Zəfər Günü - milli qürurumuzun təntənəsi
Azərbaycan xalqı Zəfər Gününü böyük fəxarətlə qeyd edir

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının tarixinin ən qürurlu və şərəfli günüdür. Vətən Müharibəsində şanlı Qələbə çalan Azərbaycan xalqı özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. 44 gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Qarabağın tacı olan Şuşa şəhəri işğaldan azad edildi. Ali Baş Komandan İlham Əliyevin yenilməz və qətiyyətli iradəsi, sərkərdəlik qabiliyyəti Ağdam, Kəlbəcər və Laçın rayonlarını qan tökülmədən Azərbaycana qaytarmağa nail oldu. Rəşadətli Azərbaycan Ordusu işğaldan azad etdiyi ərazilərimizdə əsl qəhrəmanlıq dastanı yazdı.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər kimi tarixin şərəfli səhifəsinə yazıldı. Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır” sözləri qələbəmizin simvoluna çevrildi.
Bu gün müzəffər ordumuzun rəşadəti, xalqımızın birliyi, Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu”nun gücü ilə üçrəngli bayrağımız işğaldan azad olunan torpaqlarımızda dalğalanır.
Ölkə başçısının Sərəncamı ilə hər il Noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Zəfər Günü xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilib.
Bu gün bütün Azərbaycan xalqı dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən, bu misilsiz qələbənin sevincini bizə yaşadan şəhidlərimizin ruhu, qazilərimizin mətinliyi qarşısında baş əyir, onların xatirəsini dərin ehtiramla yad edirlər.
Kaspi Təhsil Şirkəti Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, torpaqlarımızın azad edilməsi uğrunda canından keçən şəhidlərimizə Tanrıdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayır!

Zəfər Günümüz mübarək!