XƏBƏRLƏR

Kaspi Təhsil Şirkəti ictimaiyyət üçün növbəti hesabat verdi

2022/2023-cü tədris ili Kaspi təhsil müəssisələri üçün böyük nailiyyətlərlə yadda qalıb

“Kaspi Təhsil Şirkəti 2007-ci ildən fəaliyyətə başlayıb. Şirkət təhsilin məktəbəqədər pilləsindən başlayaraq, orta təhsil - Kaspi Liseyləri, Abituriyent hazırlığı, Xarici dil kursları və Xaricdə Təhsil xidmətləri ilə birlikdə yaşından asılı olmayaraq, bütün ölkə vətəndaşlarına keyfiyyətli təhsil göstərməyi özünə amal bilir”.

Kaspi Təhsil Şirkətinin 2022/2023-cü tədris ilinin yekunlarına həsr olunan Hesabat tədbirində səslənən bu fikirlər təhsil müəssisəsinin keçdiyi uğurlu yola nəzər salmağa imkan yaratdı.

Kaspi məzunları, onların valideynləri və müəllimlərinin iştirak etdiyi tədbir torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğullarımızın xatirəsini anmaqla başladı. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndi.

Tədbirin aparıcısı Hürzad Vəliyeva diqqətə çatdırdı ki, bu illər ərzində mükəmməl milli təhsilə nail olmaq üçün Kaspi rəhbərliyi, inzibati və müəllim heyəti yorulmadan əzmlə daim çalışır, elm və təhsil sahəsindəki innovasiyaları araşdırır, öyrənir və tədris prosesinə uğurla tətbiq edir: “Bu günə qədər minlərlə Kaspi məzunu ölkəmizin ictimai və iqtisadi, səhiyyə və təhsil həyatının müxtəlif sahələrində uğurla fəaliyyət  göstərir. Hər il olduğu kimi 2022/2023-cü tədris ili də Kaspi əməkdaşları, müəllimləri və məzunları üçün zəhmətli və eləcə də məhsuldar bir oldu. Məhz həmin işləri və nailiyyətləri ictimaiyyətin diqqətinə çatdırmaq üçün Hesabat veririk”.

Biz vədimizə əməl edirik

Kaspi Təhsil Şirkətinin təsisçisi, İdarə Heyətinin sədri Sona Vəliyeva tədbir iştirakçılarını  salamlayaraq “Təhsil Şirkəti olaraq uğurları sizinlə bölüşmək çox qürurvericidir” dedi: “Bu il bizim ən çox qürur duyduğumuz məqam torpaqlarımızın bütünlüklə işğaldan azad olunmasıdır. Biz qalib ölkənin vətəndaşlarıyıq. Azərbaycan dövlətinin təhsil siyasətinə töhfə verən özəl bir şirkət olaraq fəaliyyətimizi davam uğurla etdiririk. Biz 2007-ci ildə fəaliyyətə başladıq. Azərbaycanın ən qabaqcıl ziyalıları bizə dəstək verdilər. Biz onda Azərbaycan ictimaiyyətinə “Sıradan olan bir təhsil müəssisəsi olmayacağıq” – deyə söz verdik. Qarşımızda ambisiyalı fəaliyyət proqramı dururdu. Biz bunu genişləndirərək məktəb açmağa qədər qarşımıza məqsəd qoyduq. Əsas prinsipimiz hər tədris ilinin sonunda hesabat vermək idi. Biz vədimizə əməl edirik. Üstəlik ildən-ilə təkcə fəaliyyətimizi  genişləndirmirik, həm də hər il keyfiyyəti artırmağa nail oluruq. Bu da öz nəticəsini verib. Sevindirici hallardan biri də odur ki, o vaxt qarşımızda məktəb açmaq planımızdan danışmışdıq, bu gün həmin məktəbin nailliyyətlərini də bölüşürük”. S.Vəliyeva qeyd etdi ki, bu uğurun təməlində tədris mərkəzi olaraq, müəllim  kollektivi və ciddi nizam-intizam və peşəkar mühit durur: “Valideynlərlə əl-ələ verməyimiz müəllim-valideyn-şagird üçbucağının daha uğurlu olmasına dəstək olur. Bu il məktəblər olaraq 10, şirkət olaraq 17 illiyimizdir. Hər il hesabatlarla ictimaiyyət qarşısına üzüağ çıxmışıq”. Təsisçi qeyd etdi ki,  Kaspi Liseyləri hər il Prezident təqaüdçüəri ilə fərqlənir: “Bu il bir tələbəmizin adı Prezident təqaüdçüləri siyahısında namizəddir. Ümumilikdə 51 Prezident təqaüdçümüz var. Kaspi məzunlarının faiz hesabı ilə ali məktəblərə qəbul göstəriciləri 98 faizidir. Məzunlarımızın 15 faizi 600, 25 faizi 500, 40 faizi 400 baldan yuxarı bal toplayıblar. Bu, DİM-in qəbul nəticələrinə görə çox yaxşı nəticədir. Keçən tədris ilində dövlət ali məktəblərinə qəbul 91, özəl ali məktəblərə isə 9 faiz təşkil edir. Dünyanın müxtəlif ölkələrində oxuyan məzunlarımız var. Hər il fevral ayında onları toplayırıq. Bu il Kaspi liseylərinin 15 məzunu xarici universitetlərə daxl olub. İngilis dili üzrə hazırlıqlar yüksək səviyədədər. STEAM ART sahəsi üzrə fəaliyyətimiz nəticəsini göstərib. Respublika fənn olimpiadasında 44 medal qazanmışıq. Avqust ayında Liseyimizin şagirdləri ölkəmizi Amerikada təmsil edərək, 15 medalla Azərbaycana qayıtdılar. Bu, artıq bir təhsil müəssisəsi olaraq bizim hazırlıq səviyyəmizin göstəricisidir. İndiyə qədər Kaspi liseylərənin müxtəlif beynəlxalq və respublika olimpiadalarından, yarışmalardan qazandıqları medalların sayı 183-dür. Bu o deməkdir ki, müəllimlərimiz həmişə hazırlaşırlar. Liseylərimizdə şəhid övladları təhsil alırlar. Onlar bizə əmanətdirlər, bizim övladlarımızdırlar”. S.Vəliyeva müəllimlərin peşəkarlığına da toxunaraq valideynlərə səsləndi: “Əziz valideynlər, sizin bizə olan etimadınız əbəs deyil. Müəllimlərimiz 3 mərhələli imtahandan keçirlər. Onların arasında 10 nəfərə yaxın fəlsəfə doktorları fəaliyyət göstərir. Bizə övladlarınızı əmanət etdiyinizə görə sizə minnətdarıq. Bu etimadınızı həmişə doğrultmağa və ölkəmizin təhsil siyasətinə yeni-yeni töhfələr verməyə çalışacağıq”.

 

Kaspi peşəkarlığı və əməkdaşlığı

“Bu tədbirdə iştirak edən və etməyən valideynlərimiz var, onların hamısına təşəkkür edirəm. Bundan əlavə, Kaspi-nin rəhbərliyinə və bütün müəllim kollektivinə təşəkkür edir və uğurlar arzulayıram!”- deyə Kaspi Abituriyent xidmətinin rəhbəri Rəsul  Ağayev Kaspi Təhsil Mərkəzindəki yeniliklər haqqında danışdı: “Qazandığımız uğurlar məhz Kaspi peşəkarlığı və əməkdaşlığı sayəsində mümkün olub. 2023/2024-cü tədris ili ilə bağlı Fəaliyyət Planı üzrə işlərimiz uğurla davam edir. Bütün fəaliyyətimizdə bir məqsəd var: abituriyent və şagirdlərin potensiallarına uyğun olaraq bilik əldə etməsi, bu yolda bütün imkanlardan istifadə olunması və imtahanlarda uğur qazanaraq tələbə adını qazanmalarına hədəflənmək. Bu il Kaspi Təhsil Şirkətinin yeni bir xidməti – Tədrisin Onlayn İdarəetmə Sistemi ictimaiyyətə təqdim olunacaq. Biz bunu Kaspi-nin daxili virtual təhsil mühiti halına gətirəcəyik. Valideynlərə bütün məlumatlar ardıcıl ötürüləcək. Hesabatlar, onlayn tədris resursları - bütün bunlar bir mərkəzdən idarə olunacaq və bunlara nəzarət də daha effektiv şəkildə həyata keçiriləcək. Kaspi Təhsil Şirkəti olaraq texnoloji yeniliklərin təhsil sisteminə inteqrasiyasını prioritet hesab edirik”. R.Ağayev qeyd etdi ki, Kaspi Abituriyentdə daha bir yenilik “Kaspi Abituriyent” təqaüdü layihəsi ilə bağlıdır: “Bizim şüarımız var: “Bu günün Kaspi abituriyenti sabahın universitet tələbəsidir”. Eyni zamanda, qeyd edirik ki, bu günün “Kaspi təqaüdçüsü sabahın Prezident təqaüdçüsüdür”. Bu istiqamət üzrə fəaliyyətimizi davam etdiririk. Dərslərin keyfiyyətinin artırılmasına, abituriyentlərin bilik və bacarıqlarının doğru ölçülüb qiymətləndirilməsinə - Kaspi sınaq imtahanlarının keyfiyyətli təşkilinə, valideynlərə və abituriyentlərə tədrisin bütün mərhələlərində dəstək olmağa, şagirdlərin sosial fəaliyyətlərinin düzgün təşkilinə diqqət yönəltmişik. Həmçinin, abituriyentlər üçün bilik və idman yarışları, gəzintilər və s. fəaliyyətlər nəzərdə turulub. Bütün fəaliyyətlərimizin əsas məqsədi şagirdlərin nəticələrinə müsbət təsir göstərməkdir”. R.Ağayev keçən tədris ilinin onun ailəsi üçün də sevindirici olduğunu bildirdi: “Qızım Aysu da uğurlu nəticə göstərən gənclər sırasındadır. ADA Universitetinin tələbəsi adını qazandı”. R.Ağayev gənclərə tövsiyəsini səsləndirdi: “Yalnız öz seçdiyiniz sahəyə  köklənməyin, onun dərinliklərini öyrənməyə çalışın. Daim çalışmağı, öyrənməyi seçin. Seçimləriniz sizin taleyinizi müəyyən edir”.

 

Daha keyfiyyətli təhsil vermək üçün

Kaspi Bakıxanov Liseyinin direktoru Sahil Əliyev Kaspi Liseylərindəki yeniliklər və nailiyyətlər haqqında danışaraq tələbə adını qazanan bütün məzun və abituriyentləri təbrik etdi: “Kaspi Liseyləri Kaspi Təhsil Şirkətinin keyfiyyətli təhsil dezvizinə uyğun olaraq hər il öz proqramını zənginləşdirir və şagirdlərinə daha keyfiyyətli təhsil verməyə çalışır. Bu il də bu ənənəyə uyğun olaraq yeniliklər etmişik. Əsas yeniliklərimiz infrastrukturla bağlıdır. Belə ki, Beynəlxalq Liseyimizin yeni korpus binası istifadəyə verildi. Bakıxanov Liseyində əsaslı təmir işləri görüldü. Bu, şagird və müəllimlərimizin daha rahat yerləşməsini təmin edəcək”. S.Əliyev liseyin tədrisindəki yeniliklərə toxunaraq qeyd etdi ki, bu il kurikulumu inkişaf etdirməklə bağlı addımlar atılıb: “9-cu sinif şagirdlərimiz üçün “Liderlik və menecment” kurikulumu hazırlanıb. Bu, universitet müəllimlərinin iştirakı ilə ərsəyə gəlib. Məqsəd şagirlərimizi gələcək biznes, iş mühitinə hazırlamaq, universitetə və işə müraciət edərkən lazımı bacarıqları formalaşdırmaqdan ibarətdir. Qürur hissi ilə bildirmək istəyirəm ki, dərslər ölkəmizdə qabaqcıl şirkətlərdə və ADA Universitetində çalışan müəllimlər və menecerlər tərəfindən tədris olunur. Bu da bu işə verdiyimiz əhəmiyyətin göstəricisidir. İllərdir ki təhsil kurikulumuna robotiks və STEAM dərslərini əlavə etmişik. Bu, 6-cı sinfə qədər əhatə olunur. Bu tədris ilində isə 7-ci sinifdə şagirdlərimizə proqramlaşdırma dərsləri tədris etməyə başlayırıq. Əminəm ki, bu da tezliklə öz bəhrəsini verəcək”.

 

Valideyn kimi qəlbimiz rahatdır

Hesabat tədbirində iştirak edən valideyn və məzunlar da ürək sözlərini səsləndirdilər.

Keçən tədris ilində Kaspi məzunu olan Əli Cəfərovun atası Vaqif Cəfərov “Oğlum bu il  Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Keçən il də qızım Kaspi-nin məzunu kimi həmin fakültəyə daxil olub. Buna görə Kaspi-nin bütün müəllimlərinə minnətdarlıq edir və işlərinizdə uğurlar arzulayıram!”

“Kaspi rəhbərliyinə təşəkkür edirəm. Verdiyiniz təlim-tərbiyə, hər bir abituriyentə fərdi yanaşma övladlarımızın təhsilində rol oynayıb. Fəxr edirəm ki, bizim övladlarımız belə bir kollektivdən ayrılaraq tələbə adını qazanıblar. Bu sevinc hissini yaşamağı hər bir valideynə arzu edirəm!”-deyə məzun Aysu Ağayevanın anası Suğra Ağayeva çıxış etdi.

Çıxış edən digər valideynlər də “Seçimimiz doğrudur, övladlarımız düzgün istiqamətdədir. Bizim də valideyn kimi qəlbimiz rahatıq”- deyə Kaspi-nin bütün kollektivinə minnətdarlıqlarını bildirdilər.

 

Kaspi bizi arzumuza qovuşdurdu

“Abituriyent olduğum müddətdə ən böyük arzum Bakı Ali Neft Məktəbinə daxil olmaq idi. Kaspi-də aldığım təhsil məni arzuma qovuşdurdu. Buna görə müəllimlərimə minnətdaram!”-deyə Əsmər Kərimli təşəkkürünü bildirdi.

Kaspi Abituriyentin məzunu Üzeyir Babayev çıxış edərək Kaspi-də təhsil aldığı üçün özünü şanslı saydığını söylədi: “Kaspi-də təkcə biliklər aşılamırlar, həmçinin şagirdlərin vətənpərvər ruhda böyümələrinə, təhsilalanların sosiallaşmasına çalışırlar. Biz Kaspi-də dostlar qazandıq, biliklərə yiyələndik. Burda aldığımız təhsilin sayəsində ali məktəb tələbəsi olduq. Buna görə hamımız Kaspi Təhsil Şirkətinə minnətdarıq!”

Tədbirin gedişatında uğurlu nəticələr əldə edən şagirdlər və məzunlar, eləcə də bu nəticələrin əldə olunmasında əziyyəti olan müəllimlər mükafatlandırıldı.

Tədbir sonda kollektiv şəkillər çəkilməsi və tort kəsilməsi mərasimi ilə yekunlaşdı.

Kaspi edu.az                               

 

 

14.10.2023