31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
Bu tarixin rəsmiləşdirilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır
Hər il dekabr ayının son günü Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olununur. Bu bayram dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.
Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəeqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilib. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu sayır. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dekabrın 31-də qeyd olunması təsadüfi deyil.
Bu tarixin rəsmiləşdirilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi. Bu hadisədən doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31- nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. Beləliklə, bu tarix dünya azərbaycanlılarının hər il yüksək sevinclə qeyd etdikləri milli bayrama çevrildi.
Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi, onların təşkilatlandırılması və güclü Azərbaycan diasporunun formalaşdırılması ölkəmizdə dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Prezident İlham Əliyev ulu öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir.
Hazırda dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlı yaşayır. Həmrəylik günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir.
Kaspi Təhsil Şirkəti bütün dünya azərbaycanlılarını Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edir!
kaspi.edu.az