XƏBƏRLƏR

Xurşudbanu Natəvan - fədakarlıq və mərhəmət mücəssəməsi

Kaspi Liseyində “Şuşa günəşinin poetik portreti” kitabının təqdimatı keçirildi

“Xurşudbanu Natəvanın yaradıcılığı xalqa məhəbbət ruhuna çevrilmiş, xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir”. Prezident İlham Əliyevin  Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Sərəncamında yer alan bu fikirlər təkcə görkəmli şairə və dövlət xadimini Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan söz ustası kimi deyil, həm də bir xeyriyyəçi, Vətəninin azadlığı və inkişafı uğrunda çalışan fədakar vətənpərvər kimi dəyərləndirir.

Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan olunması münasibətilə Kaspi Təhsil Şirkətinin dəstəyi ilə işıq üzü görən “Şuşa günəşinin poetik portreti” adlı kitabda toplanan görkəmli şairəyə həsr edilən şeirlər və poemalar, habelə “Xan qızı” bulağına və güllələnmiş büstlərə yazılan poetik nümunələr təkcə Xurşudbanu Natəvanın yaşadığı dövrü, xan qızının xeyriyyəçiliyini əks etdirmir, həmçinin ədəbiyyatdakı mövqeyinə güzgü tutur.

“Şuşa günəşinin poetik portreti” Qarabağ savaşlarında, Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımıza və canını torpaq uğrunda fəda  etməkdən çəkinməyən igidlərimizə-qazilərimizə ithaf olunub. Kitabda Xurşudbanu Natəvanın şəxsiyyətinə və yaradıcılığına dərin məhəbbət və ehtiramın ifadəsi olan şeirlər və poemalar, eləcə də şairə haqqında dəyərli fikirlər yer alıb.

Liseyin xor kollektivinin ifa etdiyi Azərbaycanın Dövlət Himni Kaspi Liseyinin Bakıxanov filialında keçirilən təqdimat mərasiminin iştirakçılarını ayağa qaldırdı. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. 

Vətənin əsgəriyəm!

Tədbirdə qonaq olan şair publisist, Yazıçılar Birliyinin üzvü Maşallah Məftun çıxış edərək torpaqlarımızın işğaldan azad olunmasında canından keçən şəhidlərimizin ruhuna, rəşadətli ordumuza, igid qazilərimizə, qətiyyətli Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirdi: “Biz bu yolu rahat gəlməmişik. İki əsrdən çoxdur ki, torpaqlarımızı itirə-itirə gəlirdik. İlk dəfədir ki, Azərbaycan öz torpaqlarını geri alır. İndi biz bu Zəfər gününü böyük fəxarətlə qeyd edirik. Dişlə, dırnaqla qazandığımız torpaqlar siz gənclərə əmanətdir! Hamımız bir olmalı, Vətənimizin azadlığı və inkişafı uğrunda birgə çalışmalıyıq. Mən indi təqaüddəyəm, amma həmişə Vətənin əsgəriyəm!”

Xan qızının ruhu buradadır...

Kitabda Natəvana həsr olunan şeirlərin və poemanın müəllifi, şairə, YB-nin üzvü,  Zərəngiz Qayalı nəşri Xan qızı Natəvanın ruhuna layiqli töhfə adlandırdı: “Xan qızı ürəyi Vətən və xalq məhəbbəti ilə döyünən, xalqın rifahı və mənafeyi yolunda hər cür çətinliklərə dözən şairə kimi tarixə düşüb. Xan qızına həsr olunan bu kitab onun timsalıdır. Elə bil Xan qızının ruhu buradadır. Elə bilirəm, Qarabağ bu gün bizə qonaq gəlib. Bu sevinci bizə yaşadan  insanlara, Prezident İlham Əliyevə minnətdarlıq edirəm, şəhidlərimizin ruhu qarşısında baş əyirəm!”

Qarabağın “dürr-i yektası”- Xurşudbanu Natəvan

“Xurşudbanu Natəvan haqqındakı bu kitab həm ədəbiyyatsevərlər, həm Natəvan yaradıcılığına məhəbbət bəsləyənlər, həm də ədibin irsinin tədqiqatçıları üçün zəngin mənbədir”- deyə Kaspi Təhsil Şirkətinin təsisçisi, filologiya elmləri doktoru Sona Vəliyeva çıxış edərək  qeyd etdi ki, şairə haqqında dövrünün və çağdaş dövrün görkəmli adamlarının kitabda yer alan fikirləri Xan qızının yaradıcılığına, şəxsiyyətinə, eləcə də el-obası üçün gördüyü geniş ictimai əhəmiyyətli işlərə dərin ehtiramın ifadəsidir: “Bu kitab vasitəsilə oxucu İbrahim Xəlil xanın nəvəsi, Mehdiqulu xan Cavanşirin qızı Natəvanın həyatı, yaradıcılığı ilə yanaşı, dövrün siyasi hadisələrinə şairənin yüksək zəka ilə yanaşmasını ona olan poetik nümunələrdən öyrənir”. Təsisçi diqqətə çatdırdı ki, bu kitab Kaspi Təhsil Şirkətinin Prezident İlham Əliyev tərəfindən elan olunan “Şuşa İli”nə kiçik bir töhfəsidir: “Bu gün işğaldan azad olunan  Şuşada genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlarla Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı, eləcə də 2022-ci ilin “Şuşa İli” elan olunması ilə sanki şairənin ruhu öz ata-baba yurduna dua edən bir mələk timsalında qayıdıb”. S.Vəliyeva qeyd etdi ki, tarixdə adı qalan şəxslər Vətən, xalq, millət, bəşəriyyət üçün faydalı ömür yaşayanlardır: “Şuşanı canı, qanı, həyatı, bahasına azad edib şəhidlik zirvəsinə ucalan Vətən oğulları kimi. Bu gün Şuşa işğaldan azaddır, Natəvanın büstü öz yurduna qayıdıb. Qayıdıb ki, bir elin sonuncu xanının yeganə qızının ruhu el-obasına duaçı olsun...”

Tədbirdə Xurşudbanu Natəvanın və dövrünün şairlərinin şeirləri əsasında Kaspi liseylərinin şagirdlərinin iştirakı ilə hazırlanan səhnəciklər təqdim olundu, şeirlər səsləndi və rəqslər nümayiş etdirildi.

“Şuşa günəşinin poetik portreti” nəşrini Şuşa şəhərinin -270, Xurşudbanu Natəvanın - 190 illiyinə layiqli hədiyyə adlandırmaq olar. Kitab həmçinin Kaspi Liseylərində “Şuşa İli”nə, Zəfər Günümüzə həsr olunan silsilə tədbirlərin davamıdır.

Kaspi.edu.az

25.11.2022