XƏBƏRLƏR

Təhsildə nailiyyətləri və Qəbul imtahanında yüksək nəticələri ilə fərqlənən filial

“Kaspi Abituriyent Bayıl” da təhsil al, ali məktəbə qəbul ol!”

Kaspi Abituriyent Hazırlığının Bayıl Filialı ildən-ilə yeni nailiyyətlərə imza atır. Filialın kollektivi qarşılarına imtahanlardan yüksək bal toplayan, ali məktəblərə qəbul alan şagird yetişdirməklə yanaşı, zəngin mənəvi dəyərlərə, azərbaycançılıq ideyalarına malik, vətənpərvər gənclər yetişdirməyi də məqsəd qoyub.

Filialın direktoru İlqar İsgəndərov kaspi.edu.az-a müsahibəsində bundan sonra da fəaliyyətlərini uğurla davam etdirəcəklərinə əmin olduğunu bildirdi:

-İlqar müəllim, ötən tədris ili filial üçün hansı uğurlarla yadda qaldı?

-2022-2023-cü tədris ili bir çox uğurlarımız ilə yadda qalan oldu. Ötən illərdə olduğu kimi, 2022-2023-cü tədris ilində də filialın inzibati və pedaqoji komandasının fəaliyyəti və səyi nəticəsində DİM-in Qəbul İmtahanlarında abituriyentlərimiz yüksək nəticələr əldə etdilər. Buna misal olaraq 644,5 bal toplayaraq yüksək nəticə göstərən məzunumuz Nərmin Cəfərovanı qeyd edə bilərik. Nərmin Cəfərova Kaspi Təhsil Şirkəti üzrə 600 baldan yuxarı nəticə göstərənlər arasında ilk beşliyə düşən tələbəmiz oldu.

Onu da qeyd edim ki, rus bölməsi üzrə 1-ci sinfə Qəbul imtahanlarının çətinliyinə baxmayaraq Məktəbəqədər şöbəmizdə təhsil alan uşaqların hamısı lisey, gimnaziya və məktəblərə yüksək nəticələrlə qəbul oldular.

-Sevindirici haldır ki, abituriyentlər sizin etimadınızı doğruldublar.

-Bəli, qarşısına məqsəd qoymuş, yüksək hədəfləri olan, hətta bəzən bu hədəfə çatmaqda inamsızlıq yaşayan hər bir abituriyentimizin düzgün təhsil və tədris prosesi, işinə həvəslə və sevgi ilə yanaşan peşəkar müəllimlərimizin sonsuz əməyi, imtahan sonunda abituriyentin toplamış olduğu nəticəyə əsasən filial rəhbəri tərəfindən düzgün və sistemli ixtisas kodlaşdırması nəticəsində aparıcı ali təhsil müəssisələrimizin ən yüksək ixtisaslarına qəbul olundular.

-Hazırkı tədris ilinə hansı yeniliklərlə start vermisiniz?

-Yeniliklərdən biri yeni tədris ilində dərslərə məhz avqust ayında başlamağımız oldu. Əminik ki, buraxılış fənləri - tədris dili, xarici dil və riyaziyyat fənni üzrə mart ayında keçiriləcək DİM Buraxılış İmtahanına hazırlıq müddətinin daha erkən başlanması abituriyentlərimizin nəticəsinə əsaslı və müsbət təsir göstərəcəkdir.

Bundan əlavə, hər il yay dərsləri təşkil olunur. Dərslər iyun ayının ortalarında başlayır və iyul ayının sonuna kimi davam edir. Yay Məktəbinin keçirilməsində əsas məqsəd tələbələrin il ərzində öyrəndiklərinin təkrar edilməsi, hər hansı mövzunu qavramaqda çətinlik varsa, mövzu üzərində daha ətraflı - dərindən çalışıb çətinliyi aradan qaldırmaqdır.

Digər bir yenilik isə builki məzun abituriyentlərimizdən pedaqoji təhsil müəssisələrinə qəbul olanların asudə vaxtlarını səmərəli keçirmək məqsədilə həm özlərinin praktiki bacarıq əldə etməsi, həm də hazırda şirkətimizdə təhsil almaqda olan abituriyentlərimizə dəstək məqsədi ilə könüllü olaraq pedaqoji təcrübə keçmək təkliflərini dəyərləndirməklə yanaşı, müvafiq pilot layihə əsasında Kaspi Könüllülər Proqramına start verməmizdir.

Yuxarıda qeyd olunanlardan başqa, bütün xidmətlərdə, o cümlədən Abituriyent şöbəsində psixoloji xidmətin göstərilməsinə start vermişik. İnanırıq ki, müasir dövrdə psixoloqlarımız tərəfindən daimi diaqnostikalar tələbələrimizin psixoloji zəif cəhətlərini üzə çıxaracaq, həmin zəif cəhətləri dəf etmək üçün keçiriləcək seminarlar və təlimlər müsbət nəticə göstərəcək.

-Filialdakı təlim-tədris prosesinin üstünlükləri hansılardır?

-Kaspi Təhsil Şirkətinin filialı olaraq üstünlüklərimiz, əsasən, aşağıdakılardan ibarətdir:

-İxtisas qrupları üzrə hər abituriyentə həftədə 3-4 dəfə olmaqla dərs proqramı verilir və bu proqram bütün fənləri əhatə edir. Bu da abituriyentin istər ev tapşırıqlarının həlli üçün ayıracağı, istərsə də gündəlik dərsə gəlməklə yolda sərf edəcəyi vaxt baxımından olduqca üstün bir cəhətdir.

-Tədris prosesində hər bir fənn üzrə mövzuların sonunda Quizlər, hər ay Buraxılış, Mövzu və DİM Qəbul İmtahanlarından əvvəl Ümumi Sınaq İmtahanları keçirilir.

-Davamiyyət hər gün yoxlanılır və şagird dərsə 5 dəqiqədən çox gecikdiyi təqdirdə dərhal valideynə məlumat verilir.

-Filialda kamera nəzarəti ilə daim tələbələrimizin təhlükəsizliyi, təlim-tərbiyə və tədris prosesi kənardan müşahidə olunur, dərslər qeydə alınır.

-Abituriyentlərlə istər nizam-intizam qaydaları baxımından, istərsə də təhsilə maraq baxımından daim tövsiyələr verilir, oxumağa, səylə çalışmağa təşviq edəcək söhbətlər aparılır.

-Kaspi Təhsil Şirkəti Abituriyent, Məktəbli, Etüd və Məktəbəqədər hazırlıq şöbələrində yaratmış olduğu mükəmməl təhsil, tədris prosesi və peşəkar müəllim kollektivi ilə birgə çalışmaqla yanaşı, eyni zamanda hər il müvafiq tarixlərdə Kaspi Təcrübə Proqramı həyata keçirir. Bu təcrübə proqramının mahiyyəti ali təhsil müəssisələrində pedaqoji təhsil almaqda olan tələbələrin, əsasən də 3-cü və 4-cü kurs tələbələrinin gələcək müəllimlik karyeralarında uğur əldə etməsindən, bu sahədə praktiki bacarıqlarını formalaşdırmaqdan ibarətdir. Hər il bu təcrübə proqramından məzun olan və sonda yüksək nəticə qazanan namizədlər şirkətimiz tərəfindən işlə təmin olunurlar.

-Şagirdlərin sosial fəaliyyəti üçün dərsdənkənar hansı fəaliyyətlər həyata keçirirsiniz?

-Sosial cəhətdən fəallıq da filialımızın əsas fəaliyyətlərindən biridir. Belə ki, bayram tədbirləri, intellektual bilik yarışları, müxtəlif oyunlar keçirilir. Nümunə olaraq: 2022-2023-cü tədris ilində Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının yüzilliyi münasibətilə keçirilən tədbirdə abituriyentlərimizin fəal iştirakı ürəkaçan idi. Filialda hər il təşkil edilən Yeni il şənliyi, Novruz şənliyi tələbələrimizin yaddaşında xoş xatirələrlə qalır. Asudə vaxtlarını səmərəli keçirmək məqsədilə şahmat oyunları, həftəsonları ekskursiyalar, futbol və voleybol yarışları təşkil edilir. Eyni zamanda, filialdaxili və filiallararası “Brain Ring” və s. bilik yarışmaları keçirilir, qaliblər müxtəlif mükafatlarla təltif edilir. Bütün bunlarda məqsəd abituriyentlərimizin sosial fəallığını təmin etməkdir.

-Valideynlərlə əməkdaşlıq necə qurulur?

-Valideynlərlə əməkdaşlıq yüksək səviyyədədir. Abituriyent şöbəsinin məsul işçiləri bu baxımdan olduqca nizamlıdır. Valideynlərlə mütəmadi olaraq əlaqə saxlanılır, övladlarının təhsili və nizam-intizamı barədə ətraflı məlumatlar verilir. Hər ay müvafiq olaraq valideyn iclası keçirilir, iclasda tədrislə bağlı ümumi müzakirələr aparılır, valideynlərə müvafiq məsləhət və tövsiyələr verilir. Tədris prosesində hər bir fənn üzrə mövzuların sonunda keçirilən Quizlərin, hər ay keçirilən Buraxılış, Mövzu və DİM Qəbul İmtahanından əvvəl keçirilən Ümumi Sınaq İmtahanlarının nəticələrinin xülasəsi valideynlərə bildirilir.

Eyni zamanda, məlumatın valideynlərə operativ çatdırılması üçün filial rəhbəri, abituriyent şöbəsi üzrə mütəxəssislərimiz, qrupda tədris aparan müəllimlər və valideynlərdən ibarət olmaqla kodlaşdırılmış “whatsup” qruplar yaradılıb. Hər bir abituriyentin özünəməxsus 4 rəqəmdən ibarət kodu olur. Bu kodu filial rəhbəri, abituriyent şöbəsi üzrə mütəxəssislərimiz, qrupda tədris aparan müəllimlər  və valideyn bilir. Bu kod vasitəsilə müəllimlər “whatsup” qrupda şagird barədə olan qeydlərini (ev tapşırıqlarının hazırlanmamasını, hazırlıqsız dərsə gəlinməsini, quiz nəticələrini və s.) valideynə dərhal çatdırırlar. Beləliklə, valideyn övladının təhsili və davamiyyəti barəsində gündəlik məlumatlandırılmaqla yanaşı, gündəlik dərsə hazırlığı baxımından yetərli məlumatı müəllimlərindən də öyrənmiş olur.

-Fəaliyyətinizdə uğurlar arzulayırıq!

Kaspi edu.az

 

20.10.2023