XƏBƏRLƏR

Prezident təqaüdünə namizədlər mükafatlandırıldı

Kaspi Təhsil Şirkəti 2021/2022-ci tədris ilindəki fəaliyyəti ilə bağlı ictimaiyyətə hesabat verdi

Kaspi Təhsil Şirkəti ötən tədris ilinin yekunlarına dair hesabatını ictimaiyyətə təqdim edib.  “Milli təhsil amalımızdır” şüarı ilə 15 il əvvəl fəaliyyətə başlayan təhsil müəssisəsi fəaliyyətini müasir dövrün təhsil çağırışlarına və trendlərinə uyğunlaşdıraraq ötən tədris ilində də əhəmiyyətli nəticələr qazanıb.

Hesabat tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Torpaqlarımızın erməni işğalından azad olunması uğrunda şəhid olan övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirə Kaspi Liseylərinin, Kaspi Abituriyent kurslarının, Kaspi KİDS və Kaspi Uşaq Bağçalarının əldə etdiyi uğurların təqdimatı ilə start verilib.  Təqdimatda ictimaiyyətə növbəti tədris ili üçün yeniliklər barəsində də məlumat verilib.

Mərasimi açıq elan edən Kaspi Təhsil Şirkətinin Tədris işləri üzrə Akademik rəhbəri Rəsul Ağayev tədbirdə iştirak edən müəllimləri, tələbə adını qazanan məzun və onların valideynlərini təbrik edib: “15 ildir fəaliyyət göstərən Kaspi Təhsil Şirkəti  istənilən yaş qrupuna ünvanlanan məhsulları ilə xidmət göstərir. İndiyə qədər 10 mindən çox məzunumuz olub. 5 mindən çox məzunumuz uğurlar qazanıb. Onların uğur əldə etməsinə bilik və bacarığımızı həsr etmişik”.  R.Ağayev Kaspi müəssisələrinin ötən ildəki uğurlarından danışaraq, yeni fəaliyyətə başlayan  KASPİ 28 MAY filialı, KASPİ Mikrorayon və Nərimanov filiallarında yeni istifadəyə verilmiş KASPİ MƏKTƏBLİ xidməti, həmçinin KASPİ Elmlər filialında fəaliyyət göstərən KASPİ KİDS xidməti və Kaspi Nəşrləri barədə iştirakçılara məlumat verib: “ Kaspi Abituriyent Kursları bundan əvvəlki illərdəki uğurlarını bu il də təkrarlayıb. Eləcə də  Kaspi Təhsil Şirkəti  sosial məsuliyyətlilik çərçivəsində şəhid və qazı övladlarının Kaspi Təhsil müəssisələrində təhsil almaq imkanlarını genişləndirib. Hal-hazırda Kaspi müəssisələrində təhsil alan 35 şəhid ailəsinin övladı təhsil haqqından azaddır”.

Tədbirdə 2021/2022-ci tədris ilində Prezident Təqaüdçüsü adına namizəd olan 6 (altı) KASPİ məzununun adı və nəticələri xüsusi vurğulanıb. 35 abituriyentin 600-dən yuxarı nəticə göstərdiyi və eləcə də Fidan Qismətlinin I ixtisas qrupu üzrə blok imtahanında maksimum nəticə əldə etməsi və yekunda 690.6 bal toplaması qürurla qeyd edilib. Ümumilikdə, Kaspi Abituriyent kurslarının bu il qəbul imtahanlarında göstərdiyi nəticə 99% təşkil edib.

Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva çıxış edərək bildirib ki, bu il 15 illik yubileyini qeyd edən Kaspi müəssisələrinin uğurları bu illərə sığmır: “Bu illər ərzində müasir dövrün çağırışlarına cavab verən, milli ruhlu, rəqabətə davamlı gənclər yetişdirməyə çalışdıq. Tələbə adını qazanan, xaricdə təhsil almaq hüququ əldə edən məzunlarımız tələbə adını qazanıblar. Onlar Kaspi-nin iş fəaliyyətində üstün tutduğu dürüstlük, mükəmməllik etibarlılıq, məsuliyyətlilik kimi dəyərləri ilə tərbiyə olunaraq  təhsillərini başa vurdular. Məzunlarımızın çoxu bizə iş üçün müraciət edirlər. Biz onları təkcə məzun kimi yola salmamışıq, həmçinin onların fəaliyyətini izləyirik.   Kaspi-də görülən işlər haqqında tarix yazılacaq uğurlardır”. Təsisçi qeyd edib ki, uğurların qazanılmasında böyük müəllim ordusunun əməyi var: “Ulu öndər Heydər Əliyev “Mən müəllim peşəsindən şərəfli peşə tanımıram” deyirdi. Həqiqətən də bu peşədən uca və şərəfli peşə yoxdur. Kaspi-nin müəllimləri bunu öz işləri ilə sübut etdilər. Çünki Kaspi müəssisələrində Vətən, övlad sevgisi olan müəllimlər çalışır. Əməyin ilkin memarı müəllimlərdir. Sizin hər birinizlə qürur duyuram!”

Kaspi Liseyi Bakıxanov filialının direktoru Sahil Əliyev keçən tədris ilinin nəticələrini uğurlu adlandırıb: ” Nəticələrə nəzər salsaq,  bu il də məzunların hamısı qəbul olub. Beynəlxalq Olimpiadalarda şagirdlərimiz qızıl və gümüş medallar qazanıblar. Beynəlxalq Qrinviç Olimpiadasında iştirak edən bütün şagirdlərimiz medallara layiq görüldü. Bütün bunlar Kaspi Liseylərində yüksək və keyfiyyətli tədrisin nəticəsidir”.

Kaspi Ağ Şəhər Liseyinin əvvəlki direktoru, inzibati işlər üzrə müşavir Səbinə Əliyeva “Yaxşı nəticə böyük əmək sərf edir”- deyə bildirib: “Kaspi-nin uğurlu nəticələrini görmək qürurvericidir”.

Kaspi Ağ Şəhər Liseyinin yeni direktoru Rəqsanə Məmmədova “Kaspi” ailəsinin üzvü olduğu üçün məmnunluğunu ifadə edib: “Mən bu gün 15 yaşlı bir gəncin fəaliyyəti ilə tanış oldum. Bu, Kaspi Təhsil Şirkətidir. Belə bir ailə ilə birgə çalışmaq sevindiricidir. Bu gün bilik əldə etmək üçün platformalar çoxdur. Amma Kaspi Təhsil Şirkətində bu biliyi verən, nəaliyyətlər qazanan müəllimlər çalışır. 100 faiz nəticə əldə edən müəllimlər qarşısında yalnız baş əymək lazımdır”.

KASPİ liseyləri üzrə tədris şöbəsinin müdiri Məhəmməd Nağıyev ötən tədris ilində Kaspi Liseyinin məzunlarının əvvəlki illərdəki uğurlarını təkrarladıqlarını,  qəbul imtahanlarında bu il də 100% nəticə göstərdiklərini qeyd edib: “Məzunlarımızdan 18 nəfəri nüfuzlu xarici universitetlərə qəbul olub. Builki məzunlardan Aqşin Əlisoy liseyi gümüş medalla bitirib  və Türkiyənin nüfuzlu universitetlərindən olan MEDİPOL Universitetinə qəbul qazanıb, liseyin digər məzunu Hüseyn Nadirov isə Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı üzrə tam təqaüd qazanaraq KOÇ Universitetinə ÖDƏNİŞSİZ təhsil almaq şansı əldə edib”. M.Nağıyev qeyd edib ki, Kaspi Liseyi uğurlarını davam etdirərək 2021-2022-cu tədris ilində beynəlxalq layihə olimpiadalarında ümumi 10 olmaqla,  8 gümüs, 2 bürünc medal, yerli layihə olimpiadalarında ümumi 40 olmaqla, 11 qızıl, 14 gümüş, 15 bürünc medal qazanıb və bununla da bugünədək liseyin hesabındakı medal sayı 124-ə çatıb.

Mərasimdə builki qəbul imtahanlarında yüksək nəticə göstərən Kaspi Liseyinin və Kaspi Abituriyent Kurslarının məzunlarına və onların valideynlərinə də söz verilib. Valideyn Elmira Əsədova “Xoşbəxtik ki, övladlarımız Kaspi-nin məzunlarıdır”- deyə sevincini bölüşüb: “Övladımın tələbə adını qazanması məhz kaspi müəllimlərinin əməyinin nəticəsidir”.

Digər valideynlər də çıxış edərək Kaspi Təhsil Şirkətindəki tədrisin keyfiyyəti və müəllimlərin peşəkarlığından, həmçinin onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını qeyd ediblər.

Tələbə adını qazanan Fidan Qismətli müəllimlərinə təşəkkür edib: “Yaxşı ki, yolumuz Kaspi-dən keçdi. Biz burada uğurun nə demək olduğunu öyrəndik. Həyatımızda uğur qazandıq, tələbə olduq”.

KOÇ Universitetinin tələbəsi adını qazanan Hüseyn Nadirov tələbəlik sevincini yaşayan bütün məzunları və onların valideynlərini təbrik edib: “Mən Bakıxanov filialında təhsil aldığım 8 il müddətində peşəkar müəllimlərdən öyrəndim.  Kaspi-də uğurlu fərdlərin yetişməsi üçün hər cür şərait var”.

Cəmil Cəmaləddinli də tələbə adını qazanmasına görə Kaspi müəssisələrindəki təhsili dəyərləndirib: “Olimpiadada gümüş medal qazanmağımda Kaspi müəllimlərinin böyük rolu oldu. Bütün müəllimlərimə minnətdaram!”

Tədbirdə qəbul imtahanlarında uğur qazanmış Kaspi məzunlarına və müəllimlərə mükafatlar təqdim olunub.

 

09.09.2022