XƏBƏRLƏR

"Ürəklə gəl, ürəklə al" xeyriyyə yarmarkası keçirildi

Kaspi Sumqayıt filialında valideynlər xeyriyyə tədbirinə qoşuldular 

“Xeyriyyə yarmarkaları yardımlaşmağa, insanların bir-birinə dayaq durmasına, son tikələrini başqaları ilə bölməyə, zərər çəkənlərin acısına şərik olmağa kömək edir”. Kaspi Uşaq Bağçaları və Kaspi Məktəbəqədər tədris müəssisələri tərəfindən Kaspi Sumqayıt KİDS Filialında təşkil olunan "Ürəklə gəl, ürəklə al" adlı xeyriyyə yarmarkası təkcə filialın müəllim-şagird və valideynlərini deyil, həmçinin ətraf ərazidə yaşayan insanları da xeyriyyəçiliyə sövq etdi.

Sumqayıt KİDS-in dəhlizlərində və otaqlarında stendləri və stolları bəzəyən müxtəlif bəzək əşyaları, milli şirniyyatlar, uşaqların çəkdiyi portretlər, valideynlərin hazırladıqları əl işləri, kitablar, milli suvenirlər və s.in satışından əldə edilən vəsait “Yaşat” (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu), “Yaşama dəstək” (Kəpənək, İxtiyoz və İmmunadefsit xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək fondu) fondlarına və Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlər üçün AFAD-a (Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək fondu) ianə olunacaq.

Xeyriyyə yarmarkasının açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin və qardaş Türkiyədə dağıdıcı zəlzələdən həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edildi.

“Kaspi”nin ənənəsi

“Biz həqiqətən xeyirxahlıq edən xalqıq”- deyə tədbiri giriş sözü ilə açan Kaspi Təhsil Şirkətinin baş direktor müavini Aydın Əliyev qeyd etdi ki, xeyriyyə tədbirləri keçirmək, yardımlar etmək Kaspi Təhsil Şirkətinin təkcə ənənəsi deyil, həm də  sosial məsuliyyətindən qaynaqlanır: “Biz həmçinin təhsil müəssisəsi olaraq yardımlaşma, paylaşma hissini, xeyriyyəçiliyin gözəl bir hiss olduğunu şagirdlərimizə ötürməyə çalışırıq. İstər “Yaşat”, istər “Yaşama dəstək” fondlarına, istərsə də qardaş Türkiyədə zəlzələdə həlak olanların ailəsinə və zərər çəkənlərə müxtəlif yardımlar etmişik. Bu aksiyalar hələ də davam etməkdədir”. “Yaşat” fonduna olan yardımlardan danışan A.Əliyev qeyd etdi ki, bir qisim şəhid və qazi övladlarının Kaspi təhsil müəssisələrində ödənişsiz təhsil alması təmin olunub, bir qisminin də ödənişli təhsil almalarına böyük endirimlər edilib: “Müxtəlif xəstəliklərdən əziyyət çəkən körpə balalarımızla bağlı keçirdiyimiz xeyriyyə tədbirindən toplanan məbləği “Yaşama dəstək” fonduna köçürmüşük. Eyni zamanda, Türkiyədə zəlzələdən zərər çəkmiş bacı və qardaşlarımıza  yardım məqsədilə qardaş ölkəyə ilk yola salınan 15 TIR-dan biri Kaspi Təhsil Şirkətinə məxsus idi. Orada 170 tam komplekt yataq dəsti, müxtəlif geyimlər, ərzaq qutuları və s. var idi.110 min TL birbaşa yardım, daha sonra valideynlərin dəstəyi ilə olan 220 min TL yardımları AFAD-a köçürdük”. A.Əliyev qeyd etdi ki, keçirilən sorğu nəticəsində valideynlərin həm “Yaşat”, həm “Yaşama dəstək”, həm də AFAD-a vəsait köçürmək istədikləri müəyyənləşib: “Xeyriyyə yarmarkasını da buna görə təşkil edib seçimi sizin ixtiyarınıza verdik. Bu gün yarmarkada alış-veriş etməklə siz fondlara öz dəstəyinizi göstərmiş olacaqsınız. Yarmarkada fəallığınıza görə hər birinizə təşəkkür edirik!”   

Xeyriyyəçilik hər zaman davam edəcək

Kaspi Təhsil Şirkətinin təsisçisi və İdarə Heyətinin sədri Sona Vəliyeva yarmarkaya qatılan valideynlərə, tədbirin təşkilində yaxından iştirak edən müəllim və şagirdlərə minnətdarlıq etdi: “Yardımlaşma, kiməsə kömək etmək, əl tutmaq insanın qəlbində rahatlıq tapması deməkdir. Bu yarmarkaya qatılan insanlar onun mahiyyətini çox gözəl anlayırlar. Qoy bu tədris müəssisəsində oxuyan, tərbiyə alan uşaqlar da öz tikələrini başqaları ilə bölməyi öyrənsinlər, xeyriyyəçilik ruhunda böyüsünlər. Bu, böyük keyfiyyətdir”. S.Vəliyeva qeyd etdi ki, hər zaman bu xeyriyyəçilik davam edəcək: “Bu tədbirdə yaxından iştirakınız üçün sizə minnətdaram!”

Şəhid kapitan Vüqar Nəcəfovun anası Şəmsiyyə Yusifova çıxış edərək qeyd etdi ki, belə tədbirlər təkcə yardım məqsədini həyata keçirmir, həm də insanlar arasında ünsiyyəti yaxşılaşdırır: “Kaspi Təhsil Şirkətinin həyata keçirdiyi xeyriyyəçilik aksiyaları içərisində bu tip tədbirlər də mühüm yer tutur. Belə tədbirlərlə daim zərər çəkən, ehtiyacı olan insanlara töhfə verilir. Həmçinin bu tədbirlər biz şəhid analarına da mənəvi kömək olur. “Kaspi” xeyriyyəçiliyini daim davam etdirir. İki nəvəm Kaspi liseyində ödənişsiz oxuyur. Buna görə təhsil müəssisəsinin rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlığımı bildirirəm!”

Həm iştirakçı, həm təşkilatçı

Xeyriyyə yarmarkasında Kaspi KİDS-in Sumqayıt, Xırdalan və Masazır filiallarının müəllim kollektivi və valideynlər fəal iştirak etdilər.

Kaspi Təhsil Şirkətinin baş direktor müavini Əli İsgəndərov yarmarkanın təşkilində valideynlərin övladları ilə birgə 2 istiqamətdə - təşkilatçı (satıcı) və iştirakçı (alıcı) kimi iştirak etdiklərini bildirdi: “Valideynlərlə müəllimlər yarmarkanın təşkilində birlikdə fəaliyyət göstərirlər. Yarmarka yüksək səviyyədə təşkil olunub və fəallıq çox yüksəkdir”.

Kaspi Uşaq Bağçası Sumqayıt Filialının direktoru Vasif Əliyev də yarmarkanın yüksək səviyyədə təşkilindən razılığını bildirdi: “Tədbirə qatılanların hamısı yüksək fəallıq nümayiş etdirdilər. Xeyriyyə yarmarkası olduğu üçün hamı birlik göstərdi. Valideynlər həm iştirakçı, həm də təşkilatçı kimi yaxından iştirak etdilər”. V.Əliyev belə tədbirlərin mənəvi əhəmiyyəti olduğunu da qeyd etdi: “Belə yarmarkalarda iştirak edən uşaqlar erkən yaşlarından paylaşmağı, bölüşməyi öyrənirlər. Onlarda mərhəmət duyğuları tərbiyə olunur”.

Kasp KİDS Masazır Filialının direktoru Həmayıl Fərhadova rəhbərlik etdiyi kollektivin yarmarkada fəal iştirakından məmnunluğunu ifadə etdi: “Valideynlər çox ürəklə tədbirə qatıldılar. Onlar hətta tədbirdən öncə bizimlə birlikdə təşkilati işlərdə iştirak edirdilər. Bu cür tədbirlərdən əldə edilən vəsait kimlərinsə probleminin həllinə yönəlir. Digər tərəfdən, uşaqlar həm xeyriyyəçiliyin mahiyyətin anlayır, həm də əylənirlər”.

Kaspi KİDS Xırdalan Filialının müəllimi Gülşən Axundova qeyd etdi ki, Kaspi müəssisələri bu tədbirlə insanların bir-birinə yardımına dəstək olur: “Tədbirə qatılan insanların hamısı – müəllimlər, valideynlər və şagirdlər xeyriyyəçilik üçün bacardıqları köməyi əsirgəmirlər. İnsanlar bilirlər ki, onların dəstəyi kiminsə həyatını xilas edir, kiminsə dərdinə dərman olur”.

Valideyn Zaur Allahverdiyev yarmarkada özü də daxil olmaqla valideynlərin fəal iştirak etdiyini bildirdi: “Biz tanıdığımız insanlara da xeyriyyə yarmarkasında yaxından iştirak etməyi tövsiyə etmişik. Çünki yarmarka zərər çəkən, ehtiyacı olan insanlara yardım məqsədi daşıyır. Biz də bu tədbirdə iştirak etməyi özümüzün mənəvi borcumuz hesab elədik. Bu hissi övladlarımıza da başa salmağa çalışırıq ki, onlar böyüyəndə başqalarına kömək etməyi özlərinə mənəvi borc bilsinlər. Buna görə “Kaspi”yə təşəkkür edirəm!”

Yarmarkada balaca şagirdlərimiz öz valideynləri və müəllimləri ilə birlikdə müxtəlif stendlərdə satışlar təşkil etdilər.

Tədbir çərçivəsində həmçinin uşaqlar maraqlı şou proqramlara, yarışmalara, master-klaslara qatıldılar. Uşaqların hazırladıqları rəngarəng mahnı, rəqs nümunələri, Novruz bayramının simvolları olan Kosa, Keçəl, Bahar qız və Çırtdanın qonaqları salamlaması, əyləncəli proqramları yarmarka iştirakçılarına xoş ovqat bəxş elədi. İştirakçılar həm əyləndilər, həm də xeyriyyəçilik kimi gözəl duyğudan zövq aldılar.    

Xatırladaq ki, Xeyriyyə yarmarkasının martın 4-də, saat 11.00-da Bakı şəhəri, Xətai rayonu, Xocalı pr. 57A, Kaspi Liseyi Ağ şəhər filialında növbəti açılış və yekun tədbiri keçiriləcək.

 

Yarmarkaya giriş sərbəstdir. Hər birinizi xeyriyyə yarmarkasında gözləyirik!

Kaspi.edu.az

 

06.03.2023