"Breyn-Ring" yarışması keçirilir!
Yarışma 9-10-cu siniflərin şagirdləri üçün nəzərdə tutulub
Noyabr ayından etibarən Kaspi Abituriyent Hazırlığı kurslarında və Kaspi Liseylərində oxuyan 9 və 10-cu sinif şagirdləri arasında “Brain Ring” Bilik yarışması keçirilir. Kaspi Abituriyent xidmətinin rəhbəri Rəsul Ağayev kaspi.edu.az- a bildirib ki, yarışmalar turnir şəklində may-iyun ayına qədər davam edəcək: “Yarımfinal və Final turları may-iyun aylarında keçiriləcək. Bu yarışların abituriyentlərin dərsdənkənar - sosial fəaliyyəti istiqamətində də faydalı olacağına inanıram. Nəticədə, yarışma abituriyentlər üçün sadəcə bir təhsil tədbiri olmayıb, həm də onların fərqli sahələrdə inkişaf etmələri və yeni bacarıqlar əldə etmələri üçün bir baza kimi xidmət edəcəkdir”.
İştirakçılar: Elmlər, Əhmədli, Xətai, Bayıl, 28 May və Sumqayıt filiallarının abituriyentləri, Bakıxanov və Ağ şəhər liseylərinin şagirdləridir.
Yarışmanın aparıcısı olan Elmidar Süleymansoy hazırda “Xəmsə”, “Brain Ring” və digər intellektual yarışmaların təşkili və keçirilməsi ilə də məşğul olur.
Yarışma sualları Riyaziyyat, Azərbaycan dili, İngilis dili fənləri və Dünyagörüşü mövzuları üzrə tərtib olunur.
Yarışmanın keçirilməsində məqsəd tədrisin keyfiyyətini artırmaq, şagirdlərin elmə, maarifləndirici yarışlara marağını artırmaq, onlara yeni biliklər qazandırmaq, şagirdlərin intellektual səviyyəsini yüksəltmək və istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etməkdən ibarətdir.
Kaspi.edu.az