Kədəriniz kədərimizdir, Türkiyə!
Kaspi Təhsil Şirkətinin kollektivi qardaş Türkiyədə baş verən zəlzələ ilə bağlı insan tələfatına görə başsağlığı verir

Fevralın 6-da qardaş Türkiyənin cənub-şərq əyalətlərində baş vermiş güclü zəlzələ çoxsaylı insan tələfatına və böyük dağıntılara səbəb olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək zəlzələ nəticəsində baş verən insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini deyib. Prezident zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırıb, yaralananların tezliklə şəfa tapmasını diləyib. Azərbaycan Prezidenti qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır: “Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır”-deyə dövlətimizin başçısı qeyd edib.
Qeyd edək ki, dövlətimizin başçısının tapşırığına əsasən, 420 nəfərdən ibarət xilasedici heyət artıq qardaş ölkəyə göndərilib və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayıblar.
Prezident İlham Əliyev vurğulayıb ki, ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yaxın vaxtlarda qardaş ölkəyə yola salınacaq.
Türkiyə Prezidenti bu qardaş dəstəyinə görə dövlətimizin başçısına və Azərbaycan xalqına minnətdarlığını ifadə edib.
Kaspi Təhsil Şirkəti də Türkiyənin cənub-şərq əyalətlərində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar, eləcə də böyük dağıntılarla əlaqədar qardaş Türkiyə xalqına başsağlığı verir: “Təhsil müəssisəsi olaraq bu çətin günlərdə Türkiyə Respublikasının və qardaş türk xalqının yanındayıq. Həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Türk xalqının gücü və müqavimətinin bu fəlakətin tezliklə aradan qaldırılmasına kömək edəcəyinə inanırıq!”
Kaspi Təhsil Şirkəti olaraq bu dəhşətli zəlzələdə həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik!
Kaspi.edu.az