günün Kaspi abituriyenti sabahın universitet tələbəsidir!”- şüarımız isə fəaliyyətimiz boyu bizimlə birgə addımlayır.

Kaspi Abituriyent Hazırlığı xidmətini seçən və bizə etimad göstərən hər bir vətəndaşımıza təşəkkürümüzü bildiririk!

Kaspi.edu.az

 

 

24.01.2024