Ulu Öndərə həsr olunan bilik yarışı
Kaspi Liseyləri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər keçirib
Kaspi Liseyinin Bakıxanov və Ağ Şəhər filialında Ulu Öndər Heydər Əliyevin anım gününə və 100 illik yubileyinə həsr olunan “Breyn-Ring” yarışı keçirilib.
Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Bakıxanov Liseyinin direktoru Sahil Əliyev məktəblilər üçün keçirilən bu tip tədbir və bilik yarışlarının Ulu Öndərin mənalı həyat yolunu öyrənmək üçün yaxşı fürsət olduğunu bildirib: “Bir çox təlimçilər fərdi inkişafla bağlı tövsiyələrində uğurlu insanların həyatlarını oxumağı məsləhət görürlər. Bu, şagirdlərin, böyüyən nəslin həyatda özlərinə layiqli yer tapmaqları üçün ən əhəmiyyətli tövsiyədir. Bir çox belə şəxsiyyətlərin bioqrafiyası kitab kimi nəşr olunub. Həmin kitablar vasitəsilə onların çətinliklərlə üzləşəndə verdikləri qərarlar və davranışlarını öyrənmək və həyat yollarına bələd olmaq mümkündür. Bu cür nümunələr sizin həyat təcrübəsi qazanmağınıza kömək edir. Ümummilli lider Heydər Əliyevin bioqrafiyası da belə nadir nümunələrdəndir”. S.Əliyev bildirdi ki, bu tərcümeyi-hal hər bir məktəblinin oxumalı olduğu bioqrafiyadır: “Siz bu həyat nümunəsini mütləq oxuyun. Ulu Öndərin keçdiyi çətin və şərəfli həyat sizə çox şey öyrədəcək. Bu həyat yolu təhsillə, sosial həyatla bağlı sizin üçün əsil örnək olacaq”. Direktor xatırlatdı ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə, ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə qayıtdığı, Naxçıvanda blokadada yaşadığı illərdə xalqa aşıladığı inam onun lider kimi böyük uğurudur: “Ulu Öndərin insanlarda necə inam yaratmağı və ölkəni irəli aparması liderlikdə əsas bacarıqdır. Siz gələcəkdə bir şirkətdə rəhbər olsanız bu keyfiyyətlərə malik olmalısınız. Kollektivin inamını qazanmaq əsas şərtdir. Bunun üçün isə Heydər Əliyevin tərcümeyi-halını oxuyun. Onun haqqında sənədli filmləri izləyin. Xalqın həyatında belə bir xidmət göstərmiş rəhbəri tanımaq hamının borcudur”. S.Əliyev bildirdi ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də məhz liderlik keyfiyyətlərinə yiyələnərək xalqımızı irəli aparıb: “Prezident İlham Əliyev xalqımızın birliyinə arxalanaraq Ulu Öndərin Qarabağı azad etmək arzusunu yerinə yetirdi. Bu gün ölkəmizdə əmin-amanlıq, dövlətimizdə sabitlik varsa hamısı vaxtında atılan addımların, uzaqgörən siyasətin nəticəsidir”.
Liseydə Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan bilik yarışı liseyin Tarix fənn birləşməsini əhatə edib.
Tədbirdə həmçinin Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan video-çarx nümayiş olunub. Məktəb xorunun və şagirdlərin ifasında Ulu Öndərə, Zəfərimizə həsr edilən mahnı və şeirlər səslənib, rəqslər ifa olunub. Liseyin Cambridge bölməsi Ulu Öndərin aforizmə çevrilən fikirlərini ingilis dilində səsləndirib.
Tədbirin sonunda qalib komandalar mükafatlandırılıb.
kaspi.edu.az