XƏBƏRLƏR

Ulu əcdadlarımızdan bizə qalan ən gözəl yadigar – Novruz bayramı

Kaspi Təhsil Şirkətinin kollektivi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir

Novruz - “yeni gün” deməkdir. Əsrlərin qaynaqlarından süzülüb gələn,  yaddaşlarda  kök salan qədim  bir el bayramıdır. Novruzun gəlişi ilə ölkəmizə yaz gəlir, bahar qədəm qoyur.

Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunur. Novruz gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı bu bayramı yüksək təntənə, ürək sevinci ilə qarşılamağa çalışır. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, nənələr, qız-gəlinlər bayram şirniyyatları - şəkərbura, paxlava, qoğal və s.  bişirir, bolluq və bərəkət rəmzi olan səməni cücərdirlər. Novruz bayramının  xalqımızın həyatındakı rolunu yüksək qiymətləndirən ümummilli  lider Heydər Əliyev: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın  bizə verdiyi ən  gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”- deyə bayrama dəyər verib.

Bu gün də xalqımız Novruz bayramını təntənə ilə qarşılayır. Bayram günlərində və çərşənbələrdə uşaqlar və gənclər qapı-qapı gəzib bayram payı toplayır, müxtəlif oyunlar keçirirlər. Novruz bayramında küsülülər barışır, qohumlar bir-birini ziyarət edir, bayram süfrələri açılır. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır.

Novruz bayramı günlərində Vətənimiz uğrunda canından keçən şəhidlərimizin də xatirəsi unudulmur. Onların məzarları ziyarət olunur, ruhlarına dualar oxunur.

Artıq iki ildən çoxdur ki, işğaldan azad olunan torpaqlarımızda Novruz bayramının - baharın ətri daha yaxşı duyulur, bayram tonqalları qalanır. Xalqımız indi bu bayramı daha böyük şadyanalıqla qeyd edir.

Kaspi Təhsil Şirkətinin müəssisələrində Novruz bayramına həsr olunan silsilə tədbirlərdə ənənəvi olaraq bayramın tarixi kökləri, adətləri haqqında şagirdlərə ətraflı məlumat verildi. Məktəblilərin iştirakı ilə bayramın tarixi dəyərlərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən nümunələr, səhnəciklər nümayiş olundu. Novruz bayramının tarixi, Su, Od, Yel, Torpaq  çərşənbələriylə bağlı adət-ənənələrdən, mərasimlərdən söz açıldı. Şagirdlər həmçinin müxtəlif xalqların Novruz adətləri haqqında öyrəndikləri hekayələri danışdılar, adətlərimizdən ibarət bədii kompozisiyalar təqdim etdilər.

Kaspi Təhsil Şirkəti  Azərbaycan xalqını və dünyada yaşayan soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik edir, ölkəmizə firavanlıq və daimi inkişaf arzulayır!

Kaspi.edu.az 

20.03.2023