XƏBƏRLƏR

8 Noyabr- Zəfər Günüdür

Kaspi Təhsil müəssisələri böyük qələbəmizə həsr olunan silsilə tədbirlər keçirir

44 günlük Vətən müharibəsində qələbəmiz böyük Zəfər Günü kimi tarixə yazıldı. Hər il 8 Noyabr tarixində bu şərəfli gün təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da qeyd edilir. Azərbaycan xalqının və dövlətinin qüdrətinin rəmzinə çevrilmiş bu möhtəşəm Zəfərin tarixi əhəmiyyəti bir əsrin hüdudlarına sığmır. Bu möhtəşəm qələbə ilə Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu, dövlətimizin ərazi bütövlüyü təmin edildi, son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə sarsıdıcı zərbə endirildi və xalqımızın tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələ həll edildi.

Kaspi.edu.az xəbər verir ki, Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün Ermənistanın 1988-ci ildə başladığı, 1992-ci ildə isə miqyasını genişləndirdiyi etnik təmizləmə siyasəti və işğalçılıq müharibəsi nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal olunmuşdu. Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovulmuşdu. Azərbaycanlılara qarşı milli nifrət və düşmənçilikdən qaynaqlanan ağır cinayət aktları həyata keçirilmiş, XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı, bir sıra digər qətliam əməlləri törədilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazdılar. İşğalçı qüvvələrə ağır zərbələr endirildi, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edildi. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri - Noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyi gün kimi tariximizə yazıldı.    

Prezident İlham Əliyevin Sərəncamına əsasən Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbənin – Zəfər Gününün hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alındı.

Ölkəmizin hər yerində və dünyadakı soydaşlarımız indi bu şərəfli tarixi böyük qürur hissi ilə qeyd edirlər. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həlak olan şəhidlərimizin ruhuna dualar oxunur, qazilərimizə, veteranlarımıza Allahdan şəfa dilənir, sağlıq arzulanır. 

Kaspi Təhsil Müəssisələrində də Zəfər Gününə həsr olunan silsilə tədbirlər keçirilir. Torpaqlarımızın işğaldan azad edilməsi zamanı qəhrəmanlıq göstərən qazilər məktəblilərin qonağı olur, onlara öz döyüş yollarından, Azərbaycan ordusunun şücaətindən, Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsindən, xalqımızın birliyindən söhbət açırlar. Şagirdlərə Qarabağ müharibəsinin tarixindən, 44 günlük müharibədəki böyük Zəfərimizin əhəmiyyətindən danışılır, vətənpərvərlik hissləri aşılanır.

Kaspi Təhsil Şirkəti Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edir, şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyir!

Zəfər Günümüz mübarək!

Kaspi.edu.az

 

07.11.2023