XƏBƏRLƏR

"Müəllimə peşəkar dəstək" adlı seminar keçirilib

Kaspi KİDS və Kaspi uşaq bağçalarının müəllimləri seminarda iştirak ediblər

Kaspi Kids və Kaspi Uşaq bağçalarının müəllimləri üçün təşkil olunan “Müəllimə peşəkar dəstək” adlı seminar iştirakçı müəllimlərin təcrübə qazanmasında və nəzəri biliklərə yiyələnməsində böyük əhəmiyyətə malik olub.

Kaspi Bakıxanov Liseyində keçirilən seminarda 130-dan çox müəllim iştirak edib.

Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin üzvü, Kaspi KİDS və uşaq bağçalarının rəhbəri Əli İsgəndərov kaspi.edu.az- a seminar haqqında məlumat verərək bildirib ki, seminara Kaspi KİDS və Kaspi uşaq bağçalarının bütün müəllimləri, həmçinin nümayəndəliklərin əməkdaşları cəlb olunub: “Monitorinqlərin nəticəsinə uyğun olaraq müşahidə etdiyimiz boşluqları aradan qaldırmaq üçün seminarlar təşkil etdik. Seminarın keçirilməsində  məqsəd birinci yarımildə dərs müşahidələri zamanı inkişafa ehtiyac olan sahələr üzrə pedaqoji nəzəriyyələri kollektivə çatdırmaq, qabaqcıl təcrübələri paylaşmaq və müzakirələr aparmaq idi”. Ə.İsgəndərov həmçinin seminar zamanı çıxış edərək bağça və KİDS-lərin kollektivinə təşəkkür edib: “Müəllimlərin uşaqların inkişafında vacib və məsuliyyətli rolları var. Əgər uşaqlara bir kitab kimi yanaşsaq, müəllimlər bu kitabın ilk yazıçılarıdır. Hesab edirəm ki, bu tip seminarların müəllimlərin inkişafında və yenilikləri öyrənməsində mühüm rolu olacaq”. 

 

Oyunların uşağın həyatında rolu

Məktəbəqədər və milli kurrikulumlar üzrə akademik menecer Aytəkin Şirinzadə seminarda

Kaspi Uşaq Bağçası və Kaspi KİDS məktəbəqədər hazırlığın fəaliyyəti haqqında ətraflı məlumat verib: “Bu gün elə müəllimələrimiz var ki, “Kaspi”nin ilk günlərindən fasiləsiz olaraq filiallarımızda fəaliyyətlərinə uğurla davam edirlər. Onların savadları, təcrübələri və uğurları gənc kadrlarımız üçün daim örnək və nümunədir”. A.Şirinzadə  “Oyunların təşkilində müəllimin rolu” mövzusunda çıxış edərək “Oyun uşaqlar üçün böyüklərin iş fəaliyyəti qədər dəyərlidir. Uşaq oyunda özünü necə aparırsa, gələcəkdə işləyəcəyi yerdə də bir çox hallarda özünü elə aparacaq. Beləliklə, gələcəyin lideri oyun oynayaraq təhsil alır..."- deyə qeyd edib. A.Şirinzadə tövsiyə edib ki, tək Kaspi müəllimləri deyil, hətta bütün müəllimlərimiz çalışmalıdır ki, oyun prosesində  uşaqların iştirakını təmin etsinlər və qrupda  fəal mühit yaratsınlar: “Oyun zamanı uşaqlara sərbəstlik vermək və lazım gələndə onları istiqamətləndirmək lazımdır. Təhsilin istənilən pilləsində oyunlardan məqsədli istifadə uşaqların  nailiyyətinə müsbət təsir edir”.

Seminarda Kaspi Əhmədli uşaq bağçasının meneceri Kamilə Əlayi təqdim olunan “Hərəkətli oyun”, “Yaradıcı oyun”, “İntellektual oyun”, “Didaktik oyun”,  “Şifahi - sözlü oyun”, “Zəka oyunu” və s. oyunlarla praktik hissəsində maraqlı oyunları təşkil edib və əhəmiyyətini nümayiş etdirib.

Seminarda iştirak edən müəllimlər böyük zövq aldıqlarını və nəzəri-praktik biliklərə yiyələnmələri ilə bağlı təəssüratlarını bölüşdülər.

 

Daxili seminarların əhəmiyyəti

Kaspi Ağ Şəhər Bağçasının meneceri Könül Əliyeva qeyd edir ki,  seminarda bağça və KİDS sahəsində az təcrübəsi və yenilikləri öyrənməyə ehtiyacı olan, həmçinin dərslərinə əyləncə  qatmaq istəyən hər bir müəllim üçün çox faydalı mövzulara toxunulub: “Hal-hazırda Kaspi Bağça və KİDS-lərində dərslərin daha canlı  keçilməsi əsas müzakirə mövzularımızdandır. Tədbirdə Kamilə Əlayinin müəllimlərə əyani olaraq və onların iştirakı ilə oyunların necə təşkil olunması nümayiş etdirildi. Seminarın bu hissəsi xüsusi maraq və həyəcanla qarşılandı. Aytəkin xanım dərslərin təşkilində diqqət edilməli olan məqamları önə çəkdi. Seminarda “Nağıl saatı”nda iştirak etmiş müəllimlərin xüsusi qeyd edilməsi və qiymətləndirilməsi əziyyət çəkən hər müəllimə dəyər verildiyinin göstəricisi idi. Əminəm ki, seminar müəllimlərin inkişafında böyük rol oynayacaq. Belə tədbirlərin daha çox təşkil edilməsinin müəllimlərin inkişafında əhəmiyyəti böyükdür. Kaspi Təhsil Şirkətinin üstünlüklərindən biri də öz müəlliminə dəyər verib daxili seminarlarla inkişaf etdirməsidir”.

Müəllimlərin peşəkarlığının daha da artırılması

Kaspi Bakıxanov bağçasının direktoru Nuranə Abbasova seminarın nəzəri və praktik bilgilərlə zəngin olduğunu, daha çox təcrübi çalışmalara üstünlük verildiyini bildirir: “Seminarda həkim-psixiatr Ramil Hüseynzadənin “Uşaqlarda özünə inam yaratmanın yolları”, Aytəkin Şirinzadənin “Oyunların təşkilində müəllimin rolu”, Kaspi Uşaq Bağçası Əhmədli filialının direktoru Kamilə Əlayinin “Oyunun praktik hissəsinin təşkili metodikası” barədə çıxışları maraq doğurdu. Yerli təcrübələrə əsaslanaraq seminarda qaydalı-qaydasız oyunlar, komanda işi, süjetli-rollu oyun, musiqi, hərəkət və rəqs kimi üsullardan istifadə edildi. Valideynlərlə iş, öyrənmə mühitinin qurulması, məktəbəqədər yaşlı uşaqların sosial psixoloji adaptasiyası, sinfin idarə olunması və s. mövzulara da toxunuldu. Məqsəd müəllimlərimizin peşəkarlığının daha da artırılması idi. Ümid edirik ki, bu seminar nəticəsində müəllimlərimiz növbəti yarım ildə daha da fəal çalışacaqlar”.

“Nəyi necə etməliyik?”

KİDS bölməsi üzrə müəllim Səadət Hüseynlinin sözlərinə görə, Kaspi-nin təşkil etdiyi seminar indiyə qədər iştirak etdiyi digər tədbirlərdən bir neçə müsbət cəhəti ilə fərqlənib: “Bir seminarda həm psixoloji, həm nəzəri həm də praktik məlumatlara yiyələndik. Mövzular  KİDS müəllimləri üçün çox aktual olduğu üçün xüsusi ilə diqqətimizi çəkdi. Ən önəmlisi odur ki, biz seminarda “nələri etməliyik?” sualına nəzəri məlumatlar almadıq, “nəyi necə etməliyik?” sualına əyani cavab aldıq, təcrübə əldə etdik”.

Həkim-psixiatr Ramil Hüseynzadənin yetişdirdiyimiz, uşaqlarda “özünəinam” hissinin formalaşması haqqında çıxışı haqlı olaraq bu prosesə özümüzdən başlamalı olduğumuzu təlqin etdi. Yəni özünəinamlı müəllimin şagirdləri də özü kimi yetişəcək. Aytəkin Şirinzadə isə bizə hər gün həyata keçirtdiyimiz idman və oyunların əhəmiyyətindən, düzgün vaxt bölgüsündən, oyunun növlərindən danışdı. Seminarda oyunların praktik hissəsi də nümayiş etdirildi. İştirakçıların da oyuna cəlb edilməsi treninqlərin yorucu olmamasına səbəb oldu. Seminarımız 4 saat davam etsə də çox maraqlı, öyrədici və əyləncəli keçdi. Əminəm ki, mənim kimi digər müəllim yoldaşlarımız da həm bu seminarda yetərincə maarifləndi, həm də zamanları maraqlı keçdi”.

Seminarda bəzi müəllimlərə hədiyyələr təqdim olunub.  Kasp-nini tədbirlər fəaliyyət planında qeyd olunan “Nağıl saatı” zamanı fəallıq göstərən müəllimlərə -Adilə Adıgözəlova, Sevda Quliyeva, Fəxranə Kazımova, Ülviyyə Şahpələngova, Savad Hacıyevaya və Kaspi KİDS-də tədris olunan dərslərin rus dilinə tərcüməçisi olan Rəqsanə Xanlarovaya Azərbaycanın milli simvolu olan “Kəlağayı” hədiyyə edilib.

Seminar iştirakçıları müəllimlərin təkmilləşməsinə xidmət edən bu tip tədbirlərin təşkilinə görə Kaspi Təhsil Şirkətinin rəhbərliyinə minnətdarlıqlarını  bildiriblər: “Seminarın təşkilində əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk. Bütün müəllimlərimizə uğurlar arzulayırıq!”

Kaspi.edu.az

 

03.02.2023