XƏBƏRLƏR

Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi - Qurban bayramı

Kaspi Təhsil Şirkətinin kollektivi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edir

Qurban bayramı - İslam aləmində ən müqəddəs bayramlardan biridir.

Kaspi.edu.az xəbər verir ki, bu il Qurban bayramı 28-29 iyun tarixində bütün müsəlman aləmində, o cümlədən Azərbaycanda qeyd olunacaq.

Qurban bayramı xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi sayılır. Bu əziz bayram insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edir. Müsəlmanlar xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını, mənəvi dəyərlərə bağlılıqlarını nümayiş etdirirlər.
Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşır, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd edir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və fıravanlığı üçün Allaha dualar səsləndirir, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsini dərin ehtiramla yad edirik. Ölkəmizin rifahı, firavanlığı üçün edilən dualar, torpaqlarımızın işğaldan azad olunmasının doğurduğu Qələbə ovqatı və Allaha şükranlıq hissi ilə kəsilən qurbanlar cəmiyyətimizdə milli-mənəvi həmrəylik ruhunu daha da gücləndirəcək, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.
Kaspi Təhsil Şirkəti xalqımızı dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edir. Etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunmasını arzu edir. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin! 

Qurban bayramınız mübarək olsun!

Kaspi.edu az 

 

27.06.2023